Ginekologiya / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

aybasi-agrilari.jpeg

12 January 2022 Ginekologiya125

Qadınların yarısından çoxu menstruasiya ağrılarından – aybaşı ağrılardan əziyyət çəkir.

Bu ağrılar necə olur?

Qarnın alt aşağı bölgəsində – hissəsindən başlayır, belə, ayaqlara doğru yayılır. Bu ağrılara da: ürək bulanması, qusma, ishal, tez-tez sidiyə çıxma və bəzən ən ağır hallarda, depressiya ilə müşahidə oluna bilər.

Bu ağrıları yaşayan qadınlar, əgər ki, bunun nədən olduğunu bilərsə, nədən olduğunu öyrənərsə, bunu daha yaxşı, daha rahat keçirə bilər.

Hər ay dediyimiz kimi uşaqlığın daxili divarında bəlli bir qan damarları qalınlaşır və        estrogen və progesteron hormonunun dəyişilməsi nəticəsində o qan kənara atılır. Uşaqlıq əzələdən formalaşan bir orqan olduğu üçün yığılaraq o qanı çölə atır. Bu yığılma zamanı uşaqlığa gələn qanın miqdarı azalır və qan azaldığı üçün oksigen də azalır. Əzələ toxumasında, uşaqlığın daxili divarında “prostaqlandin” dediyimiz maddələrin miqdarı yüksəlməyə başlayır. Bu prostaqlandin də sinir uclarını qıcıqlandırdığına görə biz uşaqlığın olduğu bölgədə – tam qasıq bölgəsində ağrı hiss etməyə başlayırıq.

Birincili və ikincili aybaşı ağrıları

Bu ağrının yaşanma perioduna bağlı və zamanına bağlı biz bunu birincili və ikincili olaraq ayırd edirik. Əgər ki, qadın ilk menstruasiya qanaması ilə birlikdə bu ağrıları yaşayırsa, biz buna birincili ağrı, yəni “birincili dismenoreya” deyirik tibbi olaraq. Amma deyək ki, illərlə ağrısız menstruasiya yaşayır, amma müəyyən bir perioddan sonra ağrı aybaşı qanamalarına qoşulursa, biz buna “ikincili dismenoreya” deyirik. Adətən, ikincili dismenoreyanın altında anatomik pozulma olur. “Endometrioma” dediyimiz yumurtalıq kistaları, uşaqlığın miomaları ola bilər və ya abort prosedurundan, keysəriyyə doğumundan sonra çox gördüyümüz uşaqlıq boynunda daralma nəticəsində qan çölə çıxa bilmədiyinə görə bu qadınlar ağrını sonradan yaşaya bilərlər.

Hansı qadınlarda daha çox görülür?

Kimlər risk qrupu altındadır deyə baxsaq, kimlər, hansı qadınlarda daha çox görülər menstruasiya ağrıları deyə baxdıqda:

  1. Mən genetik faktorlar deyərdim. Yəni ki: anasında, xalasında, bibisində… əgər belə bir aybaşı dövründə ağrılar olan qadınlar varsa, qızlar varsa, bunlarda da görülmə ehtimalı daha yüksəkdir, daha çoxdur.
  2. İkincisi, erkən yaşda menstruasiyaya başlayanlar. 11-12 yaşlarında aybaşı qanamaları başlayanlarda daha çox görülür bu ağrılar.
  3. Ücüncü qrupda, adətən, qeyri-müntəzəm menstruasiyası olanlar və ya həddən artıq çox qanaması olanlar bu risk qrupu altındadır.

Aybaşı ağrısı zamanı həkimə müraciət

Nə vaxt ginekoloqa gedək, həkimə müraciət edək?

Əgər ki, bu ağrılar sizin həyat fəaliyyətinizi pozursa, aybaşı ağrıları yaşadıqda həyatınıza, fəaliyyətinizi davam edə bilmirsinizsə, mütləq müraciət edilməsi lazımdır. Ağrılar sizdə əvvəllər olmayıb, müəyyən bir yaşdan sonra ağrı yaşamağa başlamısınızsa, yenə mütləq həkimə müraciət etmək lazımdır.

Və önəmlisi yaşdır. İrəliləyən yaşla bərabər əgər ki, ağrılar da artır və get-gedə bu ağrının şiddəti daha da artmaya meyillidirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Müalicəsi nədir?

Müalicəsini 2 şəkildə ayıra bilərik: medikal və non-medikal. Yəni dərmanla və dərmansız müalicə şəklində.

Dərmanla müalicələrin başında ağrıkəsicilər gəlir. Həkimə müraciət etmədən də bu menstruasiya başlanğıcından bir gün öncə və ya menstruasiya gördüyümüz gün və ya 1-2 gün sonra istifadə edərək fayda əldə edə bilərik. Amma qadınların çoxu bu menstruasiya qanamasını azaltdığı üçün bu müalicə metodunu sevmirlər.

İkinci bizim ən çox müraciət etdiyimiz, ən çox istifadə etdiyimizdə fayda gördüyümüz dərman qrupu oral kontraseptivlərdir. Bunlar həm menstruasiya nizamsızlığı varsa, aradan qaldırır, həm aybaşı ağrılarını 90 faizə qədər, yəni mükəmməl bir şəkildə menstruasiya ağrılarını azaltmaqda faydalıdır.

Ondan sonra uşaqlıq daxili istifadə etdiyimiz spirallar var – hormonal spirallar. Bunlar da aybaşı zamanı ağrıların azaldılmasında faydalı ola bilər. Və ya dərialtı implantlar olsun, aylıq, 3 aylıq iynələr menstruasiya ağrılarının azaldılmasında faydalıdır.

Dərmansız müalicə

Bəzi xəstələr deyir ki: “Yox, mən dərman istifadə eləmək istəmirəm”. Bunlara ən çox tövsiyə etdiyimiz metod idmanla məşğul olmalarıdır. Bu idmanla məşğul olmaq ancaq ayda 2 gün, 3 deyil, müntəzəm bir şəkildə idmanla məşğul olması və ya tənəffüs idmanlarından istifadə edə bilərlər, yoqa, akupunktur kimi dərmansız metodlarla və ya kalsium, magneziumla zəngin diet eliyərək də bu ağrıları nisbətən də olsa azaltmaqda fayda edə bilərik.

Uzman Dr.Aygün Əkbərova, Cərrah mama-ginekoloq

 

 


amh-analizi-nece-olmalidir.jpeg

20 December 2021 Ginekologiya3

Anti-Müller hormonu son vaxtlar populyardır. Hamı soruşur. “AMH bu qədər çıxdı?!” 

AHM-ya baxmaq lazımdırmı? Xeyr.

AMH-ya bütün sonsuzluq xəstələrində standart olaraq baxmalı deyilik. 

Həm bahalı bir analizdir. Həm də, ehtiyac olmadıqca ucuz olsa belə, baxmalı olmadığımız şeylərə baxmamalıyıq.

Anti-Müller hormonu nədir?

Anti-Müller hormonu (AMH) nə ifadə edir? 

AMH yumurtalıq meydana gətirmə qabiliyyətini göstərən bir göstəricidir. Əlbəttə, bu laborator dəyəri olduğu üçün, hamının başa düşə biləcəyi bir göstərici olduğu üçün daha rahatdır. Amma, biz həkimlər olaraq “antral follikul” dediyimiz metodla yumurta meydana gətirmə qabiliyyəti olan follikulları sayırıq USM ilə. Sayarkən də, onsuz da, o yumurtanın keyfiyyəti ilə bağlı xəstəyə də məlumat veririk və özümüz də məlumat sahibi oluruq. 

AMH analizi nə zaman lazımdır?

Bir qadın 33-34 yaşındadır deyək. Amma yumurtalıqlardakı antral follikul sayı çox azdır. Yaşı ilə uyğun deyil. Baxın, bu vaxtı biz AMH tələb edirik ki, korrelasiya tapaq. Çünkü bizim USM-də gördüyümüz rəqəm obyektiv bir nəticə deyil. Subyektiv bir nəticədir. Onu obyektiv bir qiymətləndirmə metodu olan AMH ilə müqayisə edirik. 

Normal AMH nəticəsi nə olmalıdır?

Yaxşı, AMH neçə olarsa, normal qiymətləndirilir, neçə olarsa xəbərdarlıq verir?

AMH 1-dən çoxdursa, ümumi olaraq, yaşdan asılı olmayaraq normal qəbul edirik. Amma 1-dən aşağıdırsa, artıq “xəbərdarlıq siqnalı” verir. 

Təbii ki, ehtiyac olduğu zaman çox “xilasedici” bir analiz metodudur. Amma standart olaraq hamıda yoxlamağa ehtiyac yoxdur.

Uzman Dr. Olcay Turgut, Cərrah mama-ginekoloq, Süni mayalanma mütəxəssisi


suni-mayalanma-prosesi.jpeg

19 November 2021 Ginekologiya53

Bu gün sizə xəstələrin ən çox maraqlandığı mövzulardan biri olan: “Süni mayalanma”, “Süni mayalanmanın mərhələləri” haqqında məlumat vermək istəyirəm.

Süni mayalanma qərarı verdiyimiz xəstələrdə ilk öncə “Süni mayalanmaya hazırlıq” mərhələsindən başlayırıq. Çox zaman bu mərhələ xəstələr tərəfindən və yaxud həkimlər tərəfindən atlana bilir. Amma bu çox vacib bir mərhələdir. Bu nədir? 

Süni mayalanmaya hazırlıq mərhələsi

Xəstələrin əksəriyyətinin altda yatan hər hansı bir xəstəliyi ola bilər. Xüsusilə, sonsuzluq şikayəti ilə müraciət edən xəstələr irəli yaş qrupunda olarsa və yaxud “polikistik yumurtalıq sindromu” olan hallarda altda yatan hər hansı xəstəlikləri ola bilər. Mütləq bu zaman bir daxili xəstəliklər həkimi ilə məsləhətləşmək lazımdır. Xəstəliyinə görə qəbul etdiyi dərmanlar varsa, onlar mütləq şəkildə nizamlanmalıdır. Əgər hamiləliyə əks göstərişdirsə, o dərmanlar başqa dərmanlarla əvəz olunmalıdır.

Və yaxud əgər xəstənin həyat yoldaşının zərərli vərdişləri varsa… Nə ola bilər? Siqaret istifadə edirsə və yaxud alkoqol istifadə edirsə, hansı ki, bunlar spermanın keyfiyyətinə təsir edir, bu vərdişləri da tərgitməyi məsləhət görülür.

Yumurtalıqların stimulyasiyası mərhələsi

Deyək ki, artıq biz süni mayalanma qərarı vermişik, bu zaman cütlüyümüz aybaşının ilk 3 günü ərzində mərkəzimizə baş vurur, biz bu zaman müəyyən hormonal preparatları təyin edirik xanıma. Bu preparatlar iynə və ya həb şəklində ola bilər. Biz, əsasən, iynə şəklində olan hormonal preparatlardan istifadə edirik.

Məqsədimiz nədir? Məqsədimiz bu iynələr vasitəsilə yumurtalıqların stimulyasiyası, yəni yumurtalıqların oyadılmasıdır ki, bu zaman biz bizə lazım olan qədər optimal sayda yumurta əldə etməyə çalışırıq.

Bizim burada əsas məqsədimiz mümkün olduğu qədər artıq yumurta əldə etməkdir. Eyni siklusda bunu xəstəyə transfer etməsək belə, artıq qalan hissəsini donduraraq digər aylarda istifadə edə bilirik.

Follikulometriya mərhələsi

Aybaşının 3-cü günü hormon analizlərinə baxılaraq xəstəyə uyğun dozada və uyğun protokolla yumurtalıqların stimulyasiyasına başlayırıq. Bundan sonrakı mərhələdə xanım xəstə 2-3 gün aralıqlarla follikulometriya üçün – yəni yumurtalıqlarda yumurtaların böyüməsini müşahidə etmək üçün həkiminə müraciət edir.

Burada əsas vacib olan nüanslardan biri həkim tərəfindən təyin edilən hormonal iynənin vaxtında və düzgün dozada xəstə tərəfindən tətbiq edilməsidir. 

2-3 gün aralıqlarla biz yumurta təqib edərək yumurtalıqların stimulyasiyasını müşahidə edirik və təxminən 8-10 gün çəkən stimulyasiyadan sonra yumurta toplama proseduru həyata keçirilir.

Yumurta çatlatma və yumurta toplama mərhələsi

Yumurta toplama proseduru nədir?

Bu zaman prosedurdan 36 saat öncə “yumurta çatlatma iynəsi” dediyimiz iynə təyin edilir. Bu iynəni verməkdə məqsədimiz yumurtanı çatlatmaq deyil, yumurtaları yetişdirməkdir. Təxminən iynədən 34-36 saat sonra xanım və həyat yoldaşı, ikisi bərabər süni mayalanma mərkəzimizə müraciət edir.

Yumurta toplama günü xəstə ac olmalıdır. Təxminən 15-20 dəqiqə çəkən bir prosedurdur. Ümumi vena daxili anesteziya altında icra edilir. Tamamən ağrısızdır. Prosedurdan təxminən 2 saat sonra xəstə evə göndərilir və həmin gün ərzində istirahət məsləhət görülür.

Yumurta toplama proseduru, demək, transvaginal ultrasəs altında həyata keçirilir. Bu zaman xüsusi iynə vasitəsilə yumurtalıqlardakı follikul mayesi çəkilir və embrioloq tərəfindən həmin mayede olan oositlər, yəni yumurta hüceyrələri ayırd edilir.

Yumurtaların laboratoriyada mayalandırılması

O gün ərzində əldə etdiyimiz yumurta sayısı embrioloq tərəfindən həm bizə, həm də xəstəyə yumurtanın sayı haqqında məlumat verilir. Xəstənin həyat yoldaşı da həmin gün sperm analizi verir və bu zaman embrioloq tərəfindən yumurta hüceyrə ilə sperm laborator mühitində mayalandırılır. 

Prosesdən keçmiş oositlər “inkubator deyilən” – bir növü süni ana bətni kimi bir cihazdır, inkubatora yerləşdirilir və sonrakı günlərdə həmin inkubatordan prosesdən keçmiş yumurta hüceyrələrə baxılaraq, neçəsinin döllənib döllənmədiyi haqqında biz məlumat əldə etmiş oluruq.

Döllənmiş yumurta – embrion transferi mərhələsi

Bizim üçün vacib olan 5-ci gün embrionunu transfer etməkdir. 

Nəyə görə biz 5-ci gün embrion transferinə üstünlük veririk? Çünki daha sağlam, daha keyfiyyətli embrionlar 5-ci günə çatır, nisbətən zəif, yəni genetik strukturunda problem olan embrionlar 2-ci və 3-cü gün öz inkişaflarını saxlayıb 5-ci günə çata bilmir.

Ehtiyac varsa, embrionlar dondurulur

Biz xəstələrimizə 5-ci gün və yaxud da 3-cü gün transferini, ya həmən ay, yəni eyni siklusda və yaxud sonrakı aylarda həyata keçirə bilərik. Bunun qərarını necə veririk? Bunun qərarını vermədən öncə biz bəzi parametrlərə diqqət edirik. Yəni əgər deyək ki, xəstə polikistik yumurtalıq sindromu olan xəstədirsə, biz artıq miqdarda yumurta toplamışıqsa və bu zaman xəstənin həyatı üçün təhlükə yarada biləcək asit varsa və yaxud da ki, hər hansı bir başqa əks göstəriş varsa, biz bu zaman həmin ay xanımı dinləndiririk, əlimizdə olan embrionları dondururuq, sonrakı aylarda sadəcə olaraq ağızdan tablet verilərək uşaqlığın divarının endometriumu hazırlayaraq, dondurulmuş embrionlarımızın donunu açaraq o şəkildə transferimizi həyata keçiririk.

Hamiləliyi gözləmə

Embrion transferindən sonra xəstələrə, progesteron dəstəyi mütləq şəkildə verilməlidir, yəni verilir. Bu zaman xəstələr, xüsusilə, bu dərmanların qəbuluna həkimin uyğun gördüyü şəkildə riayət etməlidirlər. Bu çox önəmli bir haldır. 

Transferdən 10 gün sonra qandan hamiləlik testi yoxlanılır. Əgər süni mayalanma uğurlu bir şəkildə sonlanmışdırsa, bu zaman 10 gün sonra baxdığımız hamiləlik pozitiv çıxacaqdır.

Uzman Dr. Aynurə Həmidova, Cərrah mama-ginekoloq

 


hamile-koronvirusa-yoluxarsa.jpg

14 November 2021 GinekologiyaKoronavirus0

Əslində biz ginekoloqların bilavasitə məşğul olduğu bir mövzu olmasa da, amma bizə də təsir edir.

Ən çox xəstələrimizi narahat edən nədir? Korona keçirdi, baş verən bir hamiləlik var, “Hamiləliyi sonlandırmalıyammı?”

 “Mən hamiləlikdə korona keçirsəm, erkən həftələrdə, körpə qüsurlu ola bilər, inkişafdan qala bilər.” Ona görə hamiləliyi sonlandırmaq üçün müraciət edənlər, hətta sonlandıranlar da var.

Əslində artıq 2 ilə yaxındır ki, bu korona xəstəliyi ilə bütün dünya mübarizə aparır və artıq yeni məqalələr onu göstərdi ki, hələ ki, korona xəstəliyinin xüsusi olaraq anomaliya üzərində bir təsiri yoxdur. Ona görə də erkən trimestrdə, əgər korona xəstəliyi keçirilirsə, hamiləliyin sonlandırılması tövsiyə edilmir, hamiləlik eyni şəkildə davam edir. 

Korona xəstəliyini ginekoloq yox, uyğun mütəxəssis təqib edir

Əlbəttə ki, biz uyğun mütəxəssisə yönləndiririk. Simptomları olan, şübhəli görünən xəstələrdə mütləq korona testi məsləhət görülür və korona pozitiv çıxarsa, uyğun mütəxəssisə yönləndirilir. b O pasiyentin normal korona xəstəliyinin gedişini, təbii ki, bir ginekoloq izləməz, uyğun mütəxəssis izləyər…

Bəzən xəstələr bizdən müalicə tələb edirlər ki, məsələn: “Qızdırmam var, korona simptomları var, öskürək var, nəfəs darlığı. Nə edə bilərəm?” Korona bir ginekoloqun müalicə etdiyi bir xəstəlik deyil. Biz uyğun mütəxəssisə yönləndiririk, istər infeksion xəstəliklər uzmanına, istərsə də ağciyər xəstəlikləri mütəxəssisinə.

Azərbaycanda hamilələr koronavirus əleyhinə peyvənd olunmur

Bilirsiniz ki, Azərbaycanda hamilələrə peyvənd protokolda yoxdur. Yaxud peyvənd olundu bir, həftə sonra öyrənir ki, hamilədir. Çox qorxurlar. Hər gün, bəlkə, onlarca müraciətlər olur: “Peyvənd olunmuşam, amma hamilə olduğumu yeni öyrəndim. Hamiləliyimi sonlandırmalıyammı?” Dünya üzrə tədqiqatlar aparılıb, hamilələrə peyvənd olar. Amma Azərbaycanda hamilələr olunmur. Biz mütləq şəkildə sosial məsafəyə, gigiyena qaydalarına əməl etməyi tövsiyə edirik. Yaxud korona peyvəndi olubsa və hamilə qaldığını öyrənibsə, hamiləlik normal hamiləlik şəklində davam edəcək. Yəni peyvəndin bu günə qədər hamiləlik üzərində bir neqativ təsiri göstərilməyib.

Süni mayalanma və Covid peyvəndi 

Bir də hamiləlik planlayanlar. Xüsusilə, infertil xəstə qrupu, yəni sonsuzluqla müraciət edən xəstə qrupu bizdən arayış istəyir ki, “Biz sonsuzluq müalicəsi alırıq, peyvənd olunmayım” deyə. Elə bir şey yoxdur,. vaksinasiyanı biz də tövsiyə edirik.

Əgər vaksinasiya olundu və həmin ay hamilə qaldısa, bir zərəri olmaz. Eyni şəkildə hamiləlik təqibinə davam edilməlidir. 

Ona görə də bütün pasiyentlərimizə, təbii ki, sosial məsafəyə, gigiyena qaydalarına əməl etməyi tövsiyə edirik. Eyni zamanda, bu gün ölkəmizin dəstəklədiyi bütün növ vaksinasiyalardan hər hansı birinin olunmasını tövsiyə edirik və onların öz sağlamlığı üçün də, gələcəkdə reproduktiv funksiyaları üçün də çox vacibdir, heç bir zərəri yoxdur. Yəni bu gün tibbi yayımlar bunu göstərir və biz də bunu tövsiyə edirik.

Süd verən analar və koronavirus

Süd verən analara Azərbaycanda vaksinasiya məsləhət görülmür. Amma istəyə bağlı etdirənlər də var. Bir zərəri yoxdur. Əksinə düşünürəm ki, çox faydası olacaq. 

Hamilə olduğunu öyrənənlər ikinci doza peyvənd olunmalıdırmı?

İlk dozanı vurdurub hamilə qalıb: “İkinci dozanı vurdurummu?” Dünya praktikasında mütləq şəkildə tövsiyə edilir ikinci dozanın da vurulması. Yəni vaksinasiya tam olmalıdır.

Biz istər hamilələrdə, istər süd verən analarda, istər hamiləlik planlayanlarda bu peyvəndlənmənin müsbət olduğunu, xəstə üçün çox faydalı olduğunu və gələcəyi üçün də çox əhəmiyyətli olduğunu, heç bir zərəri olmadığını düşünürük. Necə ki, digər peyvəndlər, eləcə də korona əleyhinə peyvənd vaksinasiyasını məsləhət görürük.

Uzman. Dr. İlhamə Eldarova, Cərrah mama-ginekoloq 

 


hamileliye-hazirlasmaq.jpeg

1 November 2021 Ginekologiya0

Əgər ki, bir qadın emosional olaraq, psixoloji olaraq hamilə qalmağa hazırdırsa, mütləq “Vücud olaraq da hamilə qalmağa hazırdırmı, hazır deyilmi?” mütləq onun yoxlanması lazımdır. Ən önəmlisi qadının bədən olaraq da hazır olmasıdır. Sağlam ana sağlam körpə deməkdir.

Hamiləlikdən öncə ümumi ginekoloji müayinə

Mütləq ümumi bir müayinə edilməsi lazımdır. Yumurtalıqlardır, uşaqlıqlardır – onların necə olması… Mütləq Pap smear testinin alınması… Qadının normal olaraq, ginekoloji olaraq sağlam olduğuna əmin olmağımız lazımdır.

Hamiləlikdən 3 ay əvvəl fol turşusu qəbuluna başlamaq

İkinci olaraq ən çox tövsiyə etdiyimiz fol turşusunun istifadəsidir. Hamilə qalmadan gündə 400 mg fol turşusu istifadəsini tövsiyə edirik.

Ananın şəkərli diabet kimi xəstəliyi varsa və ya ailədə və ya doğduğu əvvəlki, öncəki uşaqlarda sinir sistemində bir anomaliya varsa, defektli bir uşaq dünyaya getiribsə, biz fol turşusunun dozasını artıraraq 4000 mg tövsiyə edirik. Yenə də hamilə qalmadan 3 ay öncə mütəmadi olaraq istifadə etməsi lazımdır.

İnfeksiya keçirilməyibsə, hamiləlikdən əvvəl peyvənd olunmaq

Üçüncü olaraq “Ananın hamilə qalmadan öncə peyvəndlənmə durumunun kontrol edilməsi. Çünki qızılca, məxmərək, su çiçəyi kimi infeksiyalar hamiləlik zamanı keçirilərsə, həm ananın, həm də körpənin həyatı üçün təhlükəli, bətndaxili qüsurlar, anomaliyalar ilə çox qarşılaşdığımız üçün hamilə qalmadan öncə əgər ki, bu infeksiyalar keçirilməyibsə, peyvəndləmə tövsiyə edirik və bunlar, bu peyvəndlər də canlı peyvəndlər olduğu üçün 1 ay hamiləliyi təxirə salınmasını məsləhət görürük. Eyni şəkildə hepatit A, B, əgər ki, qış mövsümüdürsə, qrip infeksiyalarına qarşı peyvənd olunmasında fayda vardır ki, sağlam bir hamiləlik keçirsin.

Daimi istifadə olunan dərmanlar varsa, hamiləlikdən öncə tənzimlənməsi

Dördüncü, əgər ki, ananın xroniki bir xəstəliyi varsa: şəkərli diabet, təzyiq, hipertiroidi, hipotiroidi və ya revmatoloji xəstəliklər, mütləq o xəstəliklərlə bağlı həkimə müraciət edilməsi, əgər ananın istifadə etdiyi dərmanlar varsa, onun dozalarının tənzimlənməsi və hamiləlik dövrünə uyğun dərmalarla əvəz edilməsi lazımdır.

Əgər bunlar olmazsa, əgər ki, ana vaxtında mütəxəssisə müraciət etməzsə, biz hamiləlik zamanı, həm bəzən hamilə qalmadan da istifadə edərək bu dərmanları biz körpələrdə istəmədiyimiz doğum defektləri ilə qarşı-qarşıya qalırıq və ya vaxtında dərman dozaları tənzimlənmədiyi üçün vaxtından əvvəl doğumlar, spontan düşüklərlə qarşılaşırıq.

Çəkiyə, qidalanmaya və stressə nəzarət

Beşinci, anaların hamilə qalmadan öncə mütləq kilo kontrolu. Əgər qadın normadan daha çox kiloludursa və ya normaldan daha çox zəifdirsə, özəl həkimə müraciət edərək bunların üstəsindən gəlinməsi lazımdır.

Və stress faktorundan uzaq olunması lazımdır. Çünki bütün xəstəliklərin başında stress faktoru gəldiyi üçün də və hamiləlik də bizim üçün özəl bir durum olduğu üçün stress faktorundan uzaq durulması lazımdır.

Uzman Dr. Aygün Əkbərova, Cərrah mama-ginekoloq

 


genc-qizlarda-aybasi-agrilari-.jpeg

20 August 2021 Ginekologiya4

Əslində, qız uşaqları ilk dəfə aybaşı görməyə başlamazdan əvvəl analar bunu öncədən çox yaxşı izah etməlidirlər. Çünki bu qorxulu bir şey deyil. Uşaqları buna hazırlamaq lazımdır ki, bununla problem yaşamasınlar. 

Yəni qadınlığa ilk hazırlıq, tədricən uşaqlığın reproduktivlik xüsusiyyəti qazanması, qadının çoxalma qabiliyyəti qazanması yavaş-yavaş başlayır. Əlbəttə ki, bu yaşlarda birbaşa başlamaz, müəyyən 3-4 il ərzində yetkinləşir və 16 yaşından sonra, əsasən isə 18 yaşından sonra reproduktivlik üçün hazırlaşır, əslində, uşaqlığımız.

Prosesin əvvəlində qeyri-stabilliklər ola bilər

Bilirsiniz, yumurtalar – “over”lər (“oosit”lər) hələ ana bətnində ikən əmələ gəlir və doğulduqda təxminən 1-2 milyon ədəd yumurta qalır. Yəni 7 milyonla başlayır və ana bətnində 5-6 milyonu tələf olur. 11, 12, 13 yaşına çatanda bunlar 400 minə qədər enir. 400 min yumurtası olduqda artıq bədən deyir ki, “Mən artıq reproduktivlik üçün bu qızı hazırlamalıyam” və uşaqlıq ilə yumurtalar funksiya qazanmağa başlayır. Necə ki, klimaks başladıqda problemlər olduğu kimi, bu proses başladıqda da qeyri-stabilliklər və ağrılar ola bilər.

Aybaşı və aybaşı ağrısı necə baş verir?

Xüsusilə, ağrıya baxdığımızda, çox da elmi mövzulara girmədən sadə bir şəkildə deyim… Əslində uşaqlıq boşluğundakı qalınlaşmış endometrium təbəqəsinin tökülməsi aybaşı qanaması olaraq görülür və bu əsnada, “prostaglandin F2 alpha” dediyimiz bəzi maddələr ifraz olunur ki, bunlar da həm də ağrı və iltihaba səbəb olur və damarlar artıq nekroz olur və bu ay hamiləlik olmadığını görərək oradan endometrium tökülməyə başlayır, yəni aybaşı görür. Bu 12-13 yaşlarında başlayır və davam edir. 

İlk 1-2 il aybaşı ağrılarına çox əhəmiyyət vermirik

Bəzilərində bu ağrılar həddindən artıq çox olur. 

Əslində biz, 1-2 il buna çox da əhəmiyyət vermirik. Çünki 1-2 il ərzində bəzi qeyri-stabilliklər olur. Amma daha sonra bəzi qızlarımızda, təəssüf ki, 2 dənə ağrıkəsici içdiklərinə baxmayaraq, gündəlik həyatına təsir edəcək qədər, imtahanlarına, normal həyatlarına təsir edə biləcək qədər problemli olur. Belə vəziyyətlərdə biz, əlbəttə ki, dəstəkləyirik. 

Ancaq müntəzəm olaraq, hər aybaşı zamanı qızlarımızın əksəriyyətində müəyyən bir ağrı olur. Bu o qədər də pis bir şey deyil. Bu, yumurtlamanın stabil olduğunu, endometriumun düzgün dolduğunu və endometriumun düzgün boşaldığını göstərən parametrlərdən biridir. Əslində, ağrıların olması yumurtlamanın düzgün olduğunu göstərən parametrlərdən biridir.

Bütün aybaşı ağrılarına müdaxilə edilirmi?

Ağrıların problemli ola biləcək irəli yaşlarda fərqli səbəbləri ola bilər: adenomioz, endometrioz… 

Ancaq o gənc qızlıq, hələ təzə-təzə aybaşı görməyə başlayan qızlarda, adətən, biz bu ağrılara müdaxilə etmək məcburiyyətində qalmırıq. 

Ancaq lazım gələrsə, mütləq və mütləq bizim nəzarətimiz altında, problemin anatomik bir problem olmadığını görərək və lazım gələrsə bu ağrını azaltmaq üçün müalicələr tətbiq edirik.

Uzman Dr. Olcay Turgut, Cərrah mama ginekoloq, sonsuzluq və süni mayalanma uzmanı

 


hamilelikden-qorunma-metodlari.jpeg

16 August 2021 Ginekologiya2

“Hamiləlikdən qorunma” metodlarından danışmaq istəyirəm. Düşünürəm ki, bütün qadınların bu mövzuda çox maariflənməsi lazımdır., İstənməyən hamiləliklərin, abortların qarşısının alınması üçün mütləq bütün qadınlar hamiləlikdən ciddi şəkildə qorunmalıdır.

Hamiləlikdən qorunma metodları 

Fərqli qorunma metodları var. 

Ən çox üstünlük verilən metodlar “təbii yolla” dediyimiz qorunma metodlarıdır ki, bu da ən güvənsiz qorunma metodlarıdır ki, bunlarda da hamilə qalmaq şansı yüksək olur. 

Təqvim metodu ilə geri çəkmə, ya da prezervativlə qorunma metodlarına üstünlük verirlər. Ən çox da məhz abortlara müraciətlər bu qrupda olur.

Qadınlarımız çox vaxt qorxurlar ki, “hormon müalicəsi alsam, ya kökələrəm, ya xərçəng olaram.” Amma heç də elə deyil. Hormonların da bir çox müsbət tərəfləri var. 

Təbii ki, xəstəyə görə davranırıq biz. Hansı qorunma metodunu seçiriksə, xəstəyə individual davranırıq. Çünki bəzi metodlar bəzi xəstələrdə olmaz. Nəyə görə qərar veririk?

Yeni ana olanlarda hamiləlikdən qorunma metodları

Doğumdan sonra qorunmaqdan başlayaq. 

İstər qeysəriyyə olsun, istər normal doğuş olsun bir sonrakı hamiləliyi üçün bir müddət qorunmasını tövsiyə edirik. Əgər ana hər 3 saatdan bir düzənli əmizdirirsə, əslində 6 ay ana südü hamiləlikdən qoruyur. Ancaq yenə də biz riskə atmamaq adına 3 ay sonra təkrar həkimə müraciət edib bir qorunma metodu seçməsini məsləhət görürük.

Nələr tərcih oluna bilər?

Əmizdirən analar üçün xüsusi hormonal kontraseptiv metodlar var, tabletlər var, ya onları məsləhət görürük… Çünki əmizdirdiyi üçün südə keçmə ehtimalı yüksəkdir. 

Ya uşaqlıqdaxili vasitələr məsləhət görürük – spirallar. Dərialtı implantlar var, onlar da hormonal qorunma metodlarıdır, ya da onları tövsiyə edirik.

Amma 6 aydan sonra istənilən hormonal kontroseptivlər əgər xəstə üçün uyğundursa, onlar istifadə oluna bilər.

Spiralların üstünlükləri nələrdir?

Ən çox istifadə olunanlardan biri uşaqdaxili vasitələr – “spirallar” dediyimizdir. Spiralların fərqli çeşidləri vardır. Dünya praktikasında ən çox istifadə olunan “mis spirallar”dır. Sadəcə mis allergiyası olan qrupda istifadəsi tövsiyə olunmur. Spiralların avantajları nədir? Rahat qorunma metodudur. Məsuliyyət olmur ki, xəstə hər gün həb qəbul etməlidir. Qoruculuğu uzunmüddətlidir və 3 illik, 5 illik, 7 illik qorunma növləri vardır.

Azərbaycanda gümüş və qızıl spirallar da çox soruşulan metodlardan biridir. Əslində qorunma metodu eynidir, həm istər mis, istər gümüş, istər qızıl olsun. Sadəcə material fərqi olduğu üçün ona uyğun, qiymət fərqləri vardır. Spiralların mənfi cəhəti nələrdir?

Spiralın dezavantajı nədir? Çox vaxt xəstəni narahat edən vaginal axıntıların artmasıdır ki, məhz spiralda bu normal populyasiyaya görə daha çoxdur. Ona görə də belə xəstələrdə dövri mütəmadi olaraq ginekoloji müayinələr, ehtiyac olarsa, vaginal şamların istifadəsi tövsiyə olunur.

Dərialtı implantlar

Son zamanlarda çox soruşulan metodlardan biri “dərialtı implantlar”dır. Qoruyuculuğu yüksək olan metodlardan biridir. 99% üzərində bir qoruyuculuğa sahibdir. Dərialtı implantlar hormon tərkiblidir. 

Ancaq xəstələri ən çox narahat edən “Kökələrəmmi?” ya da “Xərçəng olarammı?” 

Tam tərsinə xərçəngdən qoruyur. Endometrium xərçəngindən, yumurtalıq xərçəngindən qoruma kimi xüsusiyyəti var. Yerli keyitmə ilə çox qısa bir müddətdə qolun iç səthinə taxılır. Taxılma proseduru ağrısızdır. Eyni zamanda çıxarma proseduru də ağrısızdır. 3 illik bir qorunma təmin edir.

Dərialtı implantların yan təsiri

Aybaşı düzənsizliyinə səbəb ola bilər. Qoyduqdan sonra xüsusilə də, ilk 6 ayda çox rast gəlinir. Ara qanamalar, ləkələnmələr… Bəzən aybaşı qanaxmalarının uzun müddət ləkə şəklində davam etməsi, bəzən tamamən, 3 ay, 2 ay aybaşının olmaması – “amenoreya” kimi vəziyyət yarada bilir. 

Ona görə də xəstələri bu mövzuda məlumatlandırırıq ki, öncədən belə bir yan təsirləri var. Hər xəstədə olması da, müəyyən bir qrupuda bu şikayətlər ola bilər. Adətən, 6 aydan sonra bu şikayətləri keçir.

Çəki artımı da ilk 3 ayda ola bilir. Orqanizmin su tutumuna bağlı olaraq, keçici olaraq xəstə sanki çəkisi artmış kimi hiss edə bilir, ancaq 3 aydan sonra bu şikayətlər də keçir. Normal vəziyyətinə qayıdır. 

Dərialtı implatları kimlərə tövsiyə edirik?

Endometrial hiperplaziya – qalınlaşması olan, şiddətli aybaşı qanaxmaları olan pasiyentlərdə, ya da ciddi aybaşı ağrıları olan pasiyentlərimizdə tərcih edirik. Çünki həm aybaşı ağrılarının azaldılması, qanaxmaların azalması üçün müalicə edici, bir effekti də var. Təkcə hamiləlikdən qorunma metodu olaraq deyil, eyni zamanda xəstələrin bir çox şikayətlərin də aradan götürmək üçün çox effektiv bir vasitədir.

Hormonal kontraseptivlər

Hormonal kontraseptivləri də çox tərcih edirik. Nömrəli tabletlərdir.

Ən böyük dezavantajından danışım. Hər gün eyni zamanda xəstə tabletka qəbul etməlidir. Yəni məsələn, 1 gün, 2 gün ara verərsə, hamilə qalma şansı arta bilər. Amma düzgün istifadədə o da 99 faizdən çox qorunma təmin edir. 

Bir çox xərçənglərdən qoruyur. Xüsusilə, endometrium, yumurtalıq xərçəngi riskini azaldır. Aybaşı nizamsızlığını düzəldir. Yəni xəstənin düzgün aybaşı görməsini, aybaşı ağrılarının tamamən aradan qalxmasına səbəb olur. Şiddətli əgər aybaşı ağrıları varsa, xüsusilə hormonal qorunma metodunu seçirik.

Abortların qarşısını almaq üçün qorunmaq lazımdır

Hansı metodu seçirlərsə seçsinlər, amma hamiləlikdən ciddi bir şəkildə qorunmaq lazımdır. Bu da abortların qarşısının alınmasına gətirib çıxarır. Çünki Azərbaycan abortlarda, bəlkə də, öndə gedən ölkələrdən biridir və bu qədər istənməyən hamiləliklərin olması və abortların olması qadın sağlamlığı üçün çox zərərlidir.

Hətta bəzən irəli həftələrə qədər hamiləliyi gətirib onu abort etdirənlər var. Bu həm qadın sağlamlığı üçün çox zərərlidir və bunun gələcəkdə çox vaxt sonsuzluq problemlərinə də gətirib çıxara bilər. 

Saydığım növlərdən başqa yenə də bir sürü qorunma metodları var. 

Hansı qorunma metodu olursa olsun, qadınların düzgün bir şəkildə, yəni ginekoloq tövsiyəsi ilə bir qorunma metodunu seçib düzgün qorunmasını tövsiyə edirəm ki, bu da istənilməyən hamiləliyin qarşısını alacaq və qadınlarımız daha sağlam olacaq.

Uzman. Dr. İlhamə Eldarova, Cərrah mama-ginekoloq


qizlarda-qarnin-asagisinda-agri.jpeg

Uşaqlarda yumurtalıq xəstəliklərinə hansı zamanda daha çox rast gəlirik?

Bunlar adətən yenidoğulmuş uşaqlarda olan yumurtalıq patologiyalarıdır. Qız uşaqlarında, əlbəttə ki… Bir də uşaqlar yetkinlik yaşına çatanda olan yumurtalıq patologiyalarıdır. 

Yumurtalığın cərrahi patologiyaları da 2 qrupa ayrılır öz içində: təcili əməliyyat lazım olan xəstəliklər, bir də əməliyyatın qaçılmaz olduğu hallar, amma təcili olmayan xəstəliklər.

Yumurtalığın kistik və solid xəstəlikləri

Hamilə ananın uşağına keçən hormonların təsirindən yumurtalıq kisti görə bilərik. Yəni çox gördüyümüz bir şeydir. Bunlara nə zaman əməliyyat planlayırıq? 

Əgər kistin ölçüsü 4 santimetrdən böyükdürsə daha uşağı evə göndərmədən əməliyyat edirik böyük kistləri. 

Bir də var ana qarnında diaqnoz qoyulan yumurtalığın solid, yəni kistik olmayan xəstəliyi. Yəni buna adətən yumurtalığın kütləsi deyə ümumi diaqnoz edirik. 

Yumurtalığın dönməsi

“Over torsiyonu” dediyimiz daha ana qarnındakı uşaqda doğulmadan yumurtalıq dönür və qanqrena gedir, nekroza gedir və biz onu əməliyyatla almaq məcburiyyətində qalırıq. Bəzən kistik yumurtalıq törəmələrində yumurtalığı qoruyaraq cərrahiyyə edirik.

Hər yaşda ola bilər təbii ki, yumurtalığın cərrahi xəstəlikləri, amma 13, 14, 15 yaşda qızlarda daha çox rast gəldiyimiz bir dönəmdir. Bu yaş qrupundakı uşaqlar kəskin qarın ağrıları ilə bizə müraciət edə bilərlər. Bu zaman da təbii ki, ilk ağlımıza gələn qız uşaqlarında əgər appendisitdən şübhələnmiriksə, “yumurtalığın dönməsi” bizim ən qorxduğumuz cərrahi qarın ağrılarından biridir. 

Keçən hər saat önəmlidir

Nəyə görə çox qorxuruq? 

Yumurtalığın dönməsində saatlar çox önəmlidir. Yəni bir saat əvvəl dönmüş bir yumurtalıqla bir gün əvvəl dönmüş yumurtalıq arasında çox fərq olur. O yumurtalığın itirilməsi yəni “Əməliyyatda o yumurtalığı qoruya biləcəyikmi, qoruya bilməyəcəyikmi?” – əsas veriləcək qərar odur. Yəni zamanla düz mütənasibdir. Nə qədər tez müraciət olsa o zaman daha yaxşı nəticələr əldə edə bilirik.

Yumurtalıığın şişləri

Bir də var yumurtalığın şişləri. Buna bədxassəli və xoşxassəli şişlər olaraq 2 qrupa ayrılır. 

Yumurtalığın xoşxassəli və bədxassəli şişlərində isə əlbəttə ki, xoşxəssəli şişlər çox gördüyümüz şiş qrupudu. Bədxassəli şişlər uşaqlarda az görünür, amma yenə də görürük və bunlara açıq müdaxilə edirik və yumurtalığın alınması ilə nəticələnir əgər bədxassəli bir kütlə varsa.

Uşaqlarda yumurtalıq əməliyyatı açıq, yoxsa qapalı üsulla icra edilir?

Bunlara yanaşma xəstəliyə görədir. Yəni bizim uşaqların böyüklüyündən asılı olmayaraq xəstəliyə görə bunlar qapalı və yaxud da açıq seçim edə bilirik. 

Məsəl üçün, yumurtalığın dönməsində əlbəttə ki qapalı üsul daha çox komfortlu, daha çox rahatdır uşaq adına. Qapalı üsul istifadə edirik və bu zaman yumurtalığı qoruyaraq əməliyyatı yekunlaşdırırıq daha çox. 

Əgər “bədxassəli” şübhəmiz varsa, kəskin qarınla gəlmişsə, o zaman açıq cərrahiyyə üstünlük veririk. Çünki bu zaman əməliyyat sırasında bədxassəli şişə yönəlik başqa müşahidələrimiz olur açıq əməliyyatda və onları biz bu məqsədlə açıq edirik. 

Genetik faktorlar və quruluş anomaliyaları

Genetik faktorlar çox önəmlidir. Amma, anadan keçəcək bir şey varsa uşaqda daha doğulmadan və yaxud da yenidoğan dönəmində onun kistik, yəni “yumurtalığın kistası var”, adətən el arasında elə deyirlər, bunlar anadan keçən hormonun təsirindəndir. 

Amma yumurtalığın dönməsi, yumurtalığın burulması, “over torsiyonu” tibbi adı ilə, olması, bunlar tamamən ana ilə və yaxud da anadan keçmə bir şeylə əlaqələndirmək mümkün deyil. Bunlar quruluş anomaliyaları olur adətən. Yumurtalığın bağının uzun olması və yaxud da bir yumurtalığın digər yumurtalıqdan kistasına görə daha ağır olması… Vaxtında düzgün diaqnoz qoyulması önəmlidir

Kəskin qarın simptomları ilə gələn qız uşaqlarında, özəlliklə alt qarın hissəsində qarın ağrıları ilə müraciət edən qız uşaqlarında yumurtalığın dönməsini, burulmasını, “over torsiyonunu” mütləq xaric etməlidirlər. Bunlar istər sahə həkimlərinin, istər poliklinika həkimlərinin, istər uşaq ixtisaslı həkimlərin çox diqqətində olan bir xəstəlikdir zatən. 

Qız uşaqlarımız təcili yardıma qarın ağrısı ilə müraciət etdiyi zaman “UZİ müayinəsi” dediyimiz xalq arasında, ultrasəs müayinəsi ilə mütləq yumurtalıqda bir problem olmadığını bilirlər və əgər yumurtalıqda bir qanlanma problemi, dönmə şübhəsi varsa mütləq uşaq cərahının konstitusiyasını istəyirlər.

Orqanı qorumaq prioritetimizdir

Biz uşaq cərrahları olaraq hər hansi bir orqan patologiyası ilə müraciət edən xəstələrin orqanlarını qorumaq, əsas bizim vəzifələrimizdən biri odur. Çünki uşağın önündə daha 50, 60, 70 illər var. Ona görə də yumurtalığın qorunması mümkündürsə qoruyuruq..

Bəzən yumurtalığın kistalarında, bəzən yumurtalığın dönmələrində, yumurtalığın xoşxassəli törəmələrində yumurtalığı qoruma prinsipimiz əsasdır. 

Bəzi hallarda isə yumurtalığın alınması təəssüf ki, qaçınılmaz olur. Bu da gec müraciət edən “over torsiyonu” dediyimiz burulmaları xəstələrində və yaxud da yumurtalığın bədxassəli şişlərində yumurtalığı qorumaq mümkün olmur uşağın sağlığı önəmli olduğu üçün… Bu zaman yumurtalığı qorumayaraq əməliyyatı sonlandırırıq, yumurtalığı xaric edirik.

Uzman. Dr. Nicat Vəliyev, Uşaq cərrahı


hamilelik-zamani-hekim-muayinesinin-vaxti.jpeg

28 June 2021 Ginekologiya0

Ümumiyyətlə, aybaşı gecikməsindən sonra, adətən, evdə sidikdə test edirlər qadınlar. Test müsbət çıxdıqda ginekoloqa müraciət edirlər. 

Hamiləlikdə ilkin müayinə

Biz ən az aybaşıdan 1 həftə gecikmə varsa, mütləq ginekoloji müayinə məsləhət görürük. Çünki ultrasəs müayinəsində döl kisəsinin uşaqlıqda olduğuna əmin olmağımız lazımdır. Amma əgər gec müraciətlər olursa, bəzən anormal hamiləliklər, uşaqlıqdankənar hamiləliklər və s. baş verə bilər. 

Vaxtında diaqnoz qoyub, düzgün müalicə etmək üçün erkən müayinə məsləhətdir. 

Hamiləlik zamanı fol turşusunun əhəmiyyəti

Hamilə qadının artıq hamiləliyi təsdiq olunduqdan sonra mütləq fol turşusu qəbuluna başlayırıq. Hamiləlik planlanırsa, 3 ay öncədən başlanaraq fol turşusunun təyini məsləhət görülür. Fol turşusu sağlam bir hamiləlik üçün tövsiyə edilən bir qida əlavəsidir və hamiləliyin ilk 3 ayına (12 həftəsinə) qədər fol turşusu (gündə 400 mcg) davam etmək məsləhət görülür. 

Hamiləliyin 6-cı həftə müayinəsi

Artıq hamiləlik təyin edildi, döl kisəsini ultrasəs müayinəsində izlədik, növbəti müayinəni hamiləliyin 6-cı həftəsində məsləhət görürük. 

Ümumiyyətlə, döl kisəsinin izlənilməsini 4-5-ci həftələrdə ultrasəs müayinəsində görürük.

5-ci həftədən “yolk sac” dediyimiz, kisə içərisində “yolk sac” izləyirik. 

Artıq 6-cı həftədən dölün ürək döyüntüsünü izləyirik. Ürək döyüntüsü üçün 6-cı həftəsində müayinəyə çağırırıq. 

Hamiləlik zamanı verilən analizlər

Ürək döyüntüsü izləndikdən sonra hamiləlikdə bəzi laborator analizlər var, onları mütləq istəmək lazımdır.

  • Bəzi infeksion analizləri, 
  • zob təhlilinin olması, 
  • aclıq şəkəri, 
  • qanın, sidiyin ümumi analizi, 
  • sidiyin əkilməsi və s. 

analizlər vardır ki, bunlar mütləq hamiləlikdə verilməsi gərəkli olan testlərdir. 

Əgər hər hansı bir proses varsa – infeksion xəstəlik olsun, zob olsun, şəkər olsun, vaxtında kontrol altına alınmasa, hamiləlikdə bir çox fəsadlar ola bilər. O səbəbdən, biz bu analizləri mütləq şəkildə istəyirik. Ondan sonra hamiləliyin növbəti təqibini 11-14-cü həftə arasında izləyirik. 

Hamiləliyin 11-14-cü həftə müayinəsi

11-14-cü həftə arasında ikili test dediyimiz daun sindromu skrininq testi var. Bizim üçün çox önəmli testdir. Bunu bütün hamilələrdə etmək istəyirik. 

Çünki bu həftələrdə erkən aşkarlanan bir çox anomaliyalar, döldə qüsurlar var ki, zamanında aşkarlanarsa, hamiləlik vaxtında sonlanar. Özəlliklə, daun sindromu – “13-18-ci xromosom trisomiyalar” anomaliyaları var ki, onlar vaxtında aşkarlanıb, hamiləlik sonlandırıla bilir. Daha sonrakı həftələrə bəzi patologiyalar daşınmasın deyə çox önəmlidir. 

Hamiləliyin 18-23-cü həftə müayinəsi

Növbəti vacib müayinəmiz, xüsusilə, 18-23-cü həftə arasında doppler müayinəsidir. Çox suallar gəlir. Doppler zərərlidirmi? Doppler müayinəsi başqa müayinədirmi? Doppler dölün detallı ultrasəs müayinəsidir. Dölün bütün orqanlarının detallı şəkildə yoxlanılmasıdır və bu erkən trimestrdə aşkarlanmayan anomaliyaların 2-ci trimestrində diaqnozu üçün çox önəmli bir testdir. 

37-ci həftəyədək aylıq müayinələr

Hamiləliyin növbəti kontrol müayinələrini aylıq həkim təqibləri ilə mütləq izləyirik. Niyə aylıq müayinə vacibdir? Çünki sonrakı həftələrdə erkən doğum təhlükəsi ola bilər, azsulluq ola bilər, çoxsulluq ola bilər, 2-ci trimestrin sonlarında gizli diabet aşkarlana bilər… Bunların diaqnozu üçün mütləq hamilələrin aylıq müayinələr şəklində təqibə gəlmələri vacibdir. 37-ci həftəyə qədər bu şəkildə izləyirik. 

37-ci həftədən etibarən həftəlik müayinələr

37-ci həftəsindən sonra isə hamiləliyin həftəlik təqibi çox önəmlidir. Çünki artıq doğuma yaxın bir çox hamiləliklərdə narahatlıqlar – hamilədə azsulluq ola bilər, çoxsulluq ola bilər, suyun erkən gəlməsi, vaxtından əvvəl doğuş və s. problemlər… 

Özəlliklə, 34-ci həftədən sonra bu patologiyaları aşkarlamaq üçün daha yaxın təqiblər tövsiyə olunur. 37-ci həftədən sonra bu həftəlik kontrollar şəklində izlənilir. 

40-cı həftədən sonra 3 gündə 1 müayinələr

40-cı həftədən sonra isə biz 3 gündən 1 hamiləni kontrollara çağırırıq. İstər ultrasəs müayinəsi, istər doppler müayinəsi olsun, istər KTQ dediyimiz dölün ürək döyüntülərinin izlənməsi, sancıların izlənməsi, “nostress” test də deyirik biz buna… Mütləq bu müayinəni həftəlik, 40-cı həftədən sonra isə 3 gündən bir edirik. 

41-ci həftə – süni induksiya ilə doğuşu başlatmaq

41-ci həftəyə qədər hələ də doğum əgər başlamayıbsa, o zaman artıq süni induksiya ilə doğumun icrasına başlayırıq. Çünki bu həftədən sonra çox fəsadlar yarana bilər, dölün ana bətnində ölümünə qədər gedə bilər. 

Ona görə də hamiləliyin təqibi həkim müşahidəsi altında sıx nəzarətdə olmalıdır. Yəni hamilələr hər an sürprizlə qarşılaşa bilərlər. Amma düzgün kontrollarla hamiləlik tamamilə fizioloji, sağlam bir şəkildə davam edə bilər. 

Fizioloji hamiləliklərdə təqib bu şəkildə olsa belə, riskli hamiləliklərdə bəzən həftəlik, hətta 2 həftədən bir müayinələr ola bilər. Bu, əlbəttə, hamiləyə görə ginekoloqun verdiyi qərardan asılıdır.

Uzman Dr. İlhamə Eldarova, Cərrah mama-ginekoloq

 


hamile_qadindan_qan_gelmesi.jpeg

19 April 2021 Ginekologiya123

Hamiləliyin 40 həftəlik dönəmində heç bir vaginal qanaxma olmamalıdır. Əgər qanaxma varsa, bunlar nə tipdə olurlar və bunlarla necə mübarizə aparırlar? Mən onun haqqında bəzi məlumatları vermək istəyirəm.

Hamiləlik bilirik ki, 40 həftə davam edir və onu şərti olaraq 3 yerə bölürlər: Birinci Trimestr, İkinci Trimestr və Üçüncü Trimestr.

Birinci Trimestr hamiləliyin əvvəlindən 12-14-cü həftəyə qədər, İkinci Trimestr 12-14-cü həftədən 28-ci həftəyə qədər, Üçüncü Trimestr isə 28-ci həftədən ta doğuşa qədər, yəni 40-cı həftəyə qədər davam edir.

Hər dövrün qanaxmaları başqa cür olur. 

Birinci Trimestrdə qanaxmalar

Birinci Trimestr hamiləliyin əvvəlində təqribən 4-5-ci həftədə bir balaca qəhvəyi rəngdə qanaxma ola bilər. Buna hətta “Hamiləliyin uşaqlığa yerləşməsi” də deyirlər. O bəzən müalicəsiz də keçib gedir. 2-3 gün açıq qəhvəyi rəngdə ifrazat olur. Bundan qorxmaq lazım deyil.

Lakin əgər qanaxma artarsa, möhkəm ağrılar olarsa, qanın intensivliyi çox olarsa, onda əlbəttə, bu, açılışa, düşüyə gətirib çıxarda bilər. Ona görə mütləq müalicə olunmalıdır. Müalicəsi də, həkimlər bilirlər, hormonal spazmolitik və ağrı kəsənlərlə olur.

Bundan başqa Birinci Trimestrdə olan digər qanaxma növü də vardır ki, bu, ilişkidən sonra olan qanaxmadır. Əgər cütlük 3-4 gün müddətində fasilə verərsə, ondan sonra qanaxma olmayacaq. O, kiçik travmadan olan azacıq qanaxmalar ola bilir.

İkinci Trimestrdə qanaxmalar

İkinci Trimestr qanaxmaları necə olur və onların səbəbləri nədir?

İkinci Trimestr qanaxmaları 12-14-cü həftədən sonra 28-ci həftəyə qədər olan qanaxmalardır. Buna birinci səbəb uşaqlıq boynu çatmamazlığı, yəni servikal çatışmamazlıqdır.

Bu vaxt müayinə necə aparılır?

Transvaginal ultrasəslə uşaqlıq boynu uzunluğu ölçülür, əgər o 25 millimetrdən azdırsa, onda uşaqlıq boynu tikilir. Ona həkimlər serkulyaj deyirlər. Uşaqlıq boynu kiset şəklində tikilir, daraldırılır ki, gələcəkdə açılma davam eləməsin və hamiləliyin təqribən 36-cı həftəsində o çıxarılır ki, rahat doğuşa gedilsin. Yəni bu İkinci Trimestrdə olan qanaxmanın qarşısını almaq üçün, davam eləməmək üçün bu üsula əl atırlar.

İkinci Trimestrdə olan digər qanaxma səbəblərindən biri də plasentanın uşaqlıq boyuna yaxın yerləşməsidir. Bu, özü də az-az qanaxmalar verə bilər. Ona görə əgər sizdə hər hansı bir problem varsa mütləq səbəbi nədir, onu müəyyən etmək üçün həkimə getmək lazımdır.

Bundan başqa İkinci Trimestrdə olan qanaxmalara həm də hamiləlikdən asılı olmayan problemlər də səbəb ola bilər. Məsələn, əvvəldən mioma varsa, əgər eroziyası olubsa qadının və yaxud əgər uşaqlıq boynunda polip varsa, bu da hamiləlikdən səbəb olmayan, amma yenə də qanaxma verə bilər.

Üçüncü Trimestrdə qanaxmalar

Üçüncü Trimestr qanaxmalarına nə aiddir?

Buna aiddir birinci növbədə erkən doğuş. Əgər doğuş başlayırsa, uşaqlıq boynu açıldığı üçün az qanaxma verə bilər. Ona görə həkimlər onları stasionara alırlar, doğuşu sakitləşdirən dərmanlara başlayırlar, spazmolitiklər verirlər. Elə eləyirlər ki, erkən doğuş başlamasın. Çünki uşaq ana bətnində vaxtına qədər – 40-cı həftəyə qədər, nə qədər qalsa, o qədər uşağın xeyrinədir.

Bundan başqa səbəb ola bilər, yenə də plasentanın aşağıda yerləşməsi və yaxud da ki, “plasenta previa” deyirlər, plasentanın uşaqlıq boynunun tam üzərində yerləşməsidir. Bu vaxt “profuz qanaxma” başlaya bilər və həkimlər istəyəcəklər hamiləliyi saxlamağı. Əgər mümkün olmasa, kesəriyyə əməliyyatına gedib uşağı və ananı azad etmək lazımdır ki, qanaxmadan nə uşağa, nə də ki, anaya zərər olmasın.

Ona görə mənim hamilələrə tövsiyəm odur ki, onlarda hər hansı bir narahatlıq olarsa, qan görərlərsə, bir az qanaxma başlayarsa, panikaya düşməsinlər, mütləq həkimə müraciət etsinlər və qanaxmanın hansı növüdür həkim təyin edib, onların müalicəsini başa çatdıracaq və sağlam uşaq doğuşu ilə nəticələnəcək.

Dr. Sevinc Mehtiyeva, Ginekoloq

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!