embrion dondurulmasi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

suni-mayalanma-prosesi.jpeg

19 November 2021 Ginekologiya53

Bu gün sizə xəstələrin ən çox maraqlandığı mövzulardan biri olan: “Süni mayalanma”, “Süni mayalanmanın mərhələləri” haqqında məlumat vermək istəyirəm.

Süni mayalanma qərarı verdiyimiz xəstələrdə ilk öncə “Süni mayalanmaya hazırlıq” mərhələsindən başlayırıq. Çox zaman bu mərhələ xəstələr tərəfindən və yaxud həkimlər tərəfindən atlana bilir. Amma bu çox vacib bir mərhələdir. Bu nədir? 

Süni mayalanmaya hazırlıq mərhələsi

Xəstələrin əksəriyyətinin altda yatan hər hansı bir xəstəliyi ola bilər. Xüsusilə, sonsuzluq şikayəti ilə müraciət edən xəstələr irəli yaş qrupunda olarsa və yaxud “polikistik yumurtalıq sindromu” olan hallarda altda yatan hər hansı xəstəlikləri ola bilər. Mütləq bu zaman bir daxili xəstəliklər həkimi ilə məsləhətləşmək lazımdır. Xəstəliyinə görə qəbul etdiyi dərmanlar varsa, onlar mütləq şəkildə nizamlanmalıdır. Əgər hamiləliyə əks göstərişdirsə, o dərmanlar başqa dərmanlarla əvəz olunmalıdır.

Və yaxud əgər xəstənin həyat yoldaşının zərərli vərdişləri varsa… Nə ola bilər? Siqaret istifadə edirsə və yaxud alkoqol istifadə edirsə, hansı ki, bunlar spermanın keyfiyyətinə təsir edir, bu vərdişləri da tərgitməyi məsləhət görülür.

Yumurtalıqların stimulyasiyası mərhələsi

Deyək ki, artıq biz süni mayalanma qərarı vermişik, bu zaman cütlüyümüz aybaşının ilk 3 günü ərzində mərkəzimizə baş vurur, biz bu zaman müəyyən hormonal preparatları təyin edirik xanıma. Bu preparatlar iynə və ya həb şəklində ola bilər. Biz, əsasən, iynə şəklində olan hormonal preparatlardan istifadə edirik.

Məqsədimiz nədir? Məqsədimiz bu iynələr vasitəsilə yumurtalıqların stimulyasiyası, yəni yumurtalıqların oyadılmasıdır ki, bu zaman biz bizə lazım olan qədər optimal sayda yumurta əldə etməyə çalışırıq.

Bizim burada əsas məqsədimiz mümkün olduğu qədər artıq yumurta əldə etməkdir. Eyni siklusda bunu xəstəyə transfer etməsək belə, artıq qalan hissəsini donduraraq digər aylarda istifadə edə bilirik.

Follikulometriya mərhələsi

Aybaşının 3-cü günü hormon analizlərinə baxılaraq xəstəyə uyğun dozada və uyğun protokolla yumurtalıqların stimulyasiyasına başlayırıq. Bundan sonrakı mərhələdə xanım xəstə 2-3 gün aralıqlarla follikulometriya üçün – yəni yumurtalıqlarda yumurtaların böyüməsini müşahidə etmək üçün həkiminə müraciət edir.

Burada əsas vacib olan nüanslardan biri həkim tərəfindən təyin edilən hormonal iynənin vaxtında və düzgün dozada xəstə tərəfindən tətbiq edilməsidir. 

2-3 gün aralıqlarla biz yumurta təqib edərək yumurtalıqların stimulyasiyasını müşahidə edirik və təxminən 8-10 gün çəkən stimulyasiyadan sonra yumurta toplama proseduru həyata keçirilir.

Yumurta çatlatma və yumurta toplama mərhələsi

Yumurta toplama proseduru nədir?

Bu zaman prosedurdan 36 saat öncə “yumurta çatlatma iynəsi” dediyimiz iynə təyin edilir. Bu iynəni verməkdə məqsədimiz yumurtanı çatlatmaq deyil, yumurtaları yetişdirməkdir. Təxminən iynədən 34-36 saat sonra xanım və həyat yoldaşı, ikisi bərabər süni mayalanma mərkəzimizə müraciət edir.

Yumurta toplama günü xəstə ac olmalıdır. Təxminən 15-20 dəqiqə çəkən bir prosedurdur. Ümumi vena daxili anesteziya altında icra edilir. Tamamən ağrısızdır. Prosedurdan təxminən 2 saat sonra xəstə evə göndərilir və həmin gün ərzində istirahət məsləhət görülür.

Yumurta toplama proseduru, demək, transvaginal ultrasəs altında həyata keçirilir. Bu zaman xüsusi iynə vasitəsilə yumurtalıqlardakı follikul mayesi çəkilir və embrioloq tərəfindən həmin mayede olan oositlər, yəni yumurta hüceyrələri ayırd edilir.

Yumurtaların laboratoriyada mayalandırılması

O gün ərzində əldə etdiyimiz yumurta sayısı embrioloq tərəfindən həm bizə, həm də xəstəyə yumurtanın sayı haqqında məlumat verilir. Xəstənin həyat yoldaşı da həmin gün sperm analizi verir və bu zaman embrioloq tərəfindən yumurta hüceyrə ilə sperm laborator mühitində mayalandırılır. 

Prosesdən keçmiş oositlər “inkubator deyilən” – bir növü süni ana bətni kimi bir cihazdır, inkubatora yerləşdirilir və sonrakı günlərdə həmin inkubatordan prosesdən keçmiş yumurta hüceyrələrə baxılaraq, neçəsinin döllənib döllənmədiyi haqqında biz məlumat əldə etmiş oluruq.

Döllənmiş yumurta – embrion transferi mərhələsi

Bizim üçün vacib olan 5-ci gün embrionunu transfer etməkdir. 

Nəyə görə biz 5-ci gün embrion transferinə üstünlük veririk? Çünki daha sağlam, daha keyfiyyətli embrionlar 5-ci günə çatır, nisbətən zəif, yəni genetik strukturunda problem olan embrionlar 2-ci və 3-cü gün öz inkişaflarını saxlayıb 5-ci günə çata bilmir.

Ehtiyac varsa, embrionlar dondurulur

Biz xəstələrimizə 5-ci gün və yaxud da 3-cü gün transferini, ya həmən ay, yəni eyni siklusda və yaxud sonrakı aylarda həyata keçirə bilərik. Bunun qərarını necə veririk? Bunun qərarını vermədən öncə biz bəzi parametrlərə diqqət edirik. Yəni əgər deyək ki, xəstə polikistik yumurtalıq sindromu olan xəstədirsə, biz artıq miqdarda yumurta toplamışıqsa və bu zaman xəstənin həyatı üçün təhlükə yarada biləcək asit varsa və yaxud da ki, hər hansı bir başqa əks göstəriş varsa, biz bu zaman həmin ay xanımı dinləndiririk, əlimizdə olan embrionları dondururuq, sonrakı aylarda sadəcə olaraq ağızdan tablet verilərək uşaqlığın divarının endometriumu hazırlayaraq, dondurulmuş embrionlarımızın donunu açaraq o şəkildə transferimizi həyata keçiririk.

Hamiləliyi gözləmə

Embrion transferindən sonra xəstələrə, progesteron dəstəyi mütləq şəkildə verilməlidir, yəni verilir. Bu zaman xəstələr, xüsusilə, bu dərmanların qəbuluna həkimin uyğun gördüyü şəkildə riayət etməlidirlər. Bu çox önəmli bir haldır. 

Transferdən 10 gün sonra qandan hamiləlik testi yoxlanılır. Əgər süni mayalanma uğurlu bir şəkildə sonlanmışdırsa, bu zaman 10 gün sonra baxdığımız hamiləlik pozitiv çıxacaqdır.

Uzman Dr. Aynurə Həmidova, Cərrah mama-ginekoloq

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!