hemilelikde qan gelmesi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

hamile_qadindan_qan_gelmesi.jpeg

19 April 2021 Ginekologiya0

Hamiləliyin 40 həftəlik dönəmində heç bir vaginal qanaxma olmamalıdır. Əgər qanaxma varsa, bunlar nə tipdə olurlar və bunlarla necə mübarizə aparırlar? Mən onun haqqında bəzi məlumatları vermək istəyirəm.

Hamiləlik bilirik ki, 40 həftə davam edir və onu şərti olaraq 3 yerə bölürlər: Birinci Trimestr, İkinci Trimestr və Üçüncü Trimestr.

Birinci Trimestr hamiləliyin əvvəlindən 12-14-cü həftəyə qədər, İkinci Trimestr 12-14-cü həftədən 28-ci həftəyə qədər, Üçüncü Trimestr isə 28-ci həftədən ta doğuşa qədər, yəni 40-cı həftəyə qədər davam edir.

Hər dövrün qanaxmaları başqa cür olur. 

Birinci Trimestrdə qanaxmalar

Birinci Trimestr hamiləliyin əvvəlində təqribən 4-5-ci həftədə bir balaca qəhvəyi rəngdə qanaxma ola bilər. Buna hətta “Hamiləliyin uşaqlığa yerləşməsi” də deyirlər. O bəzən müalicəsiz də keçib gedir. 2-3 gün açıq qəhvəyi rəngdə ifrazat olur. Bundan qorxmaq lazım deyil.

Lakin əgər qanaxma artarsa, möhkəm ağrılar olarsa, qanın intensivliyi çox olarsa, onda əlbəttə, bu, açılışa, düşüyə gətirib çıxarda bilər. Ona görə mütləq müalicə olunmalıdır. Müalicəsi də, həkimlər bilirlər, hormonal spazmolitik və ağrı kəsənlərlə olur.

Bundan başqa Birinci Trimestrdə olan digər qanaxma növü də vardır ki, bu, ilişkidən sonra olan qanaxmadır. Əgər cütlük 3-4 gün müddətində fasilə verərsə, ondan sonra qanaxma olmayacaq. O, kiçik travmadan olan azacıq qanaxmalar ola bilir.

İkinci Trimestrdə qanaxmalar

İkinci Trimestr qanaxmaları necə olur və onların səbəbləri nədir?

İkinci Trimestr qanaxmaları 12-14-cü həftədən sonra 28-ci həftəyə qədər olan qanaxmalardır. Buna birinci səbəb uşaqlıq boynu çatmamazlığı, yəni servikal çatışmamazlıqdır.

Bu vaxt müayinə necə aparılır?

Transvaginal ultrasəslə uşaqlıq boynu uzunluğu ölçülür, əgər o 25 millimetrdən azdırsa, onda uşaqlıq boynu tikilir. Ona həkimlər serkulyaj deyirlər. Uşaqlıq boynu kiset şəklində tikilir, daraldırılır ki, gələcəkdə açılma davam eləməsin və hamiləliyin təqribən 36-cı həftəsində o çıxarılır ki, rahat doğuşa gedilsin. Yəni bu İkinci Trimestrdə olan qanaxmanın qarşısını almaq üçün, davam eləməmək üçün bu üsula əl atırlar.

İkinci Trimestrdə olan digər qanaxma səbəblərindən biri də plasentanın uşaqlıq boyuna yaxın yerləşməsidir. Bu, özü də az-az qanaxmalar verə bilər. Ona görə əgər sizdə hər hansı bir problem varsa mütləq səbəbi nədir, onu müəyyən etmək üçün həkimə getmək lazımdır.

Bundan başqa İkinci Trimestrdə olan qanaxmalara həm də hamiləlikdən asılı olmayan problemlər də səbəb ola bilər. Məsələn, əvvəldən mioma varsa, əgər eroziyası olubsa qadının və yaxud əgər uşaqlıq boynunda polip varsa, bu da hamiləlikdən səbəb olmayan, amma yenə də qanaxma verə bilər.

Üçüncü Trimestrdə qanaxmalar

Üçüncü Trimestr qanaxmalarına nə aiddir?

Buna aiddir birinci növbədə erkən doğuş. Əgər doğuş başlayırsa, uşaqlıq boynu açıldığı üçün az qanaxma verə bilər. Ona görə həkimlər onları stasionara alırlar, doğuşu sakitləşdirən dərmanlara başlayırlar, spazmolitiklər verirlər. Elə eləyirlər ki, erkən doğuş başlamasın. Çünki uşaq ana bətnində vaxtına qədər – 40-cı həftəyə qədər, nə qədər qalsa, o qədər uşağın xeyrinədir.

Bundan başqa səbəb ola bilər, yenə də plasentanın aşağıda yerləşməsi və yaxud da ki, “plasenta previa” deyirlər, plasentanın uşaqlıq boynunun tam üzərində yerləşməsidir. Bu vaxt “profuz qanaxma” başlaya bilər və həkimlər istəyəcəklər hamiləliyi saxlamağı. Əgər mümkün olmasa, kesəriyyə əməliyyatına gedib uşağı və ananı azad etmək lazımdır ki, qanaxmadan nə uşağa, nə də ki, anaya zərər olmasın.

Ona görə mənim hamilələrə tövsiyəm odur ki, onlarda hər hansı bir narahatlıq olarsa, qan görərlərsə, bir az qanaxma başlayarsa, panikaya düşməsinlər, mütləq həkimə müraciət etsinlər və qanaxmanın hansı növüdür həkim təyin edib, onların müalicəsini başa çatdıracaq və sağlam uşaq doğuşu ilə nəticələnəcək.

Dr. Sevinc Mehtiyeva, Ginekoloq

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!