Qalxanabənzər vəz xəstəlikləri

Qalxanabənzər vəz xəstəlikləri

27 July 2021 4
zeherli-zob-emeliyyati.jpeg

Qalxanabənzər vəz xəstəliklərini biz 3 qrupda dəyərləndiririk: Birincisi, qalxanabənzər vəzin çox işləməsi ilə gedən, xalq arasında “zəhərli zob” dediyimiz hipertiroidi xəstələri, ikincisi, tam tərsi az işləməsi ilə gedən hipotiroidizm xəstələri və üçüncüsü, vəzdə struktur dəyişiklikləri ilə gedən, böyüməsi, düyünlərlə gedən xəstəliklər kimi dəyərləndiririk. Bu 3 qrup da fərqli-fərqli şikayətlərlə bizə müraciət edir. 

“Zəhərli”, “tənbəl” və “düyünlü” zob xəstəlikləri

İlkin xəstə qrupu, yəni “zəhərli zob”la gələn xəstələr daha çox oqranizmin normadan çox işləməsi ilə bağlı xəstələr şikayət edir. Bu zaman bütün orqanizm başlayır çox işləməyə. Məsələn, ürəkdə döyüntülər olur, əsəbilik olur, tərləmələr olur, qarın getmələri olur, psixoloji problemlər olur – bir şeyə fokuslana bilməmək kimi problemlər olur. 

İkinci qrup xəstələrdə də tam əksi, kütlük olur, qəbizlik olur, dəri quruluğu olur, saç tökülmələri olur.

Və üçüncü qrup xəstəliklər, yəni düyünlə və ya böyümə ilə gələn xəstəliklər də daha çox bu böyümüş düyünün qalxanabənzər vəzin ətrafındakı orqanları sıxması nəticəsində ya boğulma, nəfəs borusunu basması ilə, ya udqunma problemi və ya səs tellərinə gedən sinirləri sıxaraq səs problemi kimi şikayətlərlə bizə müraciət edilir.

Cərrahi baxımdan vacib zob xəstəlikləri

Burada cərrahi tərəfdən bizim üçün vacib olan bir və üçüncü qrup xəstələrdir. İkinci qrupda, çünki sadəcə əskik olan, yəni aşağı olan hormonu yerinə qoymaqla xəstələrin müalicəsi belə də davam edir və ömür boyu nəzarətdə olur endokrinoloq tərəfindən.

Qraves xəstəliyində əməliyyat

Birinci qrup xəstələr – zəhərli zob dediyimiz hipertiroidizm içərisində ən sıx rast gəldiyimiz qraves xəstəliyidir. 

Bunlarda da müalicə daha çox ya birinci seçim olaraq dərman müalicəsidir. Əgər dərman müalicəsinə cavab vermirsə və ya uzun müddət müalicə alıb, müalicə kəsiləndən sonra təkrarlanırsa və yod müalicəsinə uyğun deyilsə, xəstə, məsələn, hamilədirsə və ya “ekzoftalm” dediyimiz gözün qabağa çıxması kimi şikayətlər varsa və ya vəz çox böyük və ürəyə doğru böyüyübsə, “retrosternal zob” deyirik buna… Bu xəstələrdə daha çox əməliyyat məsləhət görülür və əməliyyat zamanı vacib olan vəzin tamamilə çıxarılmasıdır. Gələcəkdə təkrarlanmasın deyə. 

Düyünlü zob xəstəliklərində əməliyyat

Üçüncü qrup xəstələrdə isə düyünlə və ya böyümə ilə gələn xəstələrdə biz daha çox düyünün böyüklüyündən ziyadə və ya sayından ziyadə xüsusiyyətlərinə diqqət edirik. Yəni bədxassələşməyə gedən, USM-də gedən bəzi xüsusiyyətlər varmı? Yəni bunlar nədir: düyünün nahamar olması, qanlanmanın çox olması və kalsinat dediyimiz nöqtəvi kirəclənmələrin olmasıdır. 

Belə şikayətlər varsa, mütləq xəstədən biopsiya alınır. Düyün əgər bədxassəlidirsə və ya bəzən bizə biopsiya nəticəsi bədxassəli olub-olmadığını deyə bilmir, arada qalır. Bu xəstələrə biz mütləq əməliyyat məsləhət görürük. 

Qalxanabənzər vəzin bir payının, yoxsa hər iki tərəfin götürülməsi

Əməliyyat da düyünün sayına, yerləşmə yerinə görə dəyişə bilir. Məsələn, bir payda yerləşibsə və düyün balacadırsa, bir payın götürülməsi kifayət edir və bunun da üstünlüyü odur ki, həm əməliyyat zamanı qarşı tərəf sinirin zədələnmə riski də az olur, həm də gələcəkdə ömür boyu içəcəyi hormonu qıraqdan almamış olur çox hallarda. Amma düyün hər iki tərəfdədirsə, çox saydadırsa, mütləq yenə iki tərəfin də götürülməsini məsləhət görürük. 

Amma bədxassəli gəlibsə şiş, düyün bir tərəfdədirsə belə, ölçüsü 1,5 sm-dən böyükdürsə, belə xəstələrə, çünki gələcəkdə əməliyyatdan sonra yod müalicəsi mütləq lazım olur. Bu xəstələrdə yenə də ikitərəfli götürülməsi məsləhətdir. 

Əməliyyat necə aparılır?

Boyun nahiyəsində 4-5 sm-lik kəsikdən aparılan bir əməliyyatdır. Təxmini 1 saat çəkir. 1 gün xəstxanada qalır xəstə və eyni gün ayağa qalxır, yeməyini yeyir. Səhərsi gün də evə yaza bilirik. 

Burada əməliyyatda əsas diqqət etdiyimiz şey daha əvvəl də dediyim kimi, vəzinin tamamilə götürülməsidir. Yəni, əgər tam götürülməsə də, bir pay belə götürüləcəksə, o pay tamamilə götürülməlidir. Yəni “total tiroidektemiya” olunmasıdır. 

Çünki əgər tamamilə götürülməsə və gələcəkdə o paydakı toxuma, qalmış toxuma təkrarlayarsa, əməliyyatdakı bəzi risklər ki var, səs tellərinə gedən sinirlərin zədələnmə riski və paratiroid və ya qalxanabənzər ətraf vəzi dediyimiz vəzlərin zədələnmə riski 2-ci əməliyyatda qat-qat daha çoxdur. 

Onun üçün mütləq, əməliyyat olunursa, bir pay da olunursa, iki pay da olunursa, o payların tamamilə götürülməsi çox önəmlidir.

Zob əməliyyatının riskləri nələrdir?

Əməliyyatın 2 əsas riski vardır.  

Bir, səs tellərinə gedən sinirin zədələnmə riski və qalxanabənzər ətraf vəzlərinin zədələnmə riski. Bunların da olma ehtimalı əməliyyatda haradasa 1 faizdir. Yəni 100 xəstədən birində ola bilər və sinir kəsilməyibsə, sadəcə zədələnmədirsə və ya qalxanabənzər ətraf vəzi tamamən çıxmayıbsa, sadəcə qanlanması pozulubsa, 99% hallarda 1 ay ərzində və ya (insandan-insana dəyişir) bəzən çox gec, 4-5 ay ərzində o problemlər zamanla düzəlir və sağalır. 

Zob əməliyyatından sonra nələrə diqqət etmək lazımdır?

Əməliyyatdan sonra xəstənin diqqət etməsi gərəkən şeylər, əgər vəz tamamilə çıxıbsa, ömür boyu hormonu qıraqdan almasıdır. Hər gün səhər acqarına dərman içməlidir və müəyyən aralıqlarla, ilk başda 2 ayda, sonra 6 ayda, sonra ildə 1 TSH dediyimiz hormonun izlənməsidir və onun dəyərinə görə dərman dozasını artırıb-azaltmasıdır. Onun üçün əməliyyat olunmuş xəstələr endokrinoloq nəzarətində olmalıdır. 

Bir pay götürülübsə belə, dərmana ehtiyac yoxdursa belə, gələcəkdə ehtiyac ola biləcəyi üçün onlar da ən azından ildə bir dəfə TSH analizi verməlidir. 

Əkmə nəticəsi xərçəng gələn xəstələrdə xərçəngin növündən və böyüklüyündən asılı olaraq bir də ona yod müalicəsi lazım ola bilir. Onların da mütləq endokrinoloq tərəfindən və ya nüvə təbabəti həkimi tərəfindən müalicəsi davam etdirilməlidir.

Op. Dr. Edgard Nurməmmədov, Ümumi Cərrah


4 comments

  • Ləman

    7 November 2022 at 20:31

    Salam həkim məndə qalxanvari vəzi də limfalar da çıxarılıb.
    Xəstəliyin təkrarlanma riski nə qədər ola bilər?

    Reply

    • Ege Hospital

      10 November 2022 at 13:10

      Salam. Müayinə etmək lazımdır.
      Uzman Dr. Edqard Nurməmmədov, Ümumi Cərrah

      Reply

  • Leyla

    12 August 2023 at 14:29

    Salam men ev seraitinde yataq xəstəsinə qalxanabenzer vezin muayinesini isteyirem nece ede bilerem?🙏

    Reply

    • Ege Hospital

      16 August 2023 at 12:29

      Salam.
      Bəli mümkündür.
      USM Üçün Dr Cavid Muradovla danışmalısınız.
      Tel: (055) 200 92 52

      Analiz üçün isə hansı analizlər olacaqsa adlarını qeyd edin və ünvan hara olacaqsa deyin, ambulans ilə vaxt təyin edilib gələ bilərlər.
      Amma öncədən analizlərin adlarını qeyd edin. Tel: 1117, (012) 599 1117, (050) 299 1117.

      Reply

Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!