hamilelik teqibi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

hamilelik_diabeti-1200x675.jpeg

25 August 2022 Ginekologiya0

Bəzən hamilələrdən şəkər testi istərkən onlar çox təəccüb edir ki: “Doktor, mənim ailəmdə şəkər yoxdur, risk qrupunda deyiləm.” Amma bəzən hamiləlikdə şəkər ortaya çıxa bilər və bunun çox ciddi fəsadları ola bilər. 

Bunlar nə kimi problemlərdir?

Hamiləliyin ilk yarısında olan şəkər problemləri fərqli fəsadlara yol aça bilər. 2-ci trimestrdan sonra olan hamiləlik diabeti daha fərqlidir. 

Pregestasionar diabet

İlk hamilə qaldıqda, ilk trimestrində, hamiləliyin 3 aylığında mütləq şəkildə hamilələrdə aclıq şəkərini yoxlayırıq. Bu nəyi göstərir? Hamiləlikdən əvvəl olan bir diabet hadisəsi varmı, diabet halı varmı? 

Əgər kontrolsuz bir şəkər varsa, buna biz pregestasionar diabet deyirik, yəni hamiləlikdən öncə olan bir diabet. O zaman bunun hamiləlikdə ciddi bir fəsadları ola bilər, uşaqda müəyyən qüsurlara yol aça bilər və bunun da artıq aşkarlananda çox gec ola bilər. Uşaqda ürək qüsurları ola bilər, beyin qüsurları ola bilər. 

Amma əgər bir diabet halı varsa, hamiləliyin təyin anından düzgün kontrolla hamiləlik sağlam şəkildə irəliləyə bilər. 

Gestasionar diabet

Bizi maraqlandıran mövzulardan biri də hamiləliyin 25-28-ci həftəsində olan hamiləlik diabetidir. Hamiləlik diabetinin diaqnozunu biz bu həftədə “qlükoza tolerans testləri” ilə qoyuruq: 50 qram, 75 qram və 100 qram testlər olaraq bilinir. 

Biz nəyə görə qərar veririk, hansı testi seçək? 

Hamilələri risk qrupuna görə ayrırıq. 

Əgər hamilənin ailəsində şəkər xəstəsi varsa, anamnezində daha öncə ölü doğum hadisəsi varsa, qadın çox kiloludursa, daha əvvəl 4 kiloluq və daha artıq uşaq dünyaya gətiribsə, hal-hazırki ultrasəs müayinəsində uşağın ölçüləri böyükdürsə, çox sululuğu varsa, bu kimi risk qrupunda olan hamilələr və yaş qrupu. Xüsusilə 35 yaşın üzərində diabet riski artır. 

Bu hamilələrə biz xüsusilə, 75 qram diaqnoz testini mütləq istəyirik. 

Amma aşağı risk qrupu olan xəstələr olur ki, arıqdır, gənc yaşdadır, ailədə şəkər anamnezi yoxdur, ultrasəs müayinəsində hər hansı bir problem yoxdur. O zaman bunları 50 qram skrininq testi olaraq da edilə bilər. 

Bu testlərin nəticəsi çox önəmlidir. 

Əgər hamiləlik diabeti təsdiqlənərsə, “gestasionar diabet” deyirik, mütləq şəkildə ciddi kontrol edilməlidir və əgər yüksək şəkərlər varsa mütləq endokrinoloqa yönəldirik onları. 

Hamiləlikdə istər dietoloqla, ya da hamilənin özü dietlər edərək, pəhriz saxlayaraq şəkəri kontrolda saxlayır. Əgər kontrolsuz şəkildə yüksək şəkər varsa, o zaman ehtiyac duyularsa endokrinoloq nəzarəti ilə insulin müalicəsinə də başlana bilir. 

Uzm.Dr.İlhamə Eldarova, Cərrah mama-ginekoloq


hamilelik-zamani-hekim-muayinesinin-vaxti.jpeg

28 June 2021 Ginekologiya0

Ümumiyyətlə, aybaşı gecikməsindən sonra, adətən, evdə sidikdə test edirlər qadınlar. Test müsbət çıxdıqda ginekoloqa müraciət edirlər. 

Hamiləlikdə ilkin müayinə

Biz ən az aybaşıdan 1 həftə gecikmə varsa, mütləq ginekoloji müayinə məsləhət görürük. Çünki ultrasəs müayinəsində döl kisəsinin uşaqlıqda olduğuna əmin olmağımız lazımdır. Amma əgər gec müraciətlər olursa, bəzən anormal hamiləliklər, uşaqlıqdankənar hamiləliklər və s. baş verə bilər. 

Vaxtında diaqnoz qoyub, düzgün müalicə etmək üçün erkən müayinə məsləhətdir. 

Hamiləlik zamanı fol turşusunun əhəmiyyəti

Hamilə qadının artıq hamiləliyi təsdiq olunduqdan sonra mütləq fol turşusu qəbuluna başlayırıq. Hamiləlik planlanırsa, 3 ay öncədən başlanaraq fol turşusunun təyini məsləhət görülür. Fol turşusu sağlam bir hamiləlik üçün tövsiyə edilən bir qida əlavəsidir və hamiləliyin ilk 3 ayına (12 həftəsinə) qədər fol turşusu (gündə 400 mcg) davam etmək məsləhət görülür. 

Hamiləliyin 6-cı həftə müayinəsi

Artıq hamiləlik təyin edildi, döl kisəsini ultrasəs müayinəsində izlədik, növbəti müayinəni hamiləliyin 6-cı həftəsində məsləhət görürük. 

Ümumiyyətlə, döl kisəsinin izlənilməsini 4-5-ci həftələrdə ultrasəs müayinəsində görürük.

5-ci həftədən “yolk sac” dediyimiz, kisə içərisində “yolk sac” izləyirik. 

Artıq 6-cı həftədən dölün ürək döyüntüsünü izləyirik. Ürək döyüntüsü üçün 6-cı həftəsində müayinəyə çağırırıq. 

Hamiləlik zamanı verilən analizlər

Ürək döyüntüsü izləndikdən sonra hamiləlikdə bəzi laborator analizlər var, onları mütləq istəmək lazımdır.

  • Bəzi infeksion analizləri, 
  • zob təhlilinin olması, 
  • aclıq şəkəri, 
  • qanın, sidiyin ümumi analizi, 
  • sidiyin əkilməsi və s. 

analizlər vardır ki, bunlar mütləq hamiləlikdə verilməsi gərəkli olan testlərdir. 

Əgər hər hansı bir proses varsa – infeksion xəstəlik olsun, zob olsun, şəkər olsun, vaxtında kontrol altına alınmasa, hamiləlikdə bir çox fəsadlar ola bilər. O səbəbdən, biz bu analizləri mütləq şəkildə istəyirik. Ondan sonra hamiləliyin növbəti təqibini 11-14-cü həftə arasında izləyirik. 

Hamiləliyin 11-14-cü həftə müayinəsi

11-14-cü həftə arasında ikili test dediyimiz daun sindromu skrininq testi var. Bizim üçün çox önəmli testdir. Bunu bütün hamilələrdə etmək istəyirik. 

Çünki bu həftələrdə erkən aşkarlanan bir çox anomaliyalar, döldə qüsurlar var ki, zamanında aşkarlanarsa, hamiləlik vaxtında sonlanar. Özəlliklə, daun sindromu – “13-18-ci xromosom trisomiyalar” anomaliyaları var ki, onlar vaxtında aşkarlanıb, hamiləlik sonlandırıla bilir. Daha sonrakı həftələrə bəzi patologiyalar daşınmasın deyə çox önəmlidir. 

Hamiləliyin 18-23-cü həftə müayinəsi

Növbəti vacib müayinəmiz, xüsusilə, 18-23-cü həftə arasında doppler müayinəsidir. Çox suallar gəlir. Doppler zərərlidirmi? Doppler müayinəsi başqa müayinədirmi? Doppler dölün detallı ultrasəs müayinəsidir. Dölün bütün orqanlarının detallı şəkildə yoxlanılmasıdır və bu erkən trimestrdə aşkarlanmayan anomaliyaların 2-ci trimestrində diaqnozu üçün çox önəmli bir testdir. 

37-ci həftəyədək aylıq müayinələr

Hamiləliyin növbəti kontrol müayinələrini aylıq həkim təqibləri ilə mütləq izləyirik. Niyə aylıq müayinə vacibdir? Çünki sonrakı həftələrdə erkən doğum təhlükəsi ola bilər, azsulluq ola bilər, çoxsulluq ola bilər, 2-ci trimestrin sonlarında gizli diabet aşkarlana bilər… Bunların diaqnozu üçün mütləq hamilələrin aylıq müayinələr şəklində təqibə gəlmələri vacibdir. 37-ci həftəyə qədər bu şəkildə izləyirik. 

37-ci həftədən etibarən həftəlik müayinələr

37-ci həftəsindən sonra isə hamiləliyin həftəlik təqibi çox önəmlidir. Çünki artıq doğuma yaxın bir çox hamiləliklərdə narahatlıqlar – hamilədə azsulluq ola bilər, çoxsulluq ola bilər, suyun erkən gəlməsi, vaxtından əvvəl doğuş və s. problemlər… 

Özəlliklə, 34-ci həftədən sonra bu patologiyaları aşkarlamaq üçün daha yaxın təqiblər tövsiyə olunur. 37-ci həftədən sonra bu həftəlik kontrollar şəklində izlənilir. 

40-cı həftədən sonra 3 gündə 1 müayinələr

40-cı həftədən sonra isə biz 3 gündən 1 hamiləni kontrollara çağırırıq. İstər ultrasəs müayinəsi, istər doppler müayinəsi olsun, istər KTQ dediyimiz dölün ürək döyüntülərinin izlənməsi, sancıların izlənməsi, “nostress” test də deyirik biz buna… Mütləq bu müayinəni həftəlik, 40-cı həftədən sonra isə 3 gündən bir edirik. 

41-ci həftə – süni induksiya ilə doğuşu başlatmaq

41-ci həftəyə qədər hələ də doğum əgər başlamayıbsa, o zaman artıq süni induksiya ilə doğumun icrasına başlayırıq. Çünki bu həftədən sonra çox fəsadlar yarana bilər, dölün ana bətnində ölümünə qədər gedə bilər. 

Ona görə də hamiləliyin təqibi həkim müşahidəsi altında sıx nəzarətdə olmalıdır. Yəni hamilələr hər an sürprizlə qarşılaşa bilərlər. Amma düzgün kontrollarla hamiləlik tamamilə fizioloji, sağlam bir şəkildə davam edə bilər. 

Fizioloji hamiləliklərdə təqib bu şəkildə olsa belə, riskli hamiləliklərdə bəzən həftəlik, hətta 2 həftədən bir müayinələr ola bilər. Bu, əlbəttə, hamiləyə görə ginekoloqun verdiyi qərardan asılıdır.

Uzman Dr. İlhamə Eldarova, Cərrah mama-ginekoloq

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!