SÜNNƏT – mübahisələr, suallar və cavablar
Sünnət bir tibbi məcburiyyətdir, yoxsa rutin bir ənənədir, yoxsa dini bir baxış açısından dəyərləndirilməlidir?
Dini bir topluluğun içində sünnət haqqında danışırıqsa, sünnətin təbii ki “sünnət” – adı üstündə, sünnət olduğunu qəbul edəcəyik.
Dini mənasının yanında rutin mənası da var. Yəni biz sünnəti etdiririk, çünki atam da sünnət etdirib, atamın atası da sünnət etdirib, bizim qohum-əqrabada hamı sünnət etdirib.
Elə bir mövzudur ki provokasiyaya gətirə bilərsiniz cəmiyyəti və yaxud da həkimi, tibb işçisini…
Mən sünnətin mübahisəli yönlərinin yanında daha çox edilməməsi gərəkən şeylər haqqında danışacam.
Yəni sünnət evdə edilməlidirmi məsəl üçün.
Sünnət yerli keyitmə ilə edilməlidirmi yoxsa ümumi anesteziya altındamı edilməlidir?
Sünnət hansı yaşda edilməlidir, hansı yaşda edilməməlidir?
Sünnət hansı yaşda edilməlidir?
Sünnətin ideal yaşı hələ bildirilməmişdir.
Məsəl üçün, “Sünnət 6-7 yaşında edilməlidir”, “Sünnət 2 yaşın altında, yəni 2 yaşdan balaca ikən edilməlidir”… Sərt bir qanun gətirə bilmərik. Çünki sünnət 3, 4, 5 yaşda da edilən uşaqlar, etdirən ailələrimiz var.
Siz məndən soruşsanız ki, sünnəti bəs hansı yaşda edilməsi daha məsləhətdir? Hansı yaşda edilərsə uşağımız zərər görə bilər?
Tibbi prizmadan baxsaq, bizim əsas ideyamız “zərər verməmək”dir. Yəni, uşağa zərər verməmək, xəstəyə zərər verməmək…
Hansı yaşda sünnət etdirməməliyik?
2 yaşdan sonra, 3, 4, 5 yaş uyğun deyil. Bu yaşlar uşağın “fallik dönəmi” dediyimiz bir dönəmdir ki, öz psixi və cinsi kimliyinin fərqində olduğu zamandır və biz belə bir zamanda uşağa tibbi zorunlu olmayan bir sünnət edərsək, bu uşaqda qalıcı travmalara səbəb ola bilər. Biz ona görə də ən çox təklif etdiyimiz yaş ailələrə 2 yaşın altında 3 ayın üstündə, bir də 6-7 yaşlardır.
Niyə 3 ayadək körpələr sünnət edilmir?
Etmirik deməyək yenə, yəni kəskin bir şey deyil, təklif etmirik ailələrə. Çünki yeni doğulmuş uşağa tibbi bir göstəriş olmadığı müddətcə hər şeydən qaçınırıq biz. Tibbi göstəriş olmadığı zaman adi bir iynədən, adi bir dərmandan yəni hətta ana südündən başqa, sudan belə yeni doğulana verilməsini məsləhət görmürük. Yəni 6 aya qədər su verilmir deyirik, amma eyni zamanda sünnət elətdiririk bu uşağa.
Yəni mübahisəli mövzular çoxdur amma bəlli olan şeylər var, onlar da sünnətin 3, 4, 5 yaş aralarında edilməməsi və sünnətin qətiyyən, amma qətiyyən evdə edilməməsi və bir həkim tərəfindən edilməsi. Bunlar qanundur, qaydadır.
Evdə sünnət edilə bilərmi?
Sünnət də sağlam bir uşağın bizə müraciətindən sonra, ailənin müraciətindən sonra, heç bir xəstəliyi olmayan bir uşağın üzərində ediləcək əməliyyatdır. Yəni bu “əməliyyatdır” deyirəm, çünki doğurdan əməliyyatdır, Sünnət bir əməliyyatdır. Bunu mən, əminliklə, deyə bilərəm sizə.
Sünnət evdə ediləcək kiçik bir prosedur deyil. Sünnət əməliyyatxana şərtlərində, xəstəxanada edilməsi və cərrah tərəfindən edilməsi gərəkən bir əməliyyatdır.
Çünki sünnətin ağırlaşmaları, bəzən uşağın evdə bəsit bir yerli keyləşdirici inyeksiyasından sonra Anafilaktik şoka girdiyi zaman evdə müdaxilə edə biləcəyimiz avadanlığımız yoxdur. Ona görə deyirik ki, sünnət xəstəxana şəraitində əməliyyatxanada olmalıdır.
Biz daha çox Türkiyədə bunu görürdük, sünnətçi tərəfindən toplu sünnətlər edilərdi, bələdiyyənin təşkil etdiyi. 100-200 bir gündə, bir adamın və yaxud da bir neçə sünnətçinin etdiyi sünnətlər. O günün axşamı bizə qanamalı və yaxud da komplikasya dediyimiz ağırlaşmaları olan onlarca xəstə gələrdi.
Sünnətin əməliyyatxana şərtlərində, xəstəxanada, bir cərrah tərəfindən edilməsi şərtdir! Bu bizim verəcəyimiz mesajın ən önəmli abzasıdır.
Sünnət ümumi narkoz altında, yoxsa yerli keyitmə ilə edilməlidir?
Amma xəstəxana şəraitində yerli keyitməyəmi üstünlük verərsiniz yoxsa ümumi keyitmə? Yəni “Narkozlamı edərsiniz?” xalq arasında deyildiyi kimi, “Anesteziya iləmi edərsiniz?”
Burada yorumlar, baxış açıları çox çox fərqlidir. Məsəl üçün, bir cərrah desə ki, “Mən yerli keyitmə ilə sünnət etmirəm”, buna hörmətlə yanaşmaq lazımdır. Ümumi keyitmə ilə narkozla uşağa daha az zərər vurulacağını düşünürsə, hörmət edilməsi gərəkən fikirdir.
Amma mənim öz fikrim: Cərrahın da özünü çox rahat hiss etməsi çox vacibdir əməliyyatda. yəni “Anesteziya altında, ümumi narkozda sünnət edirəm” desə bir cərrah, buna da hörmət göstərmək lazımdır. Çünki hər uşaqda yerli keyitmə eyni effekt verməyə bilir.
Sünnət nə zaman edilməməlidir?
Sünnət penis anomaliyası olan uşaqlarda, yəni “peyğəmbər sünnəti” deyə yayqındır el arasında, “hipospadias”lı uşaqlarda və “penis əyriliyi” olan uşaqlarda və “gömülmüş penis” deyirik biz, “buried penis” dediyimiz bu anomaliyalı uşaqlarda bəzi yaşlara qədər edilmir.
Sünnət əməliyyatxanada hipospadiasın əməliyyatı zamanı və yaxud da “lateral cordee”nin – penis anomaliyası olan xəstəliyin düzəldilməsi zamanı, korreksiyası zamanı eyni əməliyyatda edilməlidir. Çünkü sünnət dərisi o əməliyyatlar üçün vacibdir.
“Lazerlə sünnət” daha yaxşıdır?
Sünnət xəstəxana şərtlərində bir cərrah tərəfindən, ənənəvi alətlər vasitəsilə edilir.
Yəni xalq arasında yayqın olan “lazer sünnəti” deyə bir termin yoxdur. Bipolyar koter dediyimiz alət vasitəsi ilə edirik əməliyyatı.
Təcili sünnət varmı?
Təcili sünnət eləmişik. Təcili sünnətə göstəriş olan xəstəlik “parafimozis”dir.
Bəzən nənələr sünnət qabağı uşaqların sünnət dərisini geri çəkərək onları sünnətə hazırlayırlar. Bu çox yayılmış bir ənənədir. Etməmələri lazımdır, çünki sünnət dərisini geri çəkərkən sünnət dərisinə və penis başına zərər vururlar, bu da “fimozis” dediyimiz xəstəliyə səbəb olur. Bəzən geri çəkib buraxmadığı zaman sünnət başının, yəni penisin qanqreninə səbəb olan “parafimozis”ə belə səbəb ola bilərlər. Ona görə, “Təcili sünnət varmı” deyə soruşduqda bunun cavabı: “Vardır”.
Op.Dr. Nicat Vəliyev, Uşaq cərrahı
5 comments
ahmedli
23 August 2022 at 12:27
Salam oğlum 4 aylıqdır.2 ayında həkim dedi təcili sünnət lazimdir.cərraha sünnət elətdirdik.ama indi kənarının dərisi üstünə doğru gəlib örtür üstünü.hər həkim bir soz deyir.mənə məsləhət verə bilərsiz
Ege Hospital
24 August 2022 at 15:57
Salam. Təəssüf ki, bu sünnət sonrası görülən, istənməyən hallardan biridir. Əlbəttə, gördükdən sonra nəsə demək doğru olar.
Uzman Dr. Nicat Vəliyev, Uşaq Cərrahı
Leyla
26 December 2022 at 18:46
Salam menim oglumun 2 yawi teze tamam olub cinsiyyet orqani cox wiwib.Amma sunnet olunmayib.ne meslehet gorerdiz?
Ege Hospital
27 December 2022 at 16:13
Salam. Uşaq cərrahının müayinəsini məsləhət görərdim.
Uzman Dr. Nicat Vəliyev, Uşaq Cərrahı
Gülşən
25 May 2023 at 15:17
Salam. Mənim oğlum 6 ayı tamam olmağına 3 gün qalmış sünnət olundu. Və heç bir keyitmə olmadan. Bu doğrudurmu? Mən güclü stress keçirtdim uşağımın qışqırıq səslərindən