Pediatriya / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

keskin-bronxiolit-1200x675.jpeg

29 November 2022 Pediatriya1

Elə bir mövsümdəyik ki, payız fəsli bitir, qış mövsümü başlayır. Mövsümlə əlaqədar bəzi xəstəliklərdə, təbii ki, uşaq virus infeksiyalarında artışlar olur. Bu artışlardan biri də, təbii ki, üst tənəffüs yolu xəstəlikləri və alt tənəffüs yolu xəstəlikləridir. Onlardan biri də kəskin bronxiolit deyilən bir xəstəlikdir. 

Uşaqlar arasında bu aralar öskürəklərdə çox sıx rast gəlinən xəstəlikdən biridir. Törədicisi adətən bir virus olur. “Respirator Sinsitial Virus” (RSV) deyilən bir virusdur. 

Uşaqlar, adətən, nə ilə bizə müraciət edirlər? 

Bizə müraciət şəkilləri, 1-2 gün öncə başlayan öskürək, burun tıxanıqlıqları və asqırma. 

Bundan əlavə, tənəffüsün durması, xışıltı ilə müraciət edirlər klinikaya. Biz bronxiolit deyirik. Bronxiolit sözünün daha geniş mənası: bizim tənəffüs sistemimizdə 2-3 hissə var ki, onun iltihabı ilə gedən xəstələrə həmin sistemin adını veririk. Bronxiolit əsas etibarilə bronxların xırda şaxələnmələrini tutan bir xəstəlikdir. Əgər vaxtında müalicə olub vaxtında tədbir görülməzsə, ağciyərə qədər gedə biləcək bir xəstəlikdir. 

Bronxiolitin əlamətləri

Bronxiolitin əlamətləri nələrdir? 37.5-larda, 38-ə çatmayan qızdırmalar olur, öskürək ataqları olur, öskürək tutmalar olur, periodiklər olur. Ondan əlavə boğulmalar olur uşaqlarda, tənəffüsün durması olur. Xışıltılı tənəffüs olur, hansı ki, ana, valideyn kənardan bu səsləri eşidir. 

Bizim, təbii ki, ən önəmli silahımız stetoskop deyilən alətdir. Biz steskopu qoyduqda uşaqlarda üç ayrı tənəffüs səsi eşidə bilirik. O tənəffüs səslərində bronxiolitdə eşitdiyimiz səslər, ekspiriumun uzanması, yəni nəfəs alıb verməkdə çətinləşmə, “rhonchi” dediyimiz hal. “Rhonchi” nə deməkdir? Kənardan fitverici xırıltılar və “râle” dediyimiz hallar. “Râle”nədir? Qar üstündə yerimə səsi, xışıltı səsi. 

Loru dildə desək, əgər valideyn bizə xışıltıyla və fitverici xırıltılarla nəfəs alış-veriş şəkilində gəlirsə, biz bu terminə bronxiolit adını verə bilərik. 

Bronxiolitin diaqnostikası

Diaqnostik əlamətlər rentgen əlamətləri olaraq və fiziki müayinə olaraq xəstəliyə diaqnoz qoyuruq. Fiziki müayinənin adını “rhonchi”, “râle” və “ekspirium uzunluğu” şəkildə açıqlama olaraq verdim. Rentgen filmində nə görürük? Filmdə ağciyər tutan bir görünüm görmürük, əslində. Amma əgər uşaqda gec qalma olarsa, “superinfeksiya” dediyimiz bir hal görə bilirik. İkincili, infeksiya pnevmoniyaya keçən bir tablo ola bilər. 

Adından da göründüyü kimi – “Respirator Sinsitial Virus”. Adı virusdur. Amma gec hərəkət etsək, ikincili infeksiya – onun üzərinə bakteriya qonmuş və xəstəxana yatışlarını təkanlamış oluruq. 

Üçüncü, əgər şübhəli qaldığımız hallarda bəzi parametrlərimiz var. Təbii ki, bu qan qazıdır və bir də saturasiya deyilən parametrlərə baxırıq. 

Saturasiya nə deməkdir? Ələ xüsusi sensorlar bağlamaqla o sensorlar vasitəsilə ekrana çıxan qanın oksigenləşmə dərəcəsini ölçürük. Qanın oksigenləşmə dərəcəsi biz pediatrlar uşaq yaş qruplarında 95-in üzərində istəyirik. Əgər 95-nin altındadırsa, “Tənəffüs əlamətləri var” deyirik uşaqlarda. 92-nin altında isə kritik halı göstərir və xəstəxana yatışının göstəricisidir birbaşa. 

Bronxiolitin müalicəsi

Müalicəsi nədir? Əslində, “Respirator Sinsitial Virus”un çox böyük bir müalicəsi yoxdur. Yataq istirahəti, bir də bronx genişləndirici dərmanlardan istifadə edirik. Amma bronx genişlənici dərmanları istifadə edən analara bir tövsiyəm. Analar buna “inqalyasiya dərmanları” deyirlər. Ventolin və yaxud Pulmikort. Tövsiyəm həkim müayinəsi olmadan istifadə etməsinlər. 

Bəzən öskürəkdə tam tərsi, əlavə təsirləri ola bilər. Bronxiolitdə belə əgər RSV-nin qıcıqlandırdığı bronxiolitdə belə “Ventolin”dən əgər fayda görmürüksə, dayandıra bilirik. Başqa infeksiyalarda yan təsirləri çox ola bilir. 

Respirator Sincitial Virusun qıcıqlandırdığı kəskin bronxiolitlərdə ən önəmli müalicə bol-bolyataq istirahəti və bol-bol maye qəbuludur. 

Uzman Dr.Lalə Nəzərli, Həkim pediatr


usaqlarda-qarin-agrisi-1200x675.jpeg

Əsas mürəkkəb olan məsələ budur ki, uşaqlar öz fikrini ifadə edə bilmirlər. Məsəl üçün, hər hansı bir narahatçılıq olduqda da uşaq “Qarnım ağrıyır” deyə bilir, həqiqətən, əməliyyatlıq bir problem olduğu zaman da uşaq “Qarnım ağrıyır” deyə bilir və yaxud da böyrək daşı olduğu zaman da uşaq “Qarnım ağrayır” deyə bilir.

Qarın ağrısının tərifi çox mürəkkəbdir uşaqlarda.

Uşaqlarda qarın ağrısının səbəbləri?

Qarın ağrısının uşaqlarda bir çox səbəbi var. Əsas səbəb bağırsaqlardan qaynaqlanan səbəblərdir. Bunlar da daha çox cərrahi və cərrahi olmayan xəstəliklərin əmələ gətirdiyi qarın ağrısıdır. Qarın ağrısı, əslində bir xəstəlik deyildir, xəstəliyin bir təzahürüdür, yəni simptomudur.

Qarın ağrısının ən çox cərrahi səbəbi uşaqda appendisitdir. Yəni xalq arasında dediyimiz “kor bağırsağın” iltihabı. Bu, cərrahi olaraq bizim ən çox əməliyyatla sağaltdığımız qarın ağrısı səbəbidir. 

Bir də cərrahi olmadan, yəni konservativ dərman müalicəsi ilə və yaxud da davranış müalicəsi ilə müalicə etdiyimiz qarın ağrısının ən çox səbəbi isə qəbizlikdir. Uşaqlarda qəbizlik özlüyündə bir qarın ağrısı səbəbidir və digər cərrahi xəstəliklərlə də qarışdırıla bilər. Bunu ayırmaq da bir təcrübə tələb edir. Eyni zamanda, sidik yollarının infeksiyası, sidik yollarında daş kimi problemlər də qarın ağrısı ilə özünü büruzə verə bilər. 

Qız uşaqlarında yumurtalıqlardan əmələ gələn xəstəliklər: yumurtalığın kisti və yaxud da yumurtalığın özünün oxu ətrafında dönməsi buna yumurtalıq torsiyası (over torsiyası) deyirik. Bu da qarın ağrısına səbəb ola bilir. 

Və yaxud da gənc qızlarda endometriumun xəstəlikləri və yaxud da infeksioz xəstəliklər də qarın ağrısına səbəb ola bilər.

Qarın ağrısın səbəbi mütləq araşdırılmalıdır

Qarın ağrısını yaş qrupuna görə qiymətləndirsək 9 aylıq, 1 yaşında, 2 yaşında uşaqlarda qarın ağrısı, qusma simptomları varsa, “bağırsağın iç-içə girməsi” dediyimiz, “bağırsaq taxanıqlığı, düyümlənməsi” dediyimiz, invaginasiya xəstəliyindən şübhələnmək lazımdır. 

Yəni qarın ağrısı mütləq həkimin görməsi, uşaq həkiminin görməli olduğu bir simptomdur və bunu çox ciddi qəbul etməliyik. Yəni uşaqda bir qarın ağrısı varsa, əgər ailə onda, keçici bir qarın ağrısı olduğunu düşünsə belə, mütləq onu həkimi ilə məsləhətləşməlidir ki, altından gecikmiş səbəblər çıxmasın. Məsəl üçün, sidik yollarının infeksiyası dediyim kimi qarın ağrısı səbəbi ola bilər. Amma mütləq bunu bir sidik analizi ilə olub-olmadığını yoxlamaq lazımdır. Və yaxud da uşaq deyirsə ki, “Mənim göbəyimin ətrafında bir ağrı var”, “Keçər, bunu sabah həkimə aparım” deyə düşünərsək o, appendisitin başlanğıc ağrısı olub və gecə appendisitin partlamasına səbəb ola bilər ki, bu da gecikdirilmiş bir diaqnozla həkimə gəlmə səbəbi ola bilər. 

Ona görə uşaqlarda qarın ağrısı mütləq diqqətə alınması lazımdır. Qarın ağrısı ilə yanaşı gedən simptomlar da mütləq diqqətə alınması gərəkdir. Məsəl üçün, qusma qarın ağrısı ilə ən çox yanaşı gedən simptomdur. Çünki qarın ağrısı nədir? Qarın içində periton təbəqəsinin iltihabı nəticəsində və yaxud da qıcıqlanması nəticəsində əmələ gəlir və onun qıcıqlanması ikincili olaraq qusmaya səbəb ola bilər. 

Qusma da ödlü qusma və yaxud da ödsüz qusma şəklində ola bilir. Bu da bağırsaq tıxanıqlığının hansı səviyyədə olduğu haqqında bizə təxmini məlumat verə bilir. Yəni bağırsaq tıxanıqlığı da öz-özlüyündə qarın ağrısına səbəb ola bilər. 

Yetişkin insanlarda daha çox görülən, uşaqlarda daha az görülən, amma yenə də görülən qarın ağrısının səbəblərindən biri də “mədənin dəlinməsi” dediyimiz mədə perforasiyasıdır ki, bu da qarın ağrısına, şiddətli qarın ağrısına səbəb ola bilər. Daha çox 14-15 yaşlı, yəni yetkinlik yaşına çatmış və onun üzəri yaş qrupunda olan pasiyentlərdə biz görürük mədə dəlinməsini, amma çox nadirdir uşaqlarda. Yəni, daha çox böyüklərdə olan şeydir. Amma ağlın bir kənarında tutmaq lazımdır. Yəni öd kisəsindən qaynaqlanan problemlər, öd daşı xəstəliyi və yaxud da kəskin xolesistit dediyimiz öd kisəsinin öz iltihabı və yaxud da öd yollarına daş düşməsi də qarın ağrısı, qusma kimi simptomlarla özünü büruzə verə bilər.

Uzman Dr.Nicat Vəliyev, Uşaq cərrahı


enurez-1200x1178.jpeg

21 August 2022 Pediatriya2

Gecə sidik qaçırma bütün dünyada milyonlarla uşağa təsir edən sağlamlıq problemidir.

Əgər uşaq 5 yaşındadırsa və hələ də gecə yatağı isladırsa, bu, ciddi problemdən xəbər verə bilər. Təxminən hər beş uşaqdan birində gecələr sidik qaçırma olur, lakin onların bəzilərində patoloji, bəzilərində isə sırf fizioloji səbəb olur.

Bəs bu səbəblər nədir?

Birincisi irsi ola bilər, ən çox gördüyümüz budur. Əgər ana və ya ata keçmişdə altını isladıbsa gecə yatarkən uşaqda da baş vermə tezliyi yenə artır. Bundan başqa, qəbizlik ola bilər. Antidiuretik hormonun çatışmazlığı ola bilər. Əsas diabet xəstəliyi ola bilər. Sidik kisəsinin düzgün işləməməsi, kiçik sidik kisəsi və ya sidik kisəsinin çox işləməsi bu vəziyyətə səbəb ola bilər.

Təbii ki, ailənin tualet vərdişləri qazandırarkən göstərdiyi təzyiqçi davranışları, gecə yatmazdan əvvəl çox su içməsi, çox dərin yatması da bu vəziyyətin səbəblərindən ola bilər. Müalicəsi üçün ya dərman müalicəsi, ya da davranış terapiyası tövsiyə edirik. Bəzən hər ikisini eyni anda istifadə edə bilərik. Burada önəmli olan ailənin uşağa qarşı təzyiqçi münasibət göstərməməsi və uşağı cəzalandırmamasıdır. Bu həll edilə biləcək problemdir. Əsas səbəblərdən asılı olmayaraq, bu, müalicə olunacaq bir xəstəlikdir.

Mən deyirəm ki, heç bir uşaq sidik qaçırma problemi ilə qalmasın. Bu sağalmaz xəstəlik deyil, boş yerə uşaqlarımızı cəzalandırmayaq.

Uzm.Dr.Rahşan Şahin Çetinkaya, Pediatr


enmemis-xaya-uzi-muayinesi-1200x675.jpeg

Hamiləliyin 6-cı, 9-cu aylarında xayalar böyrək ətrafından başlayaraq 9-cu ayın sonuna qədər torbada yerləşməyə başlayırlar.

Bəzən erkən doğulan uşaqlarda xayalar yerində yerləşməyə bilər. 

Bu doğuşdan sonrakı 3 ay ərzində pediatr tərəfindən kontrolda saxlanılır. Yenə də yerləşim alması olmasa, bir il ərzində ildə bir dəfə olmaqla, yəni pediatrın göstərişi əsasında ultrasəs ilə təqib olunur. Yerləşmə olmadığı halda uyğun cərraha yönəldilir.

Xayaların normal torbada yerləşməsinin vacibliyi nədən ibarətdir?

Birincisi, kanserogen riskinin olması… Yəni xayalıq temperatur olaraq bədəndən 2 dərəcə daha aşağı olduğu üçün doğru bir yerləşim olmalıdır. 

İkinci, ölçü geriləməsi ola bilər, yəni kiçik qala bilər və s. 

Və spermagenez… İrəlidə sperma faizinin düşüşünə səbəb ola bilər. Bunun üçün cərrahimi yol, yoxsa müalicə yönlü… Artıq cərrahın qərarıdır.

Ən qorxulusu xaya burulmasıdır

Ən qorxduğumuz şey yetkinlik yaşında olanlarda və uşaqlarda xayanın burulmasıdır. Bu hərəkətli xayalarda olur. 

Hərəkətli xaya enməmiş xayadırmı? Deyil. Bunlar yalançı kriptorxizmdir, “utancaq xaya” kimi də biruzə olunur. Bunun bilinməsində ultrasəsdə gələn xəstənin tipik şikayətləri belədir: qasıq nahiyəsində ağrı başlayır, daha sonra xayada kəskin ağrı kimi yekunlaşır.

Ultrasəs burada ən çox rol oynayan bir müayinə üsuludur. Nə üçün? Enməmiş xayası olan bir pasiyentin xayasının burulma riski olduğu üçün bu yöndə ağrı ilə bizə müraciət edən xəstələrdə uroloqların, uro-androloqların bizdən tələb etdiyi nədir? Xaya kordunda, yəni borusunda burulmamı var, xaya artımınınmı iltihabıdır, xayanın özününmü iltihabıdır, xaya artımının çıxıntısınınmı iltihabıdır? Bu 4 səbəbi, 5 səbəbi biz ayırd etməliyik. Bu da xəstənin təxirəsalınmaz əməliyyatmı olması?… Çünki xaya burulmasıdırsa, bu artıq 6 saat, 8 saat sonunda ya həmin xayanın alınmasına gətirib çıxara bilər, ya əməliyyatla geri döndərilməsinə. Çünki kəskin qan dövranı pozula bilər. Artıq nekroza uğramaq, yəni toxumanın ölümünə səbəb olur. Toxuma ölümü zamanı xayanın alınması tövsiyə olunur.

Xaya artımı iltihabıdırsa və ya çıxıntının burulmasına yönələn bir iltihabıdırsa, bu, adətən, təqib olunur. Yəni bu, uroloqlarımız daha yaxşı bilirlər. 

Bizim önəmsədiyimiz kriptorxizmdə olan xəstələrin yerləşiminin də görülməsi ki, bu, saydığım fəsadların əsas səbəbi onlardır. Adətən, 15% hallarda bu, qarın boşluğunda, 25% hallarda qasıq kanalında, 60% hallarda preskrotal dediyimiz, yəni kisənin bir az üzərindən, yəni xayalığın bir az üzərində yerləşirlər. 

Qarın boşluğunda olması kanserogen riski çox yüksək daşıyan bir ehtimaldır ki, uyğun bir şəraitdə planlı şəkildə əməliyyat olunmalıdır. 

Qasıqda olması isə “yalançı xaya” deyilsə, retraktil, yəni “utanqac xaya” deyilsə, bir il ərzində enməzsə, artıq əməliyyat olması tövsiyədir və zorunludur.

Ona görə uşaqlarımızı düzgün pediatrlarımızın, uroloqlarımızın nəzarət altında, zamanında kontrollu şəkildə ultrasəs olunması, qasıq nahiyəsində istənilən ağrını hiss etdikdə diaqnostik baxış tövsiyə olunur. 

Çünki hər qarnı ağrıyan uşaq appendisit olmaya bilər. Hər göbək altı ağrısı olan qaz, köp ağrısı ola bilər, xaya burulmasının ilkin ehtimalı da ola bilər. Bu mütləq inkar olunmalıdır ki, xoşagəlməz hallara gətirib çıxmasın. 

Dr.Cavid Muradov,  USM həkimi

 


usaqlarda-yuxu-problemleri-1200x675.jpeg

17 August 2022 Pediatriya0

Yuxu bir-birini əvəz edən döngülər şəklində gedən fizioloji bir prosesdir. Yeni doğulan dövründən ta insan həyatını başa vurduğu dövrə qədər bu döngülər davam edir. 

Sadəcə uşaqlar arasında fərq nədir? Bu döngülərin müddəti. Məsələn, yeni doğulan bir körpədə yuxu döngüsi 50 dəqiqədən bir təkrarlanırsa, daha böyük, məktəbli bir uşaqda bu 90 dəqiqəyə, məktəbin sonlarına yaxın olan yeniyetməlik periodunda 110 dəqiqəyə qədər uzanır və bu döngülər bir-birini əvəz edir.

Həssas valideynlər özləri uşağı oyadır

“Həkim nəyə görə qonşunun uşağı axşam yatır səhərə qədər, heç oyanmır. Amma mənim uşağım dəqiqə başı oyanır”. 

Burada yuxu döngüləri vacib rol oynayır. Onlara izah edirəm ki, yəni bu yuxu döngüləri arasında uşaqlar oyanır. Yəni bu hər yaşda belədir. Çox qısa bir oyaqlıq halı olur. Amma həssas valideynlər diqqət edirlər uşağı oyandığı anda. Birbaşa uşağın yatağına yaxınlaşıb onunla göz təması qurmağa çalışırlar. Sanki o yuxuya getməyəçəkmiş kimi ya qucaqlarına alırlar, ya bir “pış-pış” edirlər o qısa periodda və uşaq oyanır. Amma halbuki heç yaxınlaşmasalar, uşağı sərbəst buraxsalar, uşaq öz-özünə yuxusuna davam edəcək və bir yuxu döngüsi başqa bir yuxu döngüsi ilə əvəz olunacaq. Bu bir… 

Gecə qidalanması

Yenidoğulan periodda uşaq qidalanmağa möhtacdır. Daha sıx aralıqlarla qidalanır və onun yuxu rejimi qidalanma rejimi ilə birbaşa əlaqəlidir. Ona görə bəlli bir dövrə qədər, haradasa bu üçüncü, dördüncü aya uyğun gəlir, yuxu rejimi yaratmaq bir az çətindir. 

Nəyə görə? 

Çünki ilk 3-4 ayda uşaqlarda qaz problemləri, ön plandadır, qidalanma problemləri ön plandadır, ana ilə uşaq arasında adaptasiya problemləri var və buna görə yuxu döngüləri tam olaraq oturuşmuş deyil. Amma bu problemlər hamısı getdikdən sonra uşaq artıq rahat, yaxşı qidalanan bir uşaqdır. Hər bir valideyn, əgər istəmirsə ki, gələcəkdə uşağında yuxu pozğunluğu olsun, tam da o dövrdən başlayaraq yuxu rutini yaratmalıdır.

Bu necə olacaq? Məsələn, deyək ki, yenidoğulan periodunda bir uşağın 20 saat yuxuya ehtiyacı varsa, böyüdükcə, ətrafa marağı artdıqca bu müddət getdikcə azalır. Məsələn, 18 saata enir, 16 saata enir və altıncı ayına gəlirik… Artıq uşağın ətrafa marağı artıb, artıq iməkləməyə başlayıb, hərəkətləri artıb və eyni zamanda gecə qidalanma ehtiyacı azalıb. 

Hətta altıncı ayından etibarən sağlam böyüyən bir uşağın gecə qidalanmasına ehtiyacı yoxdur. Gecə qidalanmayan uşaq da gecə fasiləsiz olaraq yatacaq, gündüz daha gümrah, daha sağlam bir şəkildə oyanacaq. Eyni zamanda bu valideyn üçün də keçərlidir. Gündüz yuxuları da uyğun bir şəkildə davam edəcək.

50% 6 aylığında, 90% uşaqlarda isə 1 yaşından sonra gecə qidalanmasına ehtiyac duymur.

Bu ana südü ilə qidalanan uşaqlarda bir az daha fərqli ola bilər. Çünki ana südü tez həzm olunan bir qida olduğuna görə uşaq gecə bəlkə süni qida ilə qidalanan uşaqlara görə daha tez aca bilər. Amma bu da araşdırmalarla göstərilib ki, ana südü əmən uşağın yuxuya getmə müddəti daha qısadır. Bir yaşına qədər ana südü ilə qidalanan uşaqlarda gecə qidalanmalarına icazə verilir.

Gecə yuxusu və gündüz yuxusu

Məsələn deyək ki, 6-7 aylıq bir uşağın 3 gündüz yuxusuna ehtiyacı var, 8-ci ayda gündüz yuxusu artıq 2-yə düşməlidir. Ondan sonra 18-ci ayında artıq 1 gündüz yuxusu onun üçün yetərlidir. 3 yaşına qədər mütləq bir şəkildə uşaqların 1 gündüz yuxusuna ehtiyacı var. 

Burada yuxunun müddəti uzunluğu çox önəmli deyil. Türklərdə “şekerleme” yuxusu deyirlər. Yəni qısa müddətli, 30 dəqiqəlik bir yuxu alması belə onun vücudunun dincəlməsi üçün yetərlidir.

Neçə gündüz yuxusunun olduğunu bilmək valideyn üçün önəmlidir. Çünki bəzən lazımından daha çox uşaqları yatızdırmağa çalışırlar ki, bu da onlarda inadkarlığa, yuxu rəddinə səbəb olur. 

Məsələn: 3 gündüz yuxusu yatan bir uşağın ən son gündüz yuxusu saat 5-də tamamlanmalıdır. Deyək ki, hər hansı bir səbəbdən qonaq gəldi, bir yerə gedildi və yaxud da uşaq xəstədi, bir şey oldu. Axşam saat 5-də uşaq yata bilmədi, yatırda bilmədi valideyn onu. Yatırdmaq üçün saat 6-da, 7-də çalışmamalıdır. Onu buraxmalıdır ki, gecə yuxusuna qədər olan müddətdə uşaq yorulsun və əgər yatarsa o zaman gecə yuxusuna təsir edəcək və zamanından daha gec yatmaq məcburiyyətində qalacaq. Bu da çox önəmlidir.

Yuxu rutini

Uşaq yuxuya hazırlaşarkən o valideyni tərəfindən hazırlanmalıdır. Necə? Sadəcə, yəni bu düşüncə şəklində deyil, söz olaraq da, “Artıq yuxu saatımız yaxınlaşır,” “Artıq yatmağa hazırlaşırıq” şəklində uşağa bir mesaj verilməlidir. Ondan sonra otağın hazırlığı… Bu gündüz yuxusuna da aiddir. Gecə yoxusunda, məsələn parlaq bir işıqdırsa, yuxuya getmədə çətinlik çəkəcək uşaq.

Ondan sonra otağın havası dəyişdirilmiş olmalıdır. 

Otağın temperaturu… Biz isti sevən millətik bir az. Yuxu problemi olan ailələrə çox vaxt sual verirəm ki:

– Otağınızda termometr varmı?

– Var.

– Neçə dərəcə olur?

– 30 dərəcə!

30 dərəcədə uşağın yuxuya getməsi əlbəttə ki çətinləşəcək. Maksimum 23-24 dərəcə… Təbii ki bu yay və qış aylarında bir dərəcə o tərəf, bu tərəf dəyişə bilər. Buna diqqət etmək çox vacibdir.

Yataq otağı səssiz olmalıdır.  

Bir də siqnallar var uşaqlarda. Yəni hər bir uşaq fərdidir və valideyni, bir ana, ata uşağını daha yaxşı tanıyır hər kəsdən və o siqnalları daha yaxşı bilir… Məsələn bəzi uşaqlar gözlərini ovuşdurmağa başlayır. Bəzi uşaqlar əsnəməyə başlayır… Məsələn, deyirlər ki, “Heç bir zaman ikinci əsnəməyi gözləməyin”. Bir dəfə uşaq əsnədisə artıq onun yuxu siqnalı gəlmişdir. Valideyn bunu diqqətə almalıdır və artıq yuxu üçün hazırlıqlarına başlamalıdır.

Məsələn, qısa bir yuxu rutini verməli olsaq… 

Deyək ki, uşaq əsnədi. Valideyn artıq onu sözlə söylədi. Bundan sonra uşağı aparacaq vanna otağına məsələn, duş aldıracaq. Amma hər uşaqda duş yuxu gətirici deyil. Bəzilərini də daha da oyandıra bilər. Yenə də bunu valideyn baxaraq tənzimləməlidir. Duş aldırdı, dişləni fırçalatdı, yataq paltarını, pijamalarını geyindirdi məsələn. Uşaq da öz-özlüyündə düşünür, şüur altına artıq yerləşir ki, yavaş-yavaş “Artıq mən yatmağa hazırlaşıram”, artıq rahatlayır və yataq otağının yolunu tutmağa başlayınr.

Uzman Dr.İnarə Eldarova – Pediatr


inek_sudu_allergiyasi-1200x675.jpeg

20 April 2022 Pediatriya0

Bu gün sizə inək südü zülal allergiyası haqqında danışmaq istəyirəm.

İnək südü zülal allergiyası hər 100 yeni doğulan körpənin təxminən 3-5-də baş verir və bir yaşdan kiçik körpələrdə ən çox görülən qida allergiyasıdır.

Simptomlardan danışmaq istəsək, əlamətləri qəbizlik və ya əksinə, ishal, nəcisdə qan, nəcisdə selik, dəridə qurdeşənəyi kimi lezyonlar və xüsusilə, yanaqlarda atopik dermatit və ekzema kimi lezyonlara səbəb ola bilər. 

Və ya bunlardan tamamilə asılı olmayan xışıltı atakları, aşağı tənəffüs yollarının infeksiyası ilə qarışacaq qədər xırıltının ciyərlərdə eşidilməsi, burun tıxanıqlığı, asqırma kimi simptomlara səbəb ola bilər. Nadir hallarda angioödem də şok kimi əhəmiyyətli və ciddi xəstəliklərə səbəb ola bilər.

İnək südü allergiyasının diaqnozu

Diaqnoz hissəsindən danışsaq, bizə kömək edəcək bəzi testlər var. Bunlar dəri üzərində dəri Prick testi, yama testi və ya qanda serum spesifik IgE səviyyəsidir. Bunlar bizə kömək edə bilər, amma bizim üçün ən önəmlisi ailənin verdiyi anamnez, körpənin fiziki müayinəsi və inək südü alındıqda bu körpədə simptomların artması, dayandıqda isə azalmasıdır. Bunlar bizə ən çox kömək edəcək parametrlərdir.

İnək südü allergiyasının müalicəsi

Müalicə hissəsindən danışsaq, 6 aydan kiçik olanlar üçün daha sadədir. Əgər ana südü ilə qidalanırsa, anaya pəhriz vermək, əgər ana südü ilə qidalanmırsa, körpəni yarı hidroliz edilmiş və ya tam hidroliz edilmiş uşaq qidaları ilə qidalandırın. Ancaq 6 aydan çox davam edirsə, bu problemli sayılır. 6 aydan sonra mütləq pediatrın nəzarəti altında əlavə qidaya keçmək lazımdır. 

Əgər sizin də belə bir şübhəniz varsa, mütləq pediatra müraciət etməlisiniz.

Uzm. Dr. Rahşan Şahin Çetinkaya, Pediatr

 


usaqlarda_qebizlik-1200x675.jpg

19 April 2022 Pediatriya32

Əslində bütün dünyada qəbizliyin vahid bir tərifi yoxdur. Amma ən sıx istifadə olunan tərifi sıxlığı nəzərə alınmamaq şərtilə sərtliyi və nəcis ifrazında olan gücənmə olaraq qəbul olunmuşdur. Burada Roma 3 kriteriyaları bütün dünyada istifadə olunan kriteriyalardır. 7 bənddə incələnir. 

Yəni, həftədə 2 dəfə və altında, daha az nəcis ifrazının olması uşaqlarda, nəcis ifrazında gücənmə, sərt və daha böyük ölçülü nəcis ifrazının olması, fekal inkontinans dediyimiz, yəni nəcis qaçırma, bütün bu əlamətlərin 4 yaş altı uşaqlarda bir ay müddətində davam etməsi, 4 yaş üstü uşaqlarda isə 2 aydan uzun davam etməsi şərtləri daxilində bu kriteriyalardan ikisi varsa, biz artıq qəbizliyi araşdırmağa başlamalıyıq.

Qəbizliyin səbəbləri və növləri

Qəbizlik bir funksional qəbizlik, bir orqanik qəbizlik, 2 başlıq altında incələnir. Uşaqlarda bütün yaş qruplarında götürüldükdə 90-95 faiz funksional qəbizliyə rast gəlinir, sadəcə 5-10 faiz orqanik patologiyaların səbəb olduğu qəbizlik araşdırılmalıdır.

Funksional qəbizlik düzəldilə bilən, yəni etioloji faktor təyin edildikdən sonra, o aradan qaldırıldıqda funksional qəbizlik çox rahat bir şəkildə müalicə olunan bir xəstəlikdir.

Orqanik patologiyalar daha ağır seyr edir. Onların səbəb olduğu qəbizlik daha uzun sürür və mütləq bir şəkildə uşaq həkimləri pediatrlar tərəfindən araşdırılması gərəkir.

Funksional qəbizlik

Funksional qəbizlikdə nə ola bilər?

Funksional qəbizliyə misal olaraq tualet tərbiyəsinin başlama periodunda uşaqlar bəzən bezdən təzə çıxırlar və nəcisi tutmağa çalışırlar. Bu periodda ola bilir, funksional qəbizlik inkişaf edir. Və yaxud da uşaq az su içir, yetərli qədər hərəkət etmədikdə, doğru qidalarla qidalanmamaq qəbizliyə səbəb ola bilər.

Doğru qidalar dedikdə buraya tərəvəz, meyvə, yetəri qədər protein qəbulu… Paket qidalardır, hazır qidalardır, konservə edilmiş məhsulların istifadəsi məhdudlaşdırılmalıdır bu uşaqlarda. Həddindən artıq şəkər istifadəsi, karbohidrat istifadəsi, duz istifadəsi yanlış qidalanmaya səbəb olaraq uşaqlarda qəbizliyə səbəb ola bilər.

Son zamanlarda bütün dünyada çox yayılmış ekran məruziyyəti uşaqlarda hərəkət məhdudlaşmasına səbəb olaraq bu da funksional qəbizliyin bir səbəbi olmaqdadır.

Bu dediyimiz parametrlər uşaqlarda aradan qaldırıldıqda funksional qəbizlik özbaşına da düzələ bilir. Amma bunlar deyil, yəni bu səbəblər hamısı inkar edildikdən sonra və düzəldildikdən sonra hələ qəbizlik davam edirsə, o zaman həkim müayinəsi mütləqdir.

Orqanik qəbizlik

Orqanik patologiyalardan ən çox mədə-bağırsaq sistemi malformasiyaları, sinir və əzələ sistemi xəstəlikləri, metabolik problemlər daha çox orqanik qəbizliyə səbəb olan patologiyalardır.

Orqanik patologiyaların səbəb olduğu qəbizlikdə, qəbizliklə eyni zamanda paralel olaraq çox şiddətli qusmaların olması, qarında şişliyin olması, qısa bir müddət ərzində uşaqda şiddətli çəki itkisinin olması, bundan başqa uşaqda inkişafda ləngimənin olması, çox şiddətli qarın ağrılarının olması o zaman şübhə oyadacaq və mütləq bir şəkildə araşdırılması lazımdır.

Dr.İnarə Eldarova, Pediatr


oskurek-ucun-ne-etmeli.jpeg

11 November 2021 Pediatriya7

Öskürək uşaqlarda çox sıx görünən bir əlamətdir və bu vəziyyətlə bağlı, bu şikayətlə bağlı çox sıx-sıx müraciətlər olur.

Öskürək nədir?

Öskürək əslində fizioloji bir prosesdir və səs tellərinin qapanması ilə bir nəfəs verməklə tənəffüs yollarında olan yad cisimləri, ifrazatı çıxartmaq üçün olan bir nəfəs vermədir və spesifik bir səslə çıxır.

Normal uşaqlar fizioloji bir vəziyyətdə öskürə bilərmi?

Bəli, öskürə bilər. 

Normalda bir gün içində aşağı-yuxarı, 10-15 arasında öskürək ola bilər.

Öskürəyə görə nə vaxt narahat olmalıyıq?

Öskürək əgər yenidoğulan dövrdə olursa, bu önəmlidir. Nəyə görə? Çünki yenidoğulan dövrdə olan öskürəklər bir çox hallarda anamaliyalarla bərabər olmuş olur. 

Və ya öskürək başladıqda başqa əlamətlər varsa, məsəl üçün: qızdırma varsa, təngnəfəslik varsa, sianoz varsa, bu zaman önəmlidir öskürək. 

4 həftəni, bəzi ədəbiyyatların dediyinə görə 8 həftəni aşan bir öskürək varsa, bu önəmlidir.

Hər öskürək antibiotiklə müalicə olunmur

Patoloji halda olan bir öskürək varsa, bu vaxt özünü müalicə ilə məşğul olmaq bəzən xəstəliyin diaqnostikasını gecikdirə bilər və xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Bu səbəbdən evdə istifadə olunan lazımsız dərmanlar xəstəliyin gedişatını daha ağırlaşdırar. 

Adətən, dəyərləndiririk, əgər bakteriyal bir etiologiya görürüksə, o zaman antibiotik müalicəsini məsləhət görürük. Əgər bu bakterial deyilsə, viraldırsa və ya məsəl üçün sadəcə reflüksə bağlı öskürəkdirsə, bu zaman verəcəyimiz antibiotik də bir fayda verməyəcək. 

Bu bakteriyal bir prosesə keçərsə, bakterial bir vəziyyətə keçərsə, bu zaman o istifadə elədiyimiz antibiotiki təkrar dəyişmək və daha ağır antibiotiklər istifadə etmək məcburiyyətində olarıq.

Öskürəyin təbii yolla müalicəsi

Türkəçarələrlə müalicəyə gəldikdə, məsəl üçün, bəsit bir öskürəkdirsə, yəni 2 həftəni keçməyən bir öskürəkdirsə, bəzən bu hansısa bir bəhməzin qəbulu və ya balın qəbulu simptomatik olaraq rahatladır. Bunun da təsir mexanizması sırf farinksdəki sinir uclarının örtməsi ilə əlaqədardır. 

Amma, təbii ki, daha ciddi səbəblər olan öskürəkdə bunlar, bəlkə, bir az öskürək şikayətlərini azalda bilər, amma əsl xəstəliyi gizləyər və daha irəliyə getməyinə səbəb ola bilər.

Uşaq öskürürsə, ailə nə etməlidir?

Əgər 4 həftədən artıq müddətə öskürək davam edirsə, kiçik körpədədirsə öskürək, öskürəklə yanaşı digər şikayətlər varsa, bu zaman mütləq həkimə müraciət etmələri lazımdır.

Ən yaxşı öskürək dərmanı soruşurlar həmişə. “Ən yaxşı öskürək dərmanı hansıdır? Hansı kəsər öskürəyi?” Ən yaxşı öskürək dərmanı deyə bir dərman yoxdur. Yəni hər öskürəyin səbəbinə görə olan bir müalicə var. Yəni öncə müayinə edib öskürəyin səbəbini dəqiqləşdirmək lazımdır və ona görə müalicəni təşkil eləmək lazımdır. 

Evdə olan müalicələr, əgər ciddi səbəblər varsa, bunları daha da ağırlaşdıra bilər.

Uzun müddət davam edən öskürəyi həkim müayinə etməlidir

Türkəçarələrlə dediyimiz kimi bəzi simptomatik faydalar görə bilərik. Amma xüsusilə, uzun müddətdir davam edən bir öskürək varsa, bunun üçün mütləq həkim müayinəsi, mütəxəssis müayinəsi lazımdır. Bəzən bunların altından: asma kimi, xronik aspirasiyon kimi ciddi xəstəliklər çıxa bilər. 

Və ya başqa orqanların xəstəliklərində də öskürək ola bilər simptom. Məsəl üçün reflüks, məsəl üçün kardiak xəstəliklərin simptomunda da yəni öskürək ola bilər. 

Bu səbəbdən mütəxəssis müayinəsi vacibdir.

Uzman Dr. Elnur Hüseynov, Pediatr

 

 


usaqlarda-demir-catismazligi.jpeg

10 November 2021 Pediatriya10

Dəmir çatışmazlığı bütün dünyada ən geniş yayılmış anemiya şəklidir. 

Dəmir insan orqanizmində hemoqlobinin tərkibində oksigen daşımaqla bərabər, həmçinin mərkəzi sinir sistemi inkişafında, infeksion xəstəliklərdən qorunmada rol oynayır. Öyrənmə bacarığı, dil inkişafı, intellektual səviyyə, motor-mental inkişafında dəmirin rolu çox böyükdür.

Dəmir çatışmazlığı bütün yaşlarda görülə bilir. Uşaqlarda ən çox 6-24 aylarında və yeniyetmə dövründə daha çox görürük.

Uşaqlarda dəmir əskikliyinin səbəbləri

Vaxtında doğulan körpələrdə hamiləliyin son trimestrində dəmir kifayət qədər depolanmış olur. Amma vaxtından əvvəl doğulan körpələrdə və xəstəxanada hər hansı bir səbəblə yatışı olan xəstələrdə dəmir əskikliyi görə bilirik.

Həmçinin 6 aydan sonra ana südündəki dəmirin miqdarı sürətlə böyüyən orqanizmə kifayət etmədiyi və dəmirlə zəngin qidalardan az istifadə dəmir əskikliyi anemiyasına səbəb ola bilir.

Eyni zamanda xroniki mədə-bağırsaq xəstəlikləri, bağırsaq parazitləri, çoxlu miqdarda inək südü alımı və yeniyetmələrdə yenə təkrar, ikinci pik olaraq sürətlə böyümə, qızlarda menstrual tsikla bağlı olaraq dəmir əskikliyi görülə bilir.

Uşaqlarda dəmir əskikliyinin əlamətləri

Dəmir əskikliyi görülən uşaqlarda klinik olaraq: dərinin solğun olması, çox yorulma, əsəbilik, iştahsızlıq, baş dönməsi, baş ağrısı, ağız kənarlarında yaralar, dildə dad tumurcuqlarında atrofiya, saçlarda, dırnaqlarda qırılma, dırnaqlarda cizgilər görə bilirik.

Eyni zamanda bu uşaqlarda qida olmayan maddələrə meyillik olur ki, torpaq, gil, divar boyası, tabaşir kimi maddələri yeyə bilirlər.

Uşaqları dəmir çatışmazlığından qoruma yolları

İlk olaraq körpələr ilk 6 ayı sadəcə ana südü almalıdır. 6 aydan sonra isə dəmirlə zəngin qidalar hər gün günlük olaraq rasiona daxil edilməlidir.

Bundan başqa, vaxtında doğulmuş körpələr 4-cü aydan, vaxtından əvvəl doğulmuş körpələr isə 2 aydan, bəzi xəstələr hətta 1 aydan dəmir profilaktikasına başlanmalıdır və bu profilaktika 1 yaşına qədər davam etməlidir. 

1 yaşından sonra başladığımız inək südünün isə günlük miqdarı 500 ml və ya 2 stəkandan artıq olmamalıdır. 

9 aya qədər bütün uşaqlarda, bütün körpələrdə bir dəfə ən azından “hemoqram” kontrolu olmalıdır.

Uşaqlarda dəmir çatışmazlığının müalicəsi

Dəmir əskikliyi diaqnozu qoyduğumuz bütün uşaqlarda mütləq dəmir müalicəsi başlanmalıdır. Əsasən, dəmir preparatları sirop, damcı, kapsul şəklində verilir. 

Və dəmir preparatları… Dəmir ferroz şəklində olmalıdır və müalicə 3 ay davam etməlidir. 

3 aydan sonra həkim təkrar hemoqram kontrolu edərək davam etmək və ya müalicəni kəsmə qərarını verə bilər.

Dəmir preparatları qəbulu zamanı qarın ağrısı, mədə bulanması, qusma, diş rəngində qaralma, qəbizlik, ishal, nəcis rənginin qaralması kimi şikayətlər ola bilər və buna görə mütləq ailələr məlumatlandırılmalıdır, valideyn məlumatlandırılmalıdır və məsləhətlər verilməlidir.

Dəmir əskikliyi olan uşaqlarda qidalanma

Müalicə zamanı dəmirlə zəngin qidalar mütləq ailələrə məsləhət edilməlidir. Bunlar: ət, balıq, yumurta, qaraciyər, mərcimək, noxud kimi paxlalı bitkilər, daha sonra, üzüm bəhməzi kimi qidalar günlük rasiona daxil etməyi mütləq çalışmaq lazımdır.

Bundan başqa, müalicə zamanı C vitamini ilə zəngin olan meyvələr, tərəvəzlər verə bilir. Portağal, mandarin kimi meyvələr dəmirin bağırsaqlardan əmilməsinə kömək edə bilir. Bu kimi məsləhətlər mütləq ailələrə verilməlidir.

Kortəbii dərman qəbul edilməməlidir

Bəzən ailələr də uşağın rəngini solğun görərək və ya hər hansı bir şikayətini nəzərə alaraq, özbaşına, bilmədikləri dərmanları başlaya bilirlər. Amma hər solğun görünən uşaq anemiya şikayəti və ya anemiya diaqnozu olmaya da bilər. Bunun üçün mütləq həkim diaqnozu olaraq, həkim resepti ilə müalicəyə başlamaq lazımdır.

Həmçinin dəmir əskikliyi anemiyası müalicəsini almadan əvvəl də bu uşaqda talassemiya, hər hansı bir bağırsaq xəstəlikləri və başqa xəstəliklər ola bilir ki, bunların da müalicəsi şərtdir.

Uzman Dr. Fatmaxanım Osmanova, Pediatr


usaqlarda-urek-xestelikleri.jpeg

21 October 2021 KardiologiyaPediatriya0

Uşaq ürək xəstəlikləri böyük ürək xəstəliklərindən tamamilə fərqlənir. 

Tamamilə fərqli bir qrup xəstəliklərdir. 

Bunları da öz içində sinifləndirsək, əsasən “anadangəlmə ürək qüsurları” və uşaqların sonra yaşam sürəsində məruz qaldıqları infeksiyalar, dərman preparatları, ətraf mühit amilləri sonuncu “qazanılmış ürək xəstəlikləri” olaraq fərqli qruplara ayrılır. 

Bunun xaricində bir də uşaq ritm problemləri, “uşaqlarda görülən aritmiyalar” kimi xəstəliklər görülür.

Azərbaycanda hər il 1200 uşaq anadangəlmə ürək qüsuru ilə doğulur

Anadangəlmə ürək qüsurları, ümumiyyətlə, 100 canlı doğumda 1 xəstədə görülür. Ölkəmizdə də təxminən, dəqiq statistika olmasa da, təxmini olaraq bir ildə təxminən 1200-1400 arasında bir anadangəlmə ürək qüsuru olan uşaqlar doğulur. 

Amma xoşbəxtlikdən bunların hamısı ciddi müalicələrə ehtiyacı olan xəstələr deyildir. Yəni bunların təqribən 25-30 faizi, bu xəstələrin, ciddi ürək müalicələrə ehtiyacı olan xəstəlik qruplarıdır. Amma təxminən 1200-1400 arasında anadangəlmə ürək qüsuru olan xəstələr ölkəmizdə il ərzində doğulur.

Uşaqlarda ürək problemlərinin səbəbi olaraq ailə faktoru

Ürək xəstəliklərinin tək bir səbəbi yoxdur, təəssüf ki. Bu çox faktorlı səbəblər nəticəsində ürək xəstəlikləri, xüsusilə, anadangəlmə ürək qüsurları yaranır. 

Amma dəqiq bildiyimiz faktorlar da mövcuddur. Uşaqlar doğulmamışdan qabaq hansı uşaqların ürək xəstəlikləri baxımından riskli olduqlarını bilirik. 

Məsələn, əgər anada hər hansı bir ürək qüsuru varsa, zamanında olubsa, müalicə almış olsa belə, o anadan o ailədə doğulan uşaqlar anadangəlmə ürək qüsurları baxımından digər uşaqlara görə 3-4 dəfə daha riskli sayılırlar. Ona görə belə ailələrdə doğulan uşaqların ən az bir dəfə uşaq kardioloqu tərəfindən müayinəsini tövsiyə edirik.

Bundan başqa, əgər ailədə hər hansı bir anadangəlmə ürək qüsuru olan bir xəstə uşaq varsa, digər uşaqların da ürək xəstəliyi olma riski digər uşaqlardan nisbətən daha yüksək olur. 

Hamiləlik zamanı qəbul edilən dərmanlar uşaqda ürək qüsuruna səbəb ola bilər

Ananın bildiyimiz xəstəlikləri var, spesifik xəstəliklər var ki, anadan olan xəstəliklər anadangəlmə ürək qüsurları olma riskini yüksəldir. Bunlara revmatoloji xəstəliklər, ananın şəkərli diabet xəstəliyi kimi xəstəliklər buna misal göstərə bilərik. Və yaxud da ananın hamiləlik dövründə istifadə etdiyi dərman preparatları… Sadəcə vitamin preparatları belə anadangəlmə ürək qüsurlarına səbəb ola bilir.

Səbəblərini bildiyimiz üçün də bu xəstəliklərin bəzilərinin qarşısını ala bilirik. Məsəl üçün, epipsiya dərmanları, polivitamin istifadə eləyən analar – bunların hamiləliyi, ümumiyyətlə, planlaşdırılması gərəkməkdədir. 

Daimi dərman qəbul edən qadınlar hamiləliyi qabaqcadan planlaşdırmalıdır

Adətən, hamiləliyin 8-ci, 10-cu həftəsində ürəyin formalaşması böyük ölçüdə tamamlanmış olur. Və analar hamilə olduqlarını daha gec həftələrdə bilirlər və bu həftələr ərzində normalda istifadə etdiyi dərman preparatlarına davam edirlər. 

Ona görə, əgər bir ana xronik bir xəstəliyi varsa, dərman preparatları qəbul edirsə, hamiləlik öncədən planlaşdırılması lazımdır. 

Məsələn, şəkərli diabeti varsa və yaxud da epilepsiyası varsa, bunlar üçün dərman istifadə edirsə, hamilə qalmamışdan əvvəl həkimləri ilə məsləhətləşib, daha az zərərli olan dərman preparatlarına keçmək məsləhət görülür. 

Xüsusilə, vitaminlərdən, yüksək doza A vitamini tərkibli dərman preparatları, A vitaminin sintetik analoqları istifadə edən analar hamiləlik baş vermədən öncə bu dərmanların kəsilməsi məsləhət görülür.

Anadangəlmə ürək qüsuru öncədən təsbit edilərsə, hamiləlik dayandırılmalıdırmı?

Hamiləliyin sonlandırılması məsələsini biz şəxsən çox məsləhət görmürük. Ailə ilə bərabər danışıb ola biləcək risklər, uşaq doğulduqdan sonra yaşaya biləcək problemləri ailə ilə bərabər müzakirə edib, ondan sonra qərar verməyi ailəyə buraxırıq. 

Günümüzdə bu ürək anadangəlmə ürək qüsurlarının müalicəsinin effektivlik faizi gedərək artmaqdadır. Ona görə yəni bütün riskləri yarar və zərər nisbətini ailə ilə bərabər müzakirə edirik.

Anadangəlmə ürək qüsuru hamiləlik zamanı aşkar olunarsa

Tövsiyəm nə ola bilər? Bir ürək qüsuru hamiləlik dönəmində aşkarlanıbsa, hamiləlikdən sonrakı müddəti çox yaxşı bir şəkildə planlamaq lazımdır. Məsələn, bu uşaqlar bəzən doğulduğu zaman doğum salonunda və yaxud da əməliyyat salonunda bu uşaqlara bir müdaxilə etmək gərəkdir. Dərman müalicəsi başlayırıq və yaxud da birbaşa angioqrafiya laboratoriyasına alaraq bir müdaxilə edirik. Ona görə uşaq doğulduqdan sonra ən böyük rəqibimiz zaman olur. Zamana qarşı yarışaraq. Bu uşaqların belə bir ürək qüsuru olan uşaqların doğumunu uşaq kardioloqu, ürək damar cərrahı, uşaq reanimasiyası olan mərkəzlərdə həyata keçirmək çox vacibdir.

Uşaqlarda ürək xəstəliklərinin müalicəsi

Söhbətimizin əvvəlində də dediyim kimi, bu uşaqların sadəcə 25-30 faizi ciddi ürək müdaxilələrinə, ciddi müalicələrə ehtiyacı olur. Yəni digər böyük bir qismini müalicə etmədən normal təqib edib və ya dərman müalicəsi ilə bu xəstələri müalicə edə bilirik. 

Yəni çox az bir hissəsi: 25-30 faizi ciddi müdaxilələrə ehtiyacı görür və bu ciddi müdaxilə ehtiyacı olan ciddi cərrahi əməliyyat keçirilməsi gərəkən və yaxud kaster-angio edilməli olan xəstələr belə həyatlarını normal şəkildə davam edə bilirlər.

Uzm.Dr.Bəhruz Əliyev, Uşaq kardiologiyası yandal uzmanı

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!