Bəzən hamilələrdən şəkər testi istərkən onlar çox təəccüb edir ki: “Doktor, mənim ailəmdə şəkər yoxdur, risk qrupunda deyiləm.” Amma bəzən hamiləlikdə şəkər ortaya çıxa bilər və bunun çox ciddi fəsadları ola bilər.
Bunlar nə kimi problemlərdir?
Hamiləliyin ilk yarısında olan şəkər problemləri fərqli fəsadlara yol aça bilər. 2-ci trimestrdan sonra olan hamiləlik diabeti daha fərqlidir.
Pregestasionar diabet
İlk hamilə qaldıqda, ilk trimestrində, hamiləliyin 3 aylığında mütləq şəkildə hamilələrdə aclıq şəkərini yoxlayırıq. Bu nəyi göstərir? Hamiləlikdən əvvəl olan bir diabet hadisəsi varmı, diabet halı varmı?
Əgər kontrolsuz bir şəkər varsa, buna biz pregestasionar diabet deyirik, yəni hamiləlikdən öncə olan bir diabet. O zaman bunun hamiləlikdə ciddi bir fəsadları ola bilər, uşaqda müəyyən qüsurlara yol aça bilər və bunun da artıq aşkarlananda çox gec ola bilər. Uşaqda ürək qüsurları ola bilər, beyin qüsurları ola bilər.
Amma əgər bir diabet halı varsa, hamiləliyin təyin anından düzgün kontrolla hamiləlik sağlam şəkildə irəliləyə bilər.
Gestasionar diabet
Bizi maraqlandıran mövzulardan biri də hamiləliyin 25-28-ci həftəsində olan hamiləlik diabetidir. Hamiləlik diabetinin diaqnozunu biz bu həftədə “qlükoza tolerans testləri” ilə qoyuruq: 50 qram, 75 qram və 100 qram testlər olaraq bilinir.
Biz nəyə görə qərar veririk, hansı testi seçək?
Hamilələri risk qrupuna görə ayrırıq.
Əgər hamilənin ailəsində şəkər xəstəsi varsa, anamnezində daha öncə ölü doğum hadisəsi varsa, qadın çox kiloludursa, daha əvvəl 4 kiloluq və daha artıq uşaq dünyaya gətiribsə, hal-hazırki ultrasəs müayinəsində uşağın ölçüləri böyükdürsə, çox sululuğu varsa, bu kimi risk qrupunda olan hamilələr və yaş qrupu. Xüsusilə 35 yaşın üzərində diabet riski artır.
Bu hamilələrə biz xüsusilə, 75 qram diaqnoz testini mütləq istəyirik.
Amma aşağı risk qrupu olan xəstələr olur ki, arıqdır, gənc yaşdadır, ailədə şəkər anamnezi yoxdur, ultrasəs müayinəsində hər hansı bir problem yoxdur. O zaman bunları 50 qram skrininq testi olaraq da edilə bilər.
Bu testlərin nəticəsi çox önəmlidir.
Əgər hamiləlik diabeti təsdiqlənərsə, “gestasionar diabet” deyirik, mütləq şəkildə ciddi kontrol edilməlidir və əgər yüksək şəkərlər varsa mütləq endokrinoloqa yönəldirik onları.
Hamiləlikdə istər dietoloqla, ya da hamilənin özü dietlər edərək, pəhriz saxlayaraq şəkəri kontrolda saxlayır. Əgər kontrolsuz şəkildə yüksək şəkər varsa, o zaman ehtiyac duyularsa endokrinoloq nəzarəti ilə insulin müalicəsinə də başlana bilir.
Uzm.Dr.İlhamə Eldarova, Cərrah mama-ginekoloq