Kardiologiya / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

seyirici-aritmiyalar-1200x675.jpeg

21 October 2022 Kardiologiya0

Səyirici aritmiya ən çox əlilliyə səbəb olan, ən çox insult yaradan ürək xəstəliyidir. Səyirici aritmiyanın törənmə mexanizmi dolayı yolla da olsa, təzyiqdən yaranır. Belə ki, uzun müddət təzyiqini kontrolda saxlamayan pasiyentlərdə qulaqcıqlar böyüməyə başlayır və böyümüş qulaqcıqda aritmiya ocaqları meydana çıxır. Müəyyən müddətdən sonra deyək ki, 3 il, 5 il, 10 il ərzində pasiyentin 180-200 təzyiqi olur. Pasiyent buna diqqət etmir, yüksək təzyiqdə özünü yaxşı hiss edir, təzyiqi aşağı düşdükdə özünü pis hiss edir və dərmanlardan, təbii ki, bu zaman imtina edir. Və imtina etdikdən sonra onun qulaqcıqları böyüyür. Və o böyümüş qulaqcıqda yaranan aritmiyanın adına, yəni sürətli, ayda 1 dəfə, 3 dəfə tutan, xaotik döyüntü şəklində olan, ürəyi sanki silkələyən, ürəyin qəribə döyüntüsünə səbəb olan döyüntüyə biz “səyirici aritmiya” deyirik. 

Səyirici aritmayının əlamətləri

Səyirici aritmiya ani başlayır, bəzən xəstəni yuxudan oyadır və təqribən 180-200, bəzi xəstələrdə 130-150 arası döyünən bir döyüntü şəklində olur. İlkin olaraq xəstələr öncə başa düşmürlər. Bəziləri:”Təngənəfəsəm, sanki ürəyim yerindən çıxacaqmış kimi hiss edirəm.” Bəziləri ciddi psixoloji hal kimi narahat olurlar bundan. Əgər bu artıq 1 saatı, 3 saatı keçməyə başlayırsa, o zaman, təbii ki, təcili yardım çağırırlar. Və biz bunu ilk olaraq gördüyümüz yer elektrokardioqrammadır. 

Səyirici aritmayının diaqnostikası

Pasiyentin başına gələn həkim kardioqramma çəkir. Kardioqramada səyirici aritmiyanın olduğunu fiksə edir və pasiyentə ilkin olaraq məlumat verir ki, bu döyüntü yenə təkrarlayacaqdır. Həqiqətən, əgər bir dəfə tutubsa, bu aralıq verə bilər 1 il, 3 il və ola bilər ki, ayda bir neçə dəfə olsun, bir də 3 il olmasın, amma mütləq şəkildə təkrarlayacaqdır. Və pasiyent ilk ona məlumat verildikdə ki, bəli, sizdə səyirici aritmiya var, mütləq şəkildə həkimə müraciət etməlidir. Aritmoloqa müraciət etməsi daha məqsədəuyğundur. Çünki aritmologiya sahəsi sırf bu tip aritmiyalarla məşğul olan bir sahədir. Və pasiyent bizə gəldikdə ilk anamnezdə ondan soruşuruq ki:”Sizin nə zamansa kontrolsuz təzyiqiniz olubmu, təzyiq yüksəkliyi olubmu?” Bəli, kontrolsuz təzyiq olduğunu anladıqda artıq, demək ki, qulaqcıqları kifayət qədər böyüyüb və burada səyirici aritmiya var. 

Bir çox hallarda səyirici aritmiya başqa xəstəliklərdən də törənə bilər. Zobdan ola bilər, ciddi şəkildə qan azlığından törənə bilər və ya ürəyin damar darlığından ola bilər, amma əksər hallarda təzyiq yüksəkliyindən olur.

Səyirici aritmayının müalicəsi

İlkin olaraq xəstəyə dərman terapiyası verilir. Bu aritmiya tutmasın deyə davamlı içəcəyi dərman olur və əsas qandurulducu verilir. Niyə? Çünki səyirici aritmiya nəticəsində tromb yaranır və o tromb günün birində beynə atıb pasiyenti insult edə bilər. Və ona görə də mütləq şəkildə antiaritmik dərmanların yanında xəstəyə qan durulducu dərman da verilir və təzyiqi yüksəkdirsə əgər, təzyiqi aşağı salınan və davamlı içəcəyi dərman terapiyası təyin olunur. Pasiyent bunu ömür boyu içir, sadəcə əgər dərmana tabe olmursa, artıq o zaman ablasiya metodu, yəni pulmonar qapağı ətraflarının izolyasiyası əməliyyatı təklif olunur və ondan sonra o əməliyyatla pasiyent döyüntüdən tamamilə azad edilir. 

Dr.Günay Rəhimova, Kardioloq-aritmoloq


arterial-hipertoniya-1200x675.jpeg

11 August 2022 Kardiologiya6

Arterial hipertoniya çox geniş yayılmış bir xəstəlikdir. 

Arterial hipertoniya dedikdə, yəni qan təzyiqinin yüksəlməsi nəzərdə tutulur. 

Ortalama böyüklərin 30-40 faizində bu xəstəliyə rast gəlinir. Dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər sırasındadır. Bu xəstəlik təqribən ildə 10 milyon insanın ölümünə səbəb olur. 

Birincili hipertoniya

Arterial hipertoniya birincili və ikinci olur. 

Birincili arterial hipertoniya – “essensial hipertoniya” və yaxud da “hipertoniya xəstəliyi” də deyirlər. Təqribən alterial hipertoniyalı xəstələrin 90 faizində birincili hipertoniya, yəni hipertoniya xəstəliyi olur. 

Birincili hipertoniya dedikdə nə başa düşürük? Yəni bunu törədən hansısa bir xəstəlik yoxdur. Bu özü bir xəstəlikdir. 

Ancaq buna baxmayaraq, onun yaranmasına şərait yaradan faktorlar var. Bu faktorlar hansılardır? İrsiyyət – yəni kimin irsiyyətində arterial hipertoniya varsa da, onun bu xəstəliyə tutulma ehtimalı, riski daha çoxdur. Köklük – yəni artıq çəki. Sonra düzgün qidalanmamaq, siqaret çəkmək, duz istifadəsi, streslər bu xəstəliyə şərait yaradır.

İkincili hipertoniya

İkincili hipertoniya dedikdə isə, bu daha çox cavan yaşlarda rastımıza çıxır. Bu xəstəliyi törədən hansısa bir xəstəlik var. Bu, adətən, ya böyrək xəstəliyi olur, ya böyrəküstü vəzinin xəstəlikləri olur, qalxanvari vəzinin xəstəliklərində, kəllə-beyin travmalarından sonra, anadangəlmə bəzi ürək qüsurlarında, bəzi dərman preparatlarının qəbulu, yuxu apnoesi deyilən bir hal var, bu hallarda ikincili hipertoniyaya biz rast gəlirik. 

Dediyim kimi, daha çox cavan yaşlarda biz bunu və yaxud da rezistiv hipertoniya deyirik. Bir neçə dərmanla əgər təzyiq düşmürsə, biz bu ikincili hipertoniyadan şübhələnib bunu daha çox araşdırıb axtarırıq səbəbini.

Arterial hipertoniyanın əlamətləri nələrdir?

Bu xəstəlik 50 faizdən çoxunda insanların, yəni arterial hipertoniyası olanların yarısından çoxunda heç bir əlamət olmur. Ona görə də bunu çox vaxt “səssiz qatil” də adlandırırlar. Ancaq əlamətlər olursa da, bu çox vaxt baş ağrısından, çox vaxt ənsə nahiyyəsində olan ağrılarla, döş qəfəsində, ürək nayihəsində olan sıxıntı, ağrı hissiyatından ürək döyünmə, qulaqlarda küy, səs, belə bir əlamətlərlə özünü göstərə bilər. Ancaq bunu yenə də qeyd etmək istəyirəm ki, əksər insanlarda, yəni təzyiqi olan əksər insanlarda, yəni 50 faizindən çoxunda bu əlamətlər olmur. Ona görə də mütəmadi, xüsusən də, kimin irsiyyətində müəyyən yaşdan sonra kök insanlarda, diabeti olanlarda təzyiqi ölçdürmələri məsləhət olur ki, yalnız o halda bilə bilərlər ki, onların hipertoniyası var.

Yüksək təzyiq diaqnozu necə qoyulur?

Necə diaqnoz qoymaq olar? Bu çox sadədir. Adi təzyiq ölçən cihazlarla, ancaq bazudan ölçülən cihazlarla bir 5 dəqiqə dincəldikdən sonra, rahatlandıqdan sonra, qida qəbulundan, çay qəbulundan, kofe qəbulundan, siqaret çəkmədən ən az yarım saat keçməlidir, ondan sonra təzyiqi ölçüb… Bir-iki dəqiqə fasilə ilə bir neçə dəfə, adətən, 3 dəfə ölçmək məsləhət görülür.

Birinci dəfə hər 2 qoldan ölçmək məsləhətdir. Əgər bu qollarda fərqlər çoxdursa, gələcəkdə yüksək olan qoldan ölçmək daha məsləhətdir.

Arterial hipertoniyanın ağırlaşmaları

Arterial hipertoniya qorxulu bir xəstəlikdirmi?

Bəli, qorxuludur. Qorxulusu ondan ibarətdir ki, çox vaxt xəstələr özləri bunu bilmirlər, təzyiqlərinin yüksək olmağını, artıq gec dönəmdə həkimə müraciət edirlər, ağırlaşmalarla müraciət edirlər. 

Bu hansı ağırlaşmalar ola bilər? Uzun illər təzyiqə məruz qalan damarlar, orqanlarda dəyişikliklər gedir və nəticədə ürək damar xəstəliklərinə tutulma riski bu insanlarda bir neçə dəfə, qat-qat artır. İnfarktla, ürək çatışmazlığı ilə, aritmiyalarla bunlar müraciət edə bilərlər. Yəni bu fəsadlara gətirib çıxarır. 

Onlar başqa insult, həm işemik insult, həm hemorogik insult riski bu xəstələrdə qat-qat yüksək olur. 

Sonra, görmə qabiliyyətinin pozulması korluğa qədər gətirib çıxara bilər. 

Böyrək funksiyasının pozulması, hətta bəzən xəstələr artıq dializ mərhələsində, terminal mərhələdə belə müraciət edirlər. Sonra ayaq damarlarında problemlərlə müraciət edə bilərlər. Bunlar hamısı təzyiqin fəsadlarıdır. 

Bu fəsadların olmaması üçün vaxtında təzyiqi aşkarlamaq, əgər ən azı 2 ölçmədən müxtəlif günlərdə təzyiq 140/90-dan, amma evdə ölçmədə 135/85-dən yuxarı rəqəmlərdə olursa da, mütləq həkimə müraciət eləməlidir və ona müalicə təyin olunmalıdır.

Yüksək təzyiqin təbii yolla müalicəsi

Dərmanla və dərmansız müalicə var. Dərmansız nədir? Həyat tərzini dəyişdirməliyik. Yuxarıda qeyd etdiyimiz kimi, kök insanlarda, siqaret çəkənlərdə, çox duz qəbul edənlərdə, hərəkətsiz insanlarda, kimin diabeti var onlarda rastgəlmə tezliyi çoxdur, ona görə də onlar ciddi kontrol etməlidirlər. Duzu azaltmalıdırlar, çəkini azaltmalıdırlar, diabetə ciddi nəzarət etməlidirlər, siqareti atmalıdırlar, stresdən maksimum uzaq durmaq…

Az bir hallarda, əgər təzyiq çox da yüksək deyilsə də, bu yalnız bu dərmansız, bu vasitələrlə, yəni sağlam həyat tərzini əməl eləməklə biz təzyiqi normal səviyyələrə qaytara bilirik. 

Ancaq əksər hallarda bu dediklərimlə bərabər biz dərman da başlamış oluruq. Dərmanları da yalnız həkim təyin etməlidir. Çünki biz dərmanı təyin etdikdə yanaşı xəstəlikləri, yaşı, cinsi, hamısını nəzərə alırıq. Ona görə də həkim təyin etməlidir. Yoxsa “Qonşu, qohum bu dərmanı qəbul edir, mən də qəbul edim” olmaz. Bu, fəsadlara gətirib çıxara bilər. 

Və dərmanı qəbul etdikdə mütəmadi bir neçə gün səhər, axşam təzyiqi ölçüb həkimə məlumat verilməlidir. Lazım gəlsə, dərmanın dozasını artırılıb, azaldılıb, əlavə dərmanlar əlavə oluna bilər.

Dr.Arzuman Talıbov, Kardioloq


6_suni_urek_kocuruldu-1200x675.jpg

29 July 2022 Kardiologiya0

Ürək çatışmazlığı ürəyin öz nasos funksiyasını yerinə yetirə bilməməsinə deyilir. 

Ürəyimiz normalda tam bütün əzələləri ilə, bütün gücü ilə işləməlidir və 65% – 70% dəyərləndiririk bu işləməyi, yəni maksimumu 70 faizdir. Amma bundan daha aşağı rəqəmlər, daha çox da 35-in altına düşdükdə artıq biz pasiyentdə, xəstədə “ürək çatışmazlığı var” deyirik.

Hansı əlamətlərlə özünü büruzə verir?

İlk öncə təngnəfəslik. Düzdür, bu şikayətlər bəzi pasiyentlərdə dəyişir. Amma daha təngnəfəslik… Əvvəlki insan ola bilməmək.

Yəni pasiyent deyir ki:

“Mən əvvəllər, məsələn, beş mərtəbəni rahat çıxırdım. Amma bir mərtəbədən artıq çıxa bilmirəm. Təngnəfəsəm, ürək döyüntüm əcaib şəkildə yüksəlibdir. Yəni hərəkətə baxmayaraq yüksəlib. Deyək ki, əvvəllər hərəkət edirdim, ürək döyüntüm 100, 120-ə qalxırdı, amma indi çox yavaş hərəkət edirəm, anidən ürək döyüntüm 120-ə qalxır.” 

Gecə yuxu hüzursuzluğu. Yəni yata bilmir. Başını yastığa qoyub boğularaq oyanır. Bir neçə dəfə boğularaq oyanır, lap yuxuya getməsinə baxmayaraq. 

Və bunların hamısı ürək çatışmazlığının artıq başlamasının əlamətləridir.

Digər əlamətlər, köp. Ən çox bizim pasiyentlərdə rastlaşdığımız. Məsələn, pasiyent yemək yedikdən sonra bir az artıq qida yeyən kimi qarnı çox şiddətli şəkildə köp olmağa başlayır. Meteorizm – qaz hissi, sidikdə ləngimə və ya əksinə sidiyə getmənin çox sürətlənməsi, bağırsaqlarda qəbizlik və ya əksinə diareya hallarının olması və ayaqlarda ödem olması. Ayaqlarda ödem, adətən, hər 2 ayaqda olur, paralel şəkildə və səhər və ya axşamla dəyişmir. Deyək ki, həm səhər olur, həm axşam olur. Və daha çox qarın nahiyəsində də şişkinlik və mayeyə bənzər bir hissiyatın olması. Bunların hamısının ürək çatışmazlığının artıq başladığının əlamətləridir.

Ürək çatışmazlığını “exokardioqrafiya” göstərir

İlkin olaraq mütləq həkimə getmək lazımdır. İlkin olaraq kardioqramma… Amma bizdə xalq olaraq niyə isə düşünürük ki, bizim kardioqrammamız normaldırsa, demək ki, ürəyimiz sağlamdır. Belə deyil. 

Kardioqramma ürək haqqında cəmi 15% informasiya verir. Daha çox keçirilmiş infarktı göstərir, kəskin infarktı göstərir.

Ürək çatışmazlığını əsas göstərən müayinə metodu exokardioqrafiya”dır. Burada ürəyin qapaqlarına baxılır, ürəyin əzələsinə, damarların tutulu olub-olmadığına baxılır və ondan sonra ondan irəli gələn müayinələr.

Ürək çatışmazlığının müalicəsi

Müalicəsi spesifikdir, həm dərman müalicəsi… İndi müasir inkişaf edən kardiologiyada daha çox koronar angioqrafiya olunur, damarlar tutuludursa, açılır. Əgər damarlara bağlı bir problem deyilsə, ürək əzələsinə bağlı problemdirsə, həmçinin bizim özümüz tərəfindən də icra olunan ürəyə cihaz taxılması əməliyyatları icra olunur. Və ən nəhayətində bunların heç birinin köməkliyi olmadıqda ürək transplantasiyası.

Ürək transplantasiyası qanunudur ölkəmizdə, imzalanmışdır. Hələ tam şəkildə əməliyyatlara başlanmamışdır. Amma bu ardıcıllıqla: süni ürək, ondan sonra ürək transplantasiyasına qədər gedilir. 

Amma bütün bu əməliyyatların icra olunmasına baxmayaraq da pasiyent yanaşı, müasir Avropa və Amerika protokollarında göstərilən ürək çatışmazlığı dərmanları içməlidir.

Dərmanları həb şəklində qəbul edirik

Köhnə Rusiya ideologiyasına görə mütləq ürək çatışmazlığında sistemlər qoşulurdu pasiyentlərə. Ürək çatışmazlığına sistem qoşulması əksinə əks göstərişdir. Çünki ürək özü də bir pompadır. Bu pompa ürəkdəki mayeni qovmaq xüsusiyyətinə sahibdir. Və qovmaq xüsusiyyəti 2 dəfə azalıbsa, biz əksinə üstünə sistem köçürməklə onu daha da ağırlaşdıracayıq və bu mayelərin ağciyərlərdə, qaraciyər boşluğunda, qarın boşluğunda, ayaqlarda turşu şəklində toplanmasına səbəb olacayıq.

Müasir protokollar isə həm Avropa, həm Amerika protokolları, tablet şəklində dərmanları məsləhət görür. Təbii ki, xəstəxanaya yatdıqda iynələrin inyeksiya şəklində vurulması, xüsusən, sidikqovucuların, bəli, uyğundur. Amma ürək çatışmazlığın müasir müalicəsi tabletlərlədir və müasir dərmanlar çıxıb hal-hazırda ürəyin gücünü hətta toparlaya bilən, nisbətən geri qaytara bilən, nisbətən rahatlaşdıra bilən o dərmanlardan istifadə edirik və pasiyent dərmanını mütəmadi içəcək, ömrünün axırına qədər dərmanları qəbul edir.

Dr.Günay Rəhimova, Kardioloq-aritmoloq

 


aritmologiya-1200x675.jpeg

14 April 2022 Kardiologiya0

Aritmiyaların daha çox əməliyyata tabe olan növlərindən danışmaq istəyirəm mən bu gün.

Aritmiyaların növləri müxtəlifdir. Məsələn, elə aritmiyalar var ki, heç dərman ona verilmədən belə çox rahatlıqla keçib gedə bilir. Amma elə aritmiyalar var ki, məsələn, dərmanı müəyyən zaman veririk, dərmana tabe olur, lakin 1 ay, 3 ay, 6 aydan sonra dərman içməyinə baxmayaraq, aritmiyalar yenidən bərpa olunur və təbii ki, pasiyentlər də ömürlərinin sonuna qədər dərman içə bilməzlər. Çünki elə dərmanlar var ki, ürəyin müxtəlif şöbələrinə müsbət təsir göstərsə də, deyək ki, elektrik sistemi, amma digər orqanlara mənfi təsir göstərir. Hətta ürəyin özünün də elektrik sisteminə mənfi təsir göstərir. Ona görə də bu tip xəstələrdə biz əməliyyat daha çox məsləhət görürük.

Bunlar hansı xəstələrdir?

İllərdir, hətta lap-lap kiçik yaşlarından ani şəkildə başlayan paroksizmal taxikardiyalar.

Məsələn, xəstə nə hiss edir?

Heç bir iş görmür, fiziki aktiv deyil, rahatdır və birdən-birə ani surətdə çox sürətli 180-200-ə qədər qalxan döyüntüsü başladı. Bu döyüntü ilk olaraq belə olur. Məsələn, pasiyentlər deyir: “5 il bundan qabaq tutmuşdu, indi tutdu.” Sonra ildə bir dəfə, sonra 2 ayda bir… Artıq elə olur ki, hər ay tutur.

Son dönəmlərdə daha çox aktual olan COVID-19-la əlaqədar olaraq çox sıx-sıx, bunlar yəni xroniki üzə çıxmağa başladı. Və bu pasiyentlər artıq təcili yardım çağırırlar, təcili yardım gəlib evdə onların kardioqrammasını çəkir və “patoloji paroksizmal taxikardiya” olduğunu anlayır və “verapamil”, “isoptin” bu kimi dərmanlar vurur. Dərmanı vuran kimi bəzilərində keçir, bəzilərində keçmir və bu kimi döyüntülər artıq ablasiya olunur.

Ablasiya nədir?

Pasiyentə ümumi anesteziya verilmir. Yerli keyitmə ilə ayaqdakı damardan biz giririk. Bir növ angioqrafiyaya bənzəyir. Haradan çıxdığını tapırıq bu döyüntünün və o nahiyəyə radiofrekans istilik veririk. Bir müddətdən sonra gözləyirik, döyüntü tamam öldüyünə əmin olduqdan sonra artıq prosesi bitiririk və xəstəyə tam şəkildə, demək olar ki, 100 xəstədən 99/100-da artıq bu paroksizmal taxikardiyalar bir daha baş vermir.

Dr.Günay Rəhimova, Kardioloq-aritmoloq


usaqlarda-urek-xestelikleri.jpeg

21 October 2021 KardiologiyaPediatriya0

Uşaq ürək xəstəlikləri böyük ürək xəstəliklərindən tamamilə fərqlənir. 

Tamamilə fərqli bir qrup xəstəliklərdir. 

Bunları da öz içində sinifləndirsək, əsasən “anadangəlmə ürək qüsurları” və uşaqların sonra yaşam sürəsində məruz qaldıqları infeksiyalar, dərman preparatları, ətraf mühit amilləri sonuncu “qazanılmış ürək xəstəlikləri” olaraq fərqli qruplara ayrılır. 

Bunun xaricində bir də uşaq ritm problemləri, “uşaqlarda görülən aritmiyalar” kimi xəstəliklər görülür.

Azərbaycanda hər il 1200 uşaq anadangəlmə ürək qüsuru ilə doğulur

Anadangəlmə ürək qüsurları, ümumiyyətlə, 100 canlı doğumda 1 xəstədə görülür. Ölkəmizdə də təxminən, dəqiq statistika olmasa da, təxmini olaraq bir ildə təxminən 1200-1400 arasında bir anadangəlmə ürək qüsuru olan uşaqlar doğulur. 

Amma xoşbəxtlikdən bunların hamısı ciddi müalicələrə ehtiyacı olan xəstələr deyildir. Yəni bunların təqribən 25-30 faizi, bu xəstələrin, ciddi ürək müalicələrə ehtiyacı olan xəstəlik qruplarıdır. Amma təxminən 1200-1400 arasında anadangəlmə ürək qüsuru olan xəstələr ölkəmizdə il ərzində doğulur.

Uşaqlarda ürək problemlərinin səbəbi olaraq ailə faktoru

Ürək xəstəliklərinin tək bir səbəbi yoxdur, təəssüf ki. Bu çox faktorlı səbəblər nəticəsində ürək xəstəlikləri, xüsusilə, anadangəlmə ürək qüsurları yaranır. 

Amma dəqiq bildiyimiz faktorlar da mövcuddur. Uşaqlar doğulmamışdan qabaq hansı uşaqların ürək xəstəlikləri baxımından riskli olduqlarını bilirik. 

Məsələn, əgər anada hər hansı bir ürək qüsuru varsa, zamanında olubsa, müalicə almış olsa belə, o anadan o ailədə doğulan uşaqlar anadangəlmə ürək qüsurları baxımından digər uşaqlara görə 3-4 dəfə daha riskli sayılırlar. Ona görə belə ailələrdə doğulan uşaqların ən az bir dəfə uşaq kardioloqu tərəfindən müayinəsini tövsiyə edirik.

Bundan başqa, əgər ailədə hər hansı bir anadangəlmə ürək qüsuru olan bir xəstə uşaq varsa, digər uşaqların da ürək xəstəliyi olma riski digər uşaqlardan nisbətən daha yüksək olur. 

Hamiləlik zamanı qəbul edilən dərmanlar uşaqda ürək qüsuruna səbəb ola bilər

Ananın bildiyimiz xəstəlikləri var, spesifik xəstəliklər var ki, anadan olan xəstəliklər anadangəlmə ürək qüsurları olma riskini yüksəldir. Bunlara revmatoloji xəstəliklər, ananın şəkərli diabet xəstəliyi kimi xəstəliklər buna misal göstərə bilərik. Və yaxud da ananın hamiləlik dövründə istifadə etdiyi dərman preparatları… Sadəcə vitamin preparatları belə anadangəlmə ürək qüsurlarına səbəb ola bilir.

Səbəblərini bildiyimiz üçün də bu xəstəliklərin bəzilərinin qarşısını ala bilirik. Məsəl üçün, epipsiya dərmanları, polivitamin istifadə eləyən analar – bunların hamiləliyi, ümumiyyətlə, planlaşdırılması gərəkməkdədir. 

Daimi dərman qəbul edən qadınlar hamiləliyi qabaqcadan planlaşdırmalıdır

Adətən, hamiləliyin 8-ci, 10-cu həftəsində ürəyin formalaşması böyük ölçüdə tamamlanmış olur. Və analar hamilə olduqlarını daha gec həftələrdə bilirlər və bu həftələr ərzində normalda istifadə etdiyi dərman preparatlarına davam edirlər. 

Ona görə, əgər bir ana xronik bir xəstəliyi varsa, dərman preparatları qəbul edirsə, hamiləlik öncədən planlaşdırılması lazımdır. 

Məsələn, şəkərli diabeti varsa və yaxud da epilepsiyası varsa, bunlar üçün dərman istifadə edirsə, hamilə qalmamışdan əvvəl həkimləri ilə məsləhətləşib, daha az zərərli olan dərman preparatlarına keçmək məsləhət görülür. 

Xüsusilə, vitaminlərdən, yüksək doza A vitamini tərkibli dərman preparatları, A vitaminin sintetik analoqları istifadə edən analar hamiləlik baş vermədən öncə bu dərmanların kəsilməsi məsləhət görülür.

Anadangəlmə ürək qüsuru öncədən təsbit edilərsə, hamiləlik dayandırılmalıdırmı?

Hamiləliyin sonlandırılması məsələsini biz şəxsən çox məsləhət görmürük. Ailə ilə bərabər danışıb ola biləcək risklər, uşaq doğulduqdan sonra yaşaya biləcək problemləri ailə ilə bərabər müzakirə edib, ondan sonra qərar verməyi ailəyə buraxırıq. 

Günümüzdə bu ürək anadangəlmə ürək qüsurlarının müalicəsinin effektivlik faizi gedərək artmaqdadır. Ona görə yəni bütün riskləri yarar və zərər nisbətini ailə ilə bərabər müzakirə edirik.

Anadangəlmə ürək qüsuru hamiləlik zamanı aşkar olunarsa

Tövsiyəm nə ola bilər? Bir ürək qüsuru hamiləlik dönəmində aşkarlanıbsa, hamiləlikdən sonrakı müddəti çox yaxşı bir şəkildə planlamaq lazımdır. Məsələn, bu uşaqlar bəzən doğulduğu zaman doğum salonunda və yaxud da əməliyyat salonunda bu uşaqlara bir müdaxilə etmək gərəkdir. Dərman müalicəsi başlayırıq və yaxud da birbaşa angioqrafiya laboratoriyasına alaraq bir müdaxilə edirik. Ona görə uşaq doğulduqdan sonra ən böyük rəqibimiz zaman olur. Zamana qarşı yarışaraq. Bu uşaqların belə bir ürək qüsuru olan uşaqların doğumunu uşaq kardioloqu, ürək damar cərrahı, uşaq reanimasiyası olan mərkəzlərdə həyata keçirmək çox vacibdir.

Uşaqlarda ürək xəstəliklərinin müalicəsi

Söhbətimizin əvvəlində də dediyim kimi, bu uşaqların sadəcə 25-30 faizi ciddi ürək müdaxilələrinə, ciddi müalicələrə ehtiyacı olur. Yəni digər böyük bir qismini müalicə etmədən normal təqib edib və ya dərman müalicəsi ilə bu xəstələri müalicə edə bilirik. 

Yəni çox az bir hissəsi: 25-30 faizi ciddi müdaxilələrə ehtiyacı görür və bu ciddi müdaxilə ehtiyacı olan ciddi cərrahi əməliyyat keçirilməsi gərəkən və yaxud kaster-angio edilməli olan xəstələr belə həyatlarını normal şəkildə davam edə bilirlər.

Uzm.Dr.Bəhruz Əliyev, Uşaq kardiologiyası yandal uzmanı

 


miokard-infaktin-elametleri.jpeg

17 August 2021 Kardiologiya1

Dünyadakı ölümlərin əsas sıx səbəbi miokard infarktıdır və miokard infarktı günümüzdə çox gəncləşmişdir. 

Əvvəllər, məsələn, 45 yaş üstü və ya 40 yaş üstü xəstələrimiz risk qrupunda idisə, günümüzdə çox gəncləşib miokard infarktı və nə yazıq ki, miokard infarktı keçən xəstələrə invaziv müdaxilə olan laboratoriyalar ölkəmiz ərazisində hər şəhərdə, hər regionda olmadığı üçün, adətən, bunlar Sumqayıt və Bakı şəhərlərində mərkəzləşmişdir, rayonlarda infarkt keçirən xəstələrimiz mütləq sinəsində ağrısı olan, soyuq tərləməsi olan, gəzəndə ağrılar hiss edən və ya istirahətdə ağrılar hiss edən xəstələrimiz mütləq Təcili Tibbi Xidmət yardımından yararlanmalıdırlar və Təcili Tibbi Xidmətimiz ilkin müdaxiləni etdikdən sonra xəstəni “primer angioqrafiya” olan mərkəzə yönəltməlidir.

Ege Hospitalda İcbari Tibbi Sığorta proqramı çərçivəsində xidmət

Bir neçə aydır dövlətimiz icbari tibbi sığorta proqramı tətbiq etmişdir Azərbaycanda və bu icbari tibbi sığorta çərçivəsində Ege Hospital olaraq bizim xəstəxanamızda stent prosedurlar, balon angioplastika prosedurları və ya açıq ürək əməliyyatları, yəni ürək cərrahiyyəsi xidmətlərini xəstəmizə göstərə bilirik. Bizim Gədəbəyin ucqar kəndində və ya Qəbələnin ucqar kəndində infarkt keçirən, ürək-damar problemi yaşayan xəstələrimiz xəstəxanamıza müraciət edə bilərlər və bu xidmətlərdən icbari tibbi sığorta proqramı çərçivəsində faydalana bilərlər.

Miokard infarktının ilkin əlamətləri

Miokard infarktının ilkin əlamətləri bəzi insanlarda siqnal olaraq ortaya çıxır. Məsələn, xəstə pilləkən çıxarkən, yoxuş yuxarı çıxarkən döş sümüyünün arxasında əzici və basqı tərzində ağrılar olur və yaxud da bu mədə nahiyəsində də ola bilər. Kürəyə yayılan, sol qola yayılan, çənəyə yayılan ağrılar ola bilər və yaxud da heç bir simptom olmadan da kəskin şəkildə bu şikayətlər təzahür edə bilər.

Miokard infarktı əlamətləri gördükdə 103 xidməti çağırmalı

Sadəcə, xəstələrimiz ayıq-sayıq olmalıdırlar ki, bu şikayətlər başlayanda mütləq ən yaxın xəstəxanaya müraciət olunmalıdır və ya xəstəxanaya gedəcək vəziyyətdə deyilsə, xəstənin halı kəskin pisləşmişdirsə və ya vəziyyəti ağırlaşmışdırsa, mütləq 103 Təcili Tibbi Yardım Xidməti çağırmalıdır.

103 Təcili Tibbi Yardım Xidməti çağırıldıqdan sonra da oradakı həkim briqadası ilkin müdaxiləni, ilkin yardımı xəstəmizə edib primer invaziv mərkəzi olan xəstəxanaya yönəldir.

Uzman Dr. Aysel İslamlı, İnvaziv Kardioloq


urek-xesteleri-koronani-agir-keciririr-1200x690.jpeg

26 April 2021 Kardiologiya0

Bir çox ürək-damar sistemi xəstəlikləri vardır ki, bunlarda bu virus infeksiyası daha ağır gedişli olur. Bunlara aiddir ürək çatışmazlığı, sianotik anadangəlmə ürək qüsurları, infarkt keçirmiş, stent implantasiya olunmuş və açıq ürək əməliyyatı dediyimiz “Aorta-koronar şuntlama” əməliyyatı icra olunmuş xəstələr.

Bəzən pasientlər soruşur ki, “Doktor, bu koronavirusa yoluxduqdan sonra miokard infarktı və yaxud da aritmiyalar olurmu, doğrudurmu?”

Bəli, doğrudur. Pandemiya başladığı dövrdən istər dünya, istərsə də öz ölkəmizdə tədqiqatlara əsaslanaraq qeyd etmək istəyirəm ki, virus infeksiyası dövründə və ya sağaldıqdan sonra miokard infaktı və aritmiyalar, yəni ritm pozuntuları müşahidə olunur. Digər infeksiyalarda olduğu kimi, eləcə də bu virus infeksiyasında orqanizmdə iltihabi dəyişikliklər baş verir. Bu itihabi dəyişikliklər ürəyi qidalandıran damarlarımızda və yaxud da digər damarlarımızda Aterosklerotik plak dediyimiz xolesterin düyünləri olur, onların rüptürü, yəni yırtılmasına səbəb olur. Bu da öz növbəsində bu hallara gətirib çıxardır. Ona görə də xüsusən, evdə müalicə alan xəstələr, əgər sinədə bir yanma, göynəmə, xüsusən də, sol qola, sol kürəyə verən yanma, göynəmələr və yaxud da sinədə çarpıntı, döyüntü, ritm yüksəlməsi kimi hallarda mütləq kardioloq baxışı və yaxud da xəstəxanalara müraciət etməlidirlər.

Bundan başqa şəkərli diabet və arterial hipertoniya, yəni yüksək qan təzyiqi olan xəstələr də risk qrupu altındadır. Və bu xəstələrə tövsiyə olunur ki, infeksiyaya yoluxmamışdan öncə istifadə elədikləri dərmanları əksiltmədən qəbul etməyə davam etməlidirlər.

Açıq ürək əməliyyatı icra olunmuş xəstələr istifadə elədiyi qan durulaşdırıcılarıdır, xolesterin əleyhinə olan dərmanlardır, əgər şəkərli diabeti varsa, təzyiqi varsa, dərmanlarına davam etməlidirlər.

Bu virusun ən xoşagəlməz ağırlaşmalarından biri ürəyin iltihabı xəstəliyi dediyimiz miokardid xəstəliyidir. Nəyə görə xoşa gəlməz deyirəm, çünki bu xəstələr daha ağır gedişli olur. Ona görə də bu xəstələri vaxtında aşkar etmək, diaqnozun erkən qoyulması və müalicəyə erkən dövrdə başlanması daha yüngül gedişli olur bu xəstələr üçün. Və bəzən bu xəstələrdə hətta ürək çatışmazlığına belə gətirib çıxardır.

Xəstəliyin digər ağır gedişli formalarında biri də tromb əmələ gəlməsidir. Və təəssüflər olsun ki, ölkəmizdə bir çox xəstələr həkim göstərişi olmadan qan durulaşdırıcı dediyimiz antiaqreqantlar və antikoaqulyantlar qəbul edirlər. Bu da yolverilməzdir. Çünki bu, əlavə olaraq qanaxma riskini artırır xəstələrdə.

Ümumiyyətlə, istər ürək damar sistemi xəstəsi olsun və ya olmasın xəstəliyə yoluxma riski hamı üçün eynidir. Ona görə də mənim tövsiyəm xəstələrə, ilk növbədə xəstə insanlardan uzaq olmaq, gigiyenik qaydalara ciddi əməl etmək, ictimai yerlərdə ara məsafəsi və xüsusən də maska istifadəsi mütləq vacibdir.

Dr.Şəmşir Vəliyev, İnvaziv Kardioloq


elametsiz-urek-problemleri.jpg

11 February 2021 Kardiologiya0

Yaşlı populyasiyanın harada isə, 30-40 faizində ortalama hipertoniya xəstəliyi var. Hipertoniyası olan xəstələrin 50 faizindən çoxu özlərində hipertoniyanın, yəni təzyiq yüksəlməsinin olmağından xəbərdar olmurlar. 

Çünki o, çox vaxt əlamətsiz gedir. Olsa belə, məsələn, yüngül başağrı, baş gicəllənmə, təngnəfəslik ara-sıra olur və xəstələr ona əhəmiyyət vermirlər. Və sonra uzun illər heç bir şikayəti olmur və son nəticədə bəzən xəstələr hətta ağırlaşmalarla… Çünki arterial hipertoniya hədəf orqanları: ürəkdir, böyrəkdir, damarlardır, beyindir, gözdür, zədələyirlər və bunların ağırlaşması ilə çox vaxt xəstəxanaya düşür. 

Məsələn, infarktla, insultla, böyrək çatışmazlığı, ürək çatışmazlığı ilə gəldikdə məlum olur ki, bunun uzun illərdir təzyiqi var imiş. Bu, səssiz gedib, heç bir xəstənin ciddi şikayəti olmayıb və xəbəri olmayıb. 

Ona görə də, xüsusilə də, risk faktoru olanlar, siqaret çəkənlər, artıq çəkisi olanlar, diabeti olanlar, irsiyyətlərində ürək-damar və təzyiq xəstəsi olanlar ara-sıra təzyiqlərini yoxlatdırmalıdır, monitorinq etməlidirlər. 

Sonra, ürəyin işemik xəstəliyinin özündə də… O da bir sıra əlamətlərlə gedir. Var stenokardiya.. Stenokardiyanın özü də bəzən ağrısız işemiyalarla ola bilər. Xəstədə biz holter qoyuruq 24 saat. Görürsünüz ki, onlarda işemik dəyişikliklər göstərir, ancaq xəstənin sutka ərzində heç bir şikayəti olmayıb.

Atipik miokard inifarktı

Ürəyin işemik xəstəliyinin kəskin forması olan miokard infarktında belə, məsələn, bizim bildiyimiz klassik, yəni tipik forma – döş qəfəsində ağrı, yanma hissi, təngnəfəslik, soyuq tər əlamətlərindən olmaya da bilər.  Amerika kardiolaqlarının araşdırmalarına görə, infarktların 45 faizi atipik gedir.

Yəni atipik nədir? 

Ya ağrısız gedir, ya da ki, o qədər də miokard infarkta xarakterik olan əlamətlər olmur. 

Ya qolunda ağrı olur, ya dişində ağrı olur, ya başgicəllənmə ilə, ya ürəkdöyünmə ilə özünü göstərə bilər. 

Ancaq belə xəstələrdə daha çox ağırlaşma olur. Çünki onlar vaxtında həkimə müraciət etmirlər. 

Bu da daha çox yaşlılarda, şəkərli diabeti olan xəstələrdə daha çox rast gəlinir. Ona görə də belə xəstələr, diabeti olanlar xüsusən də, uzun illər təzyiqi olanlar, daha yaşlı insanlar, özlərində bir səbəbsiz halsızlıq hiss etsələr belə, səbəbsiz bir təngnəfəslik hiss etsələr belə mütləq həkimə müraciət etməlidirlər.

Səyirici aritmiyalar

Sonra, bəzi aritmiyalar var. Xəstələr bəzən hiss etmirlər onu, uzun illər. 

Bunlardan ən qorxulularından biri də səyirici aritmiyadır. Səyirici aritmiyası olan xəstələrin yarısına qədəri bəzən bilmirlər ki, bunlarda səyirici aritmiya olub uzun illər. Səyirici aritmiyalar təəssüflər olsun ki, ağırlaşmalara gətirib çıxaran bir aritmiyadır. 

Yəni o da uzun illər keçdikdən sonra ürək çatışmazlığı, insult… İnsultlu xəstələrin üçdə birinin səbəbi ürək mənşəlidir. Onu da əsas səyirici aritmiya verir. 

Səyirici aritmiyaların 30 faizi insultla xəstəxanaya düşəndə bilirlər ki, bunlarda səyirici aritmiya var imiş. Səyirici aritmiya uzun illər təzyiqi olanlarda, kök insanlarda – bunlarda daha çox rast gəlinir. 

Ona görə də uzun illər yüksək təzyiqi olan xəstələr də, kök insanlar, diabeti olan xəstələr mütləq səyirici aritmiyaya görə araşdırılsalar yaxşı olar.

Anadangəlmə, qazanılmış ürək qüsurları

Anadangəlmə, qazanılmış ürək qüsurları – bunlarda da uzun illər heç bir şikayət olmaya bilər. Uzun illərdən sonra xəstələrdə təngnəfəslik, ödemlər, tez yorulma – belə bir əlamətlərlə özünü göstərə bilər ki, artıq bu mərhələdə xəstədə ürək çatışmazlığı inkişaf edir, ürək kameralarında böyümə gedir, yəni gecikmiş bir mərhələ olur.

Yəni, məsəl üçün uşaq vaxtından başlayıb revmatizm olub, artıq o gəlib mitral qapaq qüsuru ilə, ən çox da mitral stenozla bizə müraciət edir. Mitral stenozun nəticəsində sol qulaqcıqda ürək kameralarında, sağ kameralarda böyümə gedir və xəstə təngnəfəslik, boğulma hissi ilə bizə müraciət edir. Məlum olur ki, bunda ürək qüsuru formalaşıb.

Və yaxud da anadangəlmə bəzi ürək qüsurları da var ki, hətta böyük yaşa qədər gəlir, böyük yaşda müəyyən şikayətlərlə bizə daxil olur. Məlum olur ki, bunda ananadgəlmə ürək qüsuru var imiş.

Yəni demək istədiyim odur ki, elə ürək xəstəlikləri var ki, çoxdur, bu siyahını daha çox saymaq olar, uzun illər səssiz və yaxud da atipik, yüngül əlamətlərlə gedir, heç bir şikayəti olmur, ancaq onu biləndən sonra da çox gecikmiş mərhələ olur. Ona görə də vaxtaşırı həkimə müraciət eləmək, hətta yüngül bir əlamətlər hiss eləsən belə, ürək döyünmədir, yüngül təngnəfəslikdir, həkimə müraciət edib vaxtında bunları aşkarlamaq lazımdır.

Dr. Arzuman Talıbov, Həkim-kardioloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!