Hamiləlikdə koronavirus necə aşkarlanır və COVID-19 hamilədə necə keçir?

Hamiləlikdə koronavirus necə aşkarlanır və COVID-19 hamilədə necə keçir?

15 January 2021 2
hamile-koronvirusa-yoluxarsa.jpg

1 ildən artıqdır ki, koronavirus dünyaya yayılıb və pandemiya halını alıb. Ölkəmizdə də hər gün yüzlərlə insan bu virusa yoluxur. Əlbəttə ki, bu hal hamilələrdən də yan keçməmişdir, hamilələr də koronavirusa yoluxa bilirlər. Bu postumuzda hamilələrin COVID-19-a yoluxması ilə bağlı tez-tez verilən suallara cavab verməyə çalışmışıq.

Sual: Hamilələr özlərində hansı əlamət olduqda koronavirusdan şübhələnə bilərlər?

Cavab: Öskürək, qızdırma, təngnəfəslik, burundan axıntı, iyin itməsi, dadın itməsi, ümumi halsızlıq, baş ağrıları, bədən ağrıları varsa, hamilələr koronavirusdan şübhələnə bilərlər.

Lakin onu da nəzərinizə çatdırmaq istəyirəm ki, hamilədə, ümumiyyətlə, təngnəfəslik və öskürək ola bilər. 

Çünki bilirik ki, diafraqma qarnın aşağı hissəsi ilə döş qəfəsini bir-birindən ayırır. Hamilənin bətnindəki uşağın, dölün böyüməsi ilə əlaqədər olaraq qarnı böyüdüyünə görə o diafraqmanı yuxarı doğru itələyir və əlbəttə ki, döş boşluğunda yer azalır, həcm azalır. Buna görə təngnəfəslik də ola bilər və quru öskürək də ola bilər.

Hər öskürəyi olan, təngnəfəsliyi olan hamilə panikaya düşməməlidir. Çünki onun panik təsiri həqiqi virusun təsirindən daha çox olur. 

Qadın özünü rahat hiss edirsə, qızdırması yoxdursa, burada heç bir şeydən şübhələnməyə bilər.

Lakin qadında baş ağrıları, bədən ağrıları 38 dərəcədən yüksək temperatur varsa, artıq koronavirusa şübhə ola bilər və o, mütləq test verməlidir.

Testin nəticəsinə əsasən ehtiyac varsa həkimin göstərişi əsasında müalicə olunacaq. 

Əgər hamilə qadında hipertoniya, artıq çəki, hamiləliyin diabetik xəstəliyi də varsa, əlbəttə, ona daha diqqətlə yanaşmaq lazımdır. Çünki belə qadınlarda koronavirus nisbətən ağır keçir.

Sual: “Koronavirus olan hamilələr virus əleyhinə dərmanlar içməlidirlərmi?”

Belə bir sual verirlər xəstələr ki: “Koronavirus olan hamilələr antiviral dərmanlar, yəni virus əleyhinə dərmanlar içməlidirlərmi?”

Cavabım budur ki, qətiyyən olmaz. Əgər hamilədə koronavirus aşkarlanıbsa, o suyu artırmalıdır, limonlu isti su içməlidir, göy-göyərti, meyvə-tərəvəzi artırmalıdır.

Əgər qadında başqa heç bir əlamət yoxdursa, panikaya düşməməlidir. Xəstələr zəng edirlər ki: “Doktor iy bilməm gedib, dad bilməm gedib. Qonşum sistem qoydurur”. Maye vururlar venaya. 

Həkim göstərişi olmadan bunların heç birini etmək olmaz. Çünki hamilələrdə onsuz da, ödəmə meyillilik olur. Artıq mayenin zorla damar içərisinə yeridilməsi onda gələcəkdə ağciyər ödəmi, aşağı ətraflarda ödəm artmasına səbəb olar.

Əgər qadın normal yeyib-içirsə, özü qəbul etdiyi su ona bəsdir. Və antiviral dərmanlar da içmək qətiyyən olmaz.

Əgər laxtalanma sistemində problem varsa, əlbəttə, həkim ona qan durulducu dərmanlar verəcək, ola bilsin Aspirin versin.

Əgər qadında baş ağrıları və yaxud da ki əzələ ağrıları varsa, Parasetamol qəbul eləmək olar. Yenə də həkimin məsləhəti ilə, öz başına yox.

Sual: “Hamiləlikdə virus dölə keçirmi?”

Müxtəlif tədqiqatlar aparılıb dünya üzərində və heç bir dölyanı mayedə aktiv virus tapılmayıb. Ona görə əgər qadın koronavirus keçiribsə, o demək deyil ki, onun uşağında koronavirus var, qətiyyən! Onun uşağı sapasağlam doğulacaq.

Sual: “Koronavirus keçirən ana uşağını əmizdirə bilərmi?”

Mütləq əmizdirməlidir. 

Bilirik ki, ana südündə uşağa lazım olan immun sistemini gücləndirən hər bir şey var. Ümumiyyətlə, həm immun sistemi güclənir, həm uşağın bəslənməsi ən yüksək səviyyədə olur. Ona görə birinci 6 ay ərzində yaxşı olar ki, ana ümumiyyətlə heç bir şeylə qidalandırmasın, ancaq ana südü ilə öz balasını bəsləsin. Onda uşaq da sağlam olar, ananın da ürəyi rahat olar. 

Lakin bunu nəzərə almaq lazımdır ki, xəstə ana maska taxmalıdır və gigiyenaya riayət etmək lazımdır. 

Sual kimi: “Mən COVID keçirirəm, ona görə də həkimə getmirəm”

Ümumiyyətlə, hamilə qadın əgər COVID keçirirsə, onu gəlib ziyarət etmək lazım deyil və ya özü də lazım olmayan yerlərə getməməlidir. Lakin həkim müayinəsinə getmək olar.

“Mən COVID keçirmişəm, həkimə getmirəm” – belə söhbət yoxdur. Əksinə onun həkimlə bağlantısı daha sıx olmalıdır. Özündə gedən hər bir kiçik dəyişikliyi də öz ginekoloquna mütləq deməlidir, ya telefon vasitəsi ilə və yaxud da ki qəbuluna gedərək.

Sual: “Covid keçirən hamilə mütləq keysəriyyə olmalıdır?”

Qətiyyən! Koronavirus keysəriyyəyə birbaşa göstəriş deyil.

Əgər onun xəstəliyi vəziyyəti normaldırsa və doğuşuna az qalıbsa, əlbəttə, doğuşa qədər həkim elə edəcək ki, COVİD-in yan təsirləri keçsin: qızdırma düşsün, qan laxtalanması və s. hamısı qaydaya düşsün. 

Lakin “Hamilədə koronavirus var, keysəriyyəyə getməlidir” deyə bir şey yoxdur. Öz qaydası ilə, normal doğuşla uşaq dünyaya gətirə bilər.

Ona görə mənim COVID keçirən hamilələrə tövsiyəm odur ki, öz həkimlərinizlə sıx əlaqə saxlayın, həkimlərin dediklərinə riayət edin və özbaşına, qonşunun deməyinə görə heç bir müalicə almayın.

Dr.Sevinc Mehtiyeva, ginekoloq


2 comments

  • Memmedova

    26 August 2021 at 15:49

    Salam. Mən 27 həftəlik hamiləyəm. Karona virusu tutmuşam. Uşağa nə kimi ziyanı ola bilər? Mən qanda nələri yoxlatmalıyam ki, dəqiq bilim uşağa ziyandır?
    Antibiotikin nənə Ziyanı ola bilər?

    Reply

    • Ege Hospital

      27 August 2021 at 13:55

      Salam. Mütləq öz həkiminizə müraciət edin, bu vəziyyətdəki birinə buradan cavab yazmaq doğru olmaz.
      Dr. Sevinc Mehtiyeva, Ali dərəcəli Mama-Ginekoloq

      Reply

Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!