1 yas 6 ayliq usagin yuxu rejimi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

usaqlarda-yuxu-problemleri-1200x675.jpeg

17 August 2022 Pediatriya0

Yuxu bir-birini əvəz edən döngülər şəklində gedən fizioloji bir prosesdir. Yeni doğulan dövründən ta insan həyatını başa vurduğu dövrə qədər bu döngülər davam edir. 

Sadəcə uşaqlar arasında fərq nədir? Bu döngülərin müddəti. Məsələn, yeni doğulan bir körpədə yuxu döngüsi 50 dəqiqədən bir təkrarlanırsa, daha böyük, məktəbli bir uşaqda bu 90 dəqiqəyə, məktəbin sonlarına yaxın olan yeniyetməlik periodunda 110 dəqiqəyə qədər uzanır və bu döngülər bir-birini əvəz edir.

Həssas valideynlər özləri uşağı oyadır

“Həkim nəyə görə qonşunun uşağı axşam yatır səhərə qədər, heç oyanmır. Amma mənim uşağım dəqiqə başı oyanır”. 

Burada yuxu döngüləri vacib rol oynayır. Onlara izah edirəm ki, yəni bu yuxu döngüləri arasında uşaqlar oyanır. Yəni bu hər yaşda belədir. Çox qısa bir oyaqlıq halı olur. Amma həssas valideynlər diqqət edirlər uşağı oyandığı anda. Birbaşa uşağın yatağına yaxınlaşıb onunla göz təması qurmağa çalışırlar. Sanki o yuxuya getməyəçəkmiş kimi ya qucaqlarına alırlar, ya bir “pış-pış” edirlər o qısa periodda və uşaq oyanır. Amma halbuki heç yaxınlaşmasalar, uşağı sərbəst buraxsalar, uşaq öz-özünə yuxusuna davam edəcək və bir yuxu döngüsi başqa bir yuxu döngüsi ilə əvəz olunacaq. Bu bir… 

Gecə qidalanması

Yenidoğulan periodda uşaq qidalanmağa möhtacdır. Daha sıx aralıqlarla qidalanır və onun yuxu rejimi qidalanma rejimi ilə birbaşa əlaqəlidir. Ona görə bəlli bir dövrə qədər, haradasa bu üçüncü, dördüncü aya uyğun gəlir, yuxu rejimi yaratmaq bir az çətindir. 

Nəyə görə? 

Çünki ilk 3-4 ayda uşaqlarda qaz problemləri, ön plandadır, qidalanma problemləri ön plandadır, ana ilə uşaq arasında adaptasiya problemləri var və buna görə yuxu döngüləri tam olaraq oturuşmuş deyil. Amma bu problemlər hamısı getdikdən sonra uşaq artıq rahat, yaxşı qidalanan bir uşaqdır. Hər bir valideyn, əgər istəmirsə ki, gələcəkdə uşağında yuxu pozğunluğu olsun, tam da o dövrdən başlayaraq yuxu rutini yaratmalıdır.

Bu necə olacaq? Məsələn, deyək ki, yenidoğulan periodunda bir uşağın 20 saat yuxuya ehtiyacı varsa, böyüdükcə, ətrafa marağı artdıqca bu müddət getdikcə azalır. Məsələn, 18 saata enir, 16 saata enir və altıncı ayına gəlirik… Artıq uşağın ətrafa marağı artıb, artıq iməkləməyə başlayıb, hərəkətləri artıb və eyni zamanda gecə qidalanma ehtiyacı azalıb. 

Hətta altıncı ayından etibarən sağlam böyüyən bir uşağın gecə qidalanmasına ehtiyacı yoxdur. Gecə qidalanmayan uşaq da gecə fasiləsiz olaraq yatacaq, gündüz daha gümrah, daha sağlam bir şəkildə oyanacaq. Eyni zamanda bu valideyn üçün də keçərlidir. Gündüz yuxuları da uyğun bir şəkildə davam edəcək.

50% 6 aylığında, 90% uşaqlarda isə 1 yaşından sonra gecə qidalanmasına ehtiyac duymur.

Bu ana südü ilə qidalanan uşaqlarda bir az daha fərqli ola bilər. Çünki ana südü tez həzm olunan bir qida olduğuna görə uşaq gecə bəlkə süni qida ilə qidalanan uşaqlara görə daha tez aca bilər. Amma bu da araşdırmalarla göstərilib ki, ana südü əmən uşağın yuxuya getmə müddəti daha qısadır. Bir yaşına qədər ana südü ilə qidalanan uşaqlarda gecə qidalanmalarına icazə verilir.

Gecə yuxusu və gündüz yuxusu

Məsələn deyək ki, 6-7 aylıq bir uşağın 3 gündüz yuxusuna ehtiyacı var, 8-ci ayda gündüz yuxusu artıq 2-yə düşməlidir. Ondan sonra 18-ci ayında artıq 1 gündüz yuxusu onun üçün yetərlidir. 3 yaşına qədər mütləq bir şəkildə uşaqların 1 gündüz yuxusuna ehtiyacı var. 

Burada yuxunun müddəti uzunluğu çox önəmli deyil. Türklərdə “şekerleme” yuxusu deyirlər. Yəni qısa müddətli, 30 dəqiqəlik bir yuxu alması belə onun vücudunun dincəlməsi üçün yetərlidir.

Neçə gündüz yuxusunun olduğunu bilmək valideyn üçün önəmlidir. Çünki bəzən lazımından daha çox uşaqları yatızdırmağa çalışırlar ki, bu da onlarda inadkarlığa, yuxu rəddinə səbəb olur. 

Məsələn: 3 gündüz yuxusu yatan bir uşağın ən son gündüz yuxusu saat 5-də tamamlanmalıdır. Deyək ki, hər hansı bir səbəbdən qonaq gəldi, bir yerə gedildi və yaxud da uşaq xəstədi, bir şey oldu. Axşam saat 5-də uşaq yata bilmədi, yatırda bilmədi valideyn onu. Yatırdmaq üçün saat 6-da, 7-də çalışmamalıdır. Onu buraxmalıdır ki, gecə yuxusuna qədər olan müddətdə uşaq yorulsun və əgər yatarsa o zaman gecə yuxusuna təsir edəcək və zamanından daha gec yatmaq məcburiyyətində qalacaq. Bu da çox önəmlidir.

Yuxu rutini

Uşaq yuxuya hazırlaşarkən o valideyni tərəfindən hazırlanmalıdır. Necə? Sadəcə, yəni bu düşüncə şəklində deyil, söz olaraq da, “Artıq yuxu saatımız yaxınlaşır,” “Artıq yatmağa hazırlaşırıq” şəklində uşağa bir mesaj verilməlidir. Ondan sonra otağın hazırlığı… Bu gündüz yuxusuna da aiddir. Gecə yoxusunda, məsələn parlaq bir işıqdırsa, yuxuya getmədə çətinlik çəkəcək uşaq.

Ondan sonra otağın havası dəyişdirilmiş olmalıdır. 

Otağın temperaturu… Biz isti sevən millətik bir az. Yuxu problemi olan ailələrə çox vaxt sual verirəm ki:

– Otağınızda termometr varmı?

– Var.

– Neçə dərəcə olur?

– 30 dərəcə!

30 dərəcədə uşağın yuxuya getməsi əlbəttə ki çətinləşəcək. Maksimum 23-24 dərəcə… Təbii ki bu yay və qış aylarında bir dərəcə o tərəf, bu tərəf dəyişə bilər. Buna diqqət etmək çox vacibdir.

Yataq otağı səssiz olmalıdır.  

Bir də siqnallar var uşaqlarda. Yəni hər bir uşaq fərdidir və valideyni, bir ana, ata uşağını daha yaxşı tanıyır hər kəsdən və o siqnalları daha yaxşı bilir… Məsələn bəzi uşaqlar gözlərini ovuşdurmağa başlayır. Bəzi uşaqlar əsnəməyə başlayır… Məsələn, deyirlər ki, “Heç bir zaman ikinci əsnəməyi gözləməyin”. Bir dəfə uşaq əsnədisə artıq onun yuxu siqnalı gəlmişdir. Valideyn bunu diqqətə almalıdır və artıq yuxu üçün hazırlıqlarına başlamalıdır.

Məsələn, qısa bir yuxu rutini verməli olsaq… 

Deyək ki, uşaq əsnədi. Valideyn artıq onu sözlə söylədi. Bundan sonra uşağı aparacaq vanna otağına məsələn, duş aldıracaq. Amma hər uşaqda duş yuxu gətirici deyil. Bəzilərini də daha da oyandıra bilər. Yenə də bunu valideyn baxaraq tənzimləməlidir. Duş aldırdı, dişləni fırçalatdı, yataq paltarını, pijamalarını geyindirdi məsələn. Uşaq da öz-özlüyündə düşünür, şüur altına artıq yerləşir ki, yavaş-yavaş “Artıq mən yatmağa hazırlaşıram”, artıq rahatlayır və yataq otağının yolunu tutmağa başlayınr.

Uzman Dr.İnarə Eldarova – Pediatr




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!