Prostat vəzisi sidik kisəsinin alt qismində yerləşən, içərisindən sidik kanalı keçən, şabalıd formasında olub, çəkisi təxminən 15- 20 qram olan bir orqandır.
Prostat vəzisi həm sidik ifrazat sistemi orqanıdır, həm də cinsiyyət sistemi orqanıdır.
Prostat vəzinin əsas görülən üç xəstəliyi haqqında məlumat verəcəyəm. Bunlar prostatit, yəni prostat iltihabı, prostatın xoşxassəli böyüməsi və prostat xərçəngidir. Prostat xəstəlikləri, ümumiyyətlə, bənzər simptomlar sərgiləməkdədir. Bu şikayətlər, yəni simptomlara əsas tez-tez sidiyə getmə, sidiyə çıxarkən yandırma, göynəmə, sidiyə çıxdıqdan sonra sidik kisəsini tam boşalda bilməmək hissi, sidik axımının zəifləməsi, təzyiqdə düşmə, gecələr sidiyə çıxma, qasıq və aralıq bölgəsində olan ağrılar və s. şikayətlər aiddir.
Prostatit
Prostatit prostat vəzi toxumasının iltihabıdır. İnfeksion və qeyri-infeksion səbəblərə bağlı olur. Kəskin və xronik forması vardır. Gənclərdə görülən prostatitlər daha çox cinsi yolla ötürülən infeksiyalara bağlı yaranır. Yarımçıq müalicə olunan və heç müalicə olunmayan prostatit ciddi problemlərə gətirib çıxarda bilər. Prostatit hər yaş qrupundakı kişilərdə görülə bilər.
Prostatın xoşxassəli böyüməsi
İkinci xəstəlik isə prostatın xoşxassəli böyüməsidir. Bu da prostat xərçəngi kimi daha çox yaşlı kişilərdə görülür. Yəni 40-45 yaşından sonra görülən xəstəliklərdir. Yenə də prostat xəstəliklərində olduğu kimi, bənzər şikayətlər sərgiləməkdədir. Prostatın xoşxassəli böyüməsini prostat xərçəngdən ayırd etmək üçün qanda PSA analizinə baxılır və barmaqla prostat müayinəsi olunur. Əgər PSA analizində yüksəlmə görülərsə və ya prostat müayinəsində şübhəli əlamətlər varsa, o zaman prostat biopsiyası almaq mütləqdir.
Prostat xərçəngi
Prostatın üçüncü və ən ciddi xəstəliyi olan prostat xərçəngi isə yenə də prostatın xoşxassəliyi böyüməsi kimi daha çox irəli yaşlar, yəni 40-45 yaşından sonra görülür. Digər iki xəstəlikdən fərqli olaraq ilkin mərhələlərdə çox az şikayət, simptom verməkdədir. Ona görə də prostat xərçəngində erkən diaqnoz önəmlidir. Yəni 50 yaşından sonra bütün kişilərdə mütləq şəkildə qanda PSA analizi baxılmalıdır. Əgər xəstə risk qrupundadırsa, 40-45 yaşından sonra PSA analizinə baxılmalıdır.
Prostat xərçəngində erkən diaqnoz önəmlidir və erkən ortaya çıxan prostat xərçəngində müalicənin effektivliyi daha yüksək olur.
Uzman Dr.Fərid Mikayılov, Uroloq-androloq