emgeyin döyünmesi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

neyrocerrahiyye_ile_bagli_suallara_cavablar.jpeg

12 July 2021 Neyrocərrahiyyə0

“Disk yırtığının böyük olması əməliyyata göstərişdirmi?”

Disk yırtığının böyük olması əməliyyata göstəriş sayılmır. Belə ki, əməliyyata göstərişi biz xəstəni müayinə edərək və xəstənin müayinəsi əsasında hər hansı qüvvəsizliyi, uyuşma və ya keyiməsi varsa və ya dərman müalicəsinə baxmayaraq keçməyən şiddətli ağrıları varsa, o zaman əməliyyat məsləhət görürük. 

Dolayısıyla, disk yırtığının ölçüsü əməliyyata göstəriş deyil. Çünki bizim xəstəmiz var ki, əməliyyat olunur bu xəstələr, amma disk yırtıqlarının ölçüsü çox da böyük deyil. Burada disk yırtığından daha çox sinirin sıxıb-sıxmama dərəcəsi önəmlidir ki, biz də bunu müayinə əsasında aşkarlayırıq.

“Yırtıq əməliyyatında sinirə toxunularsa, sinir zədələnə bilərmi?”

Disk yırtığı əməliyyatlarında əməliyyatın gedişi əsnasında biz sinirin sıxıldığı, yəni disk yırtığının sıxıldığı siniri aşkarlayırıq, bu mikroskop altında olur və bu siniri biz qoruyaraq, kənara çəkərək, onun önündəki disk yırtığını təmizləyirik. 

Dolayısıyla disk yırtığı əməliyyatlarında mütləq şəkildə o sinirə biz təmas edirik, sinirə toxunuruq və bu, əməliyyatın müəyyən bir parçasıdır. Bundan qorxmağa gərək yoxdur, yəni sinirə toxunmaqla sinir zədələnməz.

Bir sinirin zədələnməsi üçün ya ciddi şəkildə əzmək lazımdır və ya onu yerindən qopartmaq lazımdır ki, bu da təcrübəli əllərdə mümkün deyil. 

“Yırtıq əməliyyatından sonra uzun müddət yataqda qalmaq lazımdırmı?”

Müasir dövrdə disk yırtığı əməliyyatları qısa çəkdiyinə görə və mikroskop altında kiçik bir kəsikdən olunduğuna görə xəstəyə ciddi bir travma vermirik. Dolayısıyla, xəstənin uzun müddət yataqda qalmağına ehtiyac qalmır. 

Biz öz xəstələrimizi əməliyyatdan bir gün sonra, səhər tezdən ayağa qaldıraraq gəzdiririk və 2-ci gün artıq evə yazırıq. Və xəstənin öz evlərində də qalxıb gəzirlər, istədikləri hər vaxt oturub yeməklərini də yeyirlər. 1 həftə-10 gün ərzində günün bir qismin də yataqda keçirirlər. Amma burada mütləq yataq rejimi deyilən bir şey yoxdur. Dediyim kimi, xəstələr qalxıb gəzə bilirlər. 

“Yırtıq əməliyyatından sonra bir neçə ay işləmək olmaz?”

Yırtıq əməliyyatlarından sonra, təxminən 20-25 gün sonra xəstələr tamamilə sağalırlar və normal iş fəaliyyətlərinə qayıda bilirlər. Bir neçə ay fasilə verməyə ehtiyac yoxdur. Bu xəstələr iş yükündən asılı olaraq mərhələli-mərhələli 20 gündən sonra öz işlərinə qayıda bilirlər.

“Körpənin əmgəyində döyünmə varsa, bu qorxuludurmu?”

Bildiyimiz kimi, əmgəklər körpələrdə doğuşdan sonra olur və getdikcə, 1,5-2 yaş civarında isə artıq bağlanırlar. 

Əmgəklər bizim kəllə sümüklərimizin olmadığı yerlərdir, adacıqlardır ki, orada sümük olmur və beyin birbaşa dəriyə təmas edir. Əmgəyin hiss olunaraq döyünməsi normal fizioloji haldır, bundan qorxmağa ehtiyac yoxdur. Belə ki, ürək hər dəfə nəbzvari döyündükcə beyinə külli miqdarda qan qovur və bunun nəticəsində beyində də nəbzvari dalğalanmalar əmələ gəlir. Bu da sümük olmadığına görə əmgəkdə döyünmə şəklində – ürək döyüntüsü şəklində hiss olunur ki, bu, tamamilə, fizioloji haldır, normaldır bu. 

Tam əksinə, əmgəyin qabarıq olması, çox sərt olması və ya həddən artıq çökək olması, bu, müxtəlif növ xəstəliklərin göstəricisidir.

“Hidrosefaliya əməliyyatlarında əməliyyat seçimi valideynin istəyi ilə olurmu?”

Hidrosefaliya xəstəliyi zamanı 2 cür əməliyyatdan istifadə olunur. Bu, şuntlama əməliyyatı və endoskopik əməliyyatdır. 

Əməliyyat seçimi, təəssüf ki, nə həkimin, nə valideynin istəyinə bağlı deyil. Əməliyyat seçimi sırf xəstənin MRT-si nəticəsində, MRT-dəki görüntüyə əsasən verilir və MRT-dəki görüntüdə əgər xəstəni endoskopik əməliyyata uyğun olduğunu göstərirsə, o zaman biz xəstəyə endoskopik əməliyyat şansını veririk. 

Dolayısıyla, buradakı seçim valideynlərin istəyinə bağlı deyil.

“Şuntlama əməliyyatından sonra uşaqlarda fəsadlar əmələ gəlirmi?”

Bizə çox verilən suallardan biri də budur. Şuntlama əməliyyatlarından sonra uşaqlarda fəsadlar, bəzi qüsurlar qalır deyə. Amma bu belə deyil. Çünki biz şuntlama əməliyyatını hidrosefaliyası olan uşaqlara edirik.

Hidrosefaliya özü ciddi bir xəstəlikdir və özünün fəsadları olan bir xəstəlikdir. Müalicə olunmadığı halda uşaqlarda ciddi qüsurlara və hətta ölümə səbəb ola bilir. 

Dolayısıyla, biz şuntlama ilə bu xəstələrdə var olan fəsadları minimuma endiririk və sonrakı fəsadların da qarşısını almış oluruq. Dolayısıyla, bu xəstələri biz həyatda saxlamış oluruq. 

Həyatda qalan xəstələrdə də müəyyən fəsadlar yaşla bağlı, uşaqlar böyüdükcə üzə çıxır deyə bu, insanlarda fərqli bir fikir formalaşdırır ki, guya şunta bağlı fəsadlar əmələ gəlir. 

Amma bu fəsadlar şunta bağlı deyil, konkret olaraq xəstəliyin verdiyi fəsadlara bağlıdır ki, yəni buna görə də biz öz xəstələrimizə, xəstələrimizin valideynlərinə hər zaman izah edirik ki, bunu: “Şuntdan qorxmaq yox, bu xəstəliyin verdiyi fəsadlar olduğuna görə tam əksinə, şunt əməliyyatı bu xəstələrdə ola biləcək fəsadları minimuma endirərək, sonrakı fəsadların da qarşısını almış olur”.

“Hidrosefaliyası olan uşağın başı çox böyükdürsə, əməliyyatdan sonra baş kiçilirmi?”

Hidrosefaliyası olan uşaqlar əməliyyatdan sonra bir miqdar da olsa, 1-2 sm də olsa, baş çevrəsi kiçilə bilir. Əməliyyat etməkdəki məqsədimiz uşağın başını kiçiltmək yox, böyüyən başın böyüməsinin qarşısını almaqdır və başın böyüməsini sabitləşdirməkdir. 

Dolayısıyla, başda bir miqdar kiçilmə olsa da, məqsəd burada başın kiçilməsi yox, böyüməsinin qarşısını almaqdır. 

“Uzunmüddətdir başağrısı və qusmalarım var. Məndə beyin şişi ola bilərmi?”

Əksər hallarda uzunmüddətli başağrıları və qusmalar varsa, bunların altında yatan hər hansı bir beyin şişi olmur və bu xəstələri tomoqrafiya və MRT etdikdə də hər hansı bir problem çıxmır.

Uzunmüddətli baş ağrısı və yanaşı qusma ola bilər xəstələrdə. Bunlar xroniki başağrısı sindromlarına xas olan bir şeydir. Dolayısıyla, hər başı ağrıyan insan öz-özündə qorxaraq “Məndə beyin şişi var” deyə panikaya düşməməlidir.

Beyin şişinə bağlı başağrılar, adətən, insanda əvvəllər vərdiş etmədiyi fərqli bir başağrılarının ortaya çıxması, bu başağrılarının dərmanlara cavab verməməsi və günü-gündən, get-gedə artması, baş ağrısı ilə yanaşı qusma, əldə, ayaqda uyuşma, keyimə kimi, yerişin pozulması və fərqli əlamətlərin üzə çıxması şəklində özünü büruzə verir. 

Dolayısıyla, uzunmüddətli sırf başağrısı varsa və xəstə, onsuz da, nevroloji xəstədir, müalicə olunursa, hər hansı bir beyin şişindən söhbət gedə bilməz.

“Beyin şişlərini əməliyyat etmək təhlükəlidirmi?”

Beyin şişlərinin müalicəsində ən effektiv üsul cərrahi əməliyyat hesab olunur. Dolayısıyla, istər xoşxassəli, istərsə də bədxassəli beyin şişi olsun, onların tam müalicə olunması üçün əməliyyat olunması mütləqdir. 

Çox nadir halda biz beyin şişi olan xəstələrə əməliyyat məsləhət görmürük. Bu da çox yayılmış beyin şişidirsə, beyin şişi beynin çox önəmli mərkəzlərini tutursa, o zaman əməliyyat məsləhət görmürük. Xəstəni şüa və ya kimyəvi müalicəyə yönləndiririk. 

Amma əksər hallarda yerləşməsindən, ölçüsündən, xarakterlərindən asılı olmayaraq bütün beyin şişlərinə əməliyyat məsləhət görürük və əməliyyat qorxulu bir şey deyil, bütün dünyada qəbul olunmuş bir tendensiya var ki, “Beyin şişi varsa, mütləq əməliyyat olunmalıdır.” 

Mümkünsə tam, mümkün deyilsə, hissəvi çıxarılaraq… Əgər hissəvi də çıxarılarsa, ehtiyac halında xəstəyə şüa və ya kimyəvi müalicə tətbiq olunur.

Uzman Dr. Ruslan Yunusov, Neyrocərrah

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!