psixotrop dermanlar / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

psixiatrik-dermanlar-asililiq-yaradirmi-1200x675.jpeg

10 August 2022 Psixiatriya0

Bu problem əslində həm psixiatrları, həm də psixiatrlara xəstə yönləndirən digər ixtisaslı həkimləri narahat eləyən məsələdir. Çünki təkcə dərmanların verilməsinin izah olunması bizim bir 10-15 dəqiqəmizi alır.

Problem nədən ibarətdir? Xəstələrin çox vaxt beyninə gələn və maneələr yaradan məsələlər nələrdir?

Ən birincisi: “Dərmanlar məni dəli edərmi?”

İkincisi: “Dərmanlar məndə asılılıq yaradarmı?”

Üçüncüsü və dördüncüsü: “Böyrəyimə, qaraciyərimə və ya hər hansısa bir orqanıma uzunmüddətli istifadə zamanı bir ziyan gələrmi?”

Əlbəttə, beşinci və bizim xalq üçün ən əsas olanlardan biri: “Qohum-əqrəba, qonşular bilsə, mənə nə deyər? Mənə dəli deyər, onların arasında damğalanarammı?”

Psixiatrik dərman içsəm, dəli olarammı?

Məsələlərin birincisinə gəlsək, yəni “Mən dəli olarammı?”

Psixiatrik dərmanların əsas qruplarını götürdüyümüz zaman antidepressant və neyroleptiklər təşkil edir ki, bu bizim dərman qruplarımızın haradasa 95 faizini təşkil edir. Az-çox ola bilər. Praktikada istifadə olunan dərmanlar isə, əksəriyyəti bu dərmanlardan təşkil olunmuş olur. Digərləri daha çox köməkçi dərmanlar kimi istifadə olunur.

Bu dərmanların heç birinin xəstədə “dəlilik yaratma” ehtimalı yoxdur. Birincisi, xəstələr dərmanı qəbul edərkən bu mövzuda, əlbəttə, yenə həkimlərinə sual verə bilər. Amma öncədən də məlumatlı ola bilər ki, bu tipdə bir maneə yoxdur və bu heç bir problem yaratmayacaq sonradan. 

Yəni hətta elmi olaraq desək, 99,9% siz psixiatrik dərman atdığınız zaman dəli olmazsınız.

Bunun ən çox yaranma səbəbi nədən ibarətdir, bu mifin? 

Psixiatrik dərmanlar qəbul olunan zaman, xüsusilə, antidepressantlar ilk bir 1 həftə, 10 gün, 15 gün “antidepressantların yan təsiri” dediyimiz bir müddət var: başağrı, başgicəllənmə, ürək bulanma, ürəkdöyünmə, həyacanda artma, qorxuda artma, özünü key kimi hiss eləmək, yuxulu olmaq, yuxusuz olmaq… Siyahını daha da uzatmaq olar, əlbəttə. Və bu məqamlar yaranan kimi xəstə deyir: “Artıq mənə nə isə olur. Məndə bir dəyişiklik başlayır, mən dəli olmağa başlayıram” və s. Bu sadəcə dərmana uyğunlaşma dövrüdür.

İdmana uzun müddət getməyib, təkrar gedən adam ilk öncə bədən ağrılarından əziyyət çəkir, amma sonra nəticə almağa başlayır, bununla müqayisə edərək özünüzə təsəlli verə bilərsiniz, əslində. Onsuz da, dərmanların təsiri 1 həftə-10 gündən sonra yavaş-yavaş başlayar. Və dərmanların altda yatan başqa bir xəstəlik olmadığı müddətcə dəlilik yaratma ehtimalı yoxdur. Ona görə ürək rahatlığı ilə bunu istifadə edə bilərsiniz.

Psixiatrik dərmanlar asılılıq yaradarmı?

İkinci məsələyə gəldiyimiz zaman “Asılılıq yaradarmı?”

Əlbəttə, psixiatriya praktikasında istifadə olunan dərmanlar içərisində asılılıq yaradan qruplar var. Bu bizim daha çox benzodiazepin dediyimiz dərman qruplarıdır. Bu dərmanlar, onsuz da, həkim nəzarətində verilir və dərmanların verilməsi əksərən 2 aydan artıq çəkmir. Amma az öncə də dedim kimi bizim əsas istifadə etdiyimiz antidepressantlar, neyroleptiklər… Bu qrup dərmanlar heç bir asılılıq yaratmır.

Bu sualın bəs meydana gəlməsinə səbəb nədir?

Xəstələr deyirlər ki: “Mən dərmanı atıram yaxşı oluram, dərmanı atmıram pis oluram.” Əslində burada qüsurlu dövran ondan ibarətdir ki, onsuz da, dərmanı atmağımızın səbəbi sizin pis olmağınızdır. Dərmanı atmasanız, əlbəttə ki, pis olacaqsınız. Yəni təzyiq xəstələri ilə müqayisə etsək, təzyiq xəstələri dərmanı davamlı şəkildə atmadıqları zaman onların təzyiqləri davamlı şəkildə, onsuz da, yüksək olur. Bu o demək deyil ki, onlar narkotik bir şəkildə dərmandan asılıdırlar. Bu dərmandan asılılıq, sadəcə xəstəliyin gətirdiyi fəsadların qarşısını almaq üçün və ya xəstəliyin yenidən geri qayıtma riskini minimuma endirmək üçün görülən tədbirdir. Və dərmanların minimal atılma müddəti 6 aydır. Əksərən belə olur, əlbəttə.

Nəyə görə belədir?

Çünki tutaq ki, xəstələr dərmanı atdı. 1 aydan, 2 aydan sonra hər şey yaxşı, hər şey əla. Amma xəstə dedi ki: “Hər şey əladır, mən dərmanı kəsirəm.” Məsələ burada ondan ibarət olur ki, siz artıq orada dərmanı kəsəndən sonra problemin geri qayıtma riski daha da artır. Ona görə profilaktik olaraq minimal 6 aylıq bir müalicə müddəti var və 6 aydan daha tez kəsdiklərinə görə xəstəlik əlamətləri yenidən qayıdır və xəstə artıq fikirləşir ki, “Məndə artıq dərmana qarşı bir asılılıq yaranıb. Ona görə mən dərman atmasam, yaxşı olmuram.”

Bunların heç birinin olmaması üçün profilaktik müddətlərin hamısı nəzərə alınmaqla minimal 6 aylıq, əlbəttə, xəstəlikdən xəstəliyə dəyişir… Dərmanların atılmasına davamlı nəzarət etmək və dərmanların kəsilməsinə birdən-birə kəsmək yox, mütəmadi şəkildə kəsilməsinə riayət olunmalıdır ki, bu, onsuz da, həkim nəzarətində olur. Yəni bir həkimə gedirsinizsə, ona mütləq şəkildə inanmağınız lazımdır.

Psixiatrik dərmanlar mədəmə, qaraciyərimə, böyrəyimə ziyan verərmi?

Üçüncü və dördüncü məsələlər nədən ibarətdir? Qaraciyərimə, böyrəyimə və ya hər hansısa bir orqanıma, yaxud daha çox mədəmə ziyan verərmi?

Psixiatrik dərmanlar, ümumiyyətlə, istehsal olunarkən minimal müalicə müddəti 6 aydan hesablandığına görə, xüsusilə, antidepressantlar və neyroleptiklər nəzərdə tutulur, qaraciyər, böyrək və ya mədə kimi orqanlara xüsusi ziyan verməməsi nəzərdə tutulur. Uzun müddət atılması tam əksinə… Tutaq ki, mədə xorasının meydana gəlmə səbəblərindən biri stress faktorudur. Yəni stress faktoru nəticəsində mədə turşuluğu artır, selik ifrazı azalır və buna görə mədə divarı zədələnməyə, selikli qişası zədələnməyə başlayır və orada xora, eroziya və sairə… bu tip vəziyyətlər meydana gəlir. Tam əksinə antidepressant atıldığı zaman xaricdən gələn, ətraf mühitdən gələn stress faktorlara qarşı, bədənin dözümlülüyü artdığına görə bu tipdə stress faktorlara bağlı meydana çıxan hipertoniya, şəkər xəstəliyi və yaxud mədə xorası kimi xəstəliklərin profilaktikası və ya ortaya çıxacaqsa da, daha gec ortaya çıxmasına səbəb olur. Tam əksinə yəni bu dediyimiz kimi burada daha faydalıdır.

Bəs hansısa dərmanlar varmı ki, hansı ki, biz bunları qaraciyərimizə, böyrəyimizə və s. ziyan vura bilər?

Əlbəttə, bunlar var. Onsuz da, bunlar verilərkən həkim bunlardan davamlı şəkildə qaraciyər yoxlanması üçün və böyrək yoxlanması üçün analizlər istəyir.

Amma maraqlı məqam da ondan ibarətdir ki, misal üçün, 30 ildir spirtli içki içən bir adamdır. Adam psixiatr, dərman yazanda: “Bu mənim qaraciyərimə ziyan vurarmı?” deyə bir narahatçılığı olur. Və yaxud adam hər gün duzlu yemək yeyir, hər gün ədviyyatlı yemək yeyir: “Bu dərman mənim böyrəyimə ziyan vurarmı?” deyə bir dərdi var. Yəni inanın ki, bu dərmanı 30 il müddətində artmaqla o xəstənin, pasiyentin bir il müddətində qidalanmasından daha az ziyan vurur, nəinki bu dərmanların bu qədər müddət atılması.

Psixiatrik dərman atsam, “qohum-əqraba” mənə dəli deyər?

Beşinci məsələyə gələriksə, beşinci məsələ nədən ibarətdir? “Qohum-əqrəba nə deyər? Qonşular nə deyər? Mən dəli kimi tanınaram” və s. olaram. Burada pasiyentə və pasiyent, yaxınlarına veriləcək ilk sual bundan ibarətdir: “Nəyə görə sənin xəstəliyin (ümumi şəxsli cümlə kimi işlədirəm) başqa insanlar tərəfindən bilinməlidir?” Yəni bu sənin şəxsi bir problemindir, depressiya ola bilər, panik atak ola bilər və s. ola bilər fərqi yoxdur, enurez ola bilər. Nəyə görə, məsəl üçün, sənin uşağında olan enurezi – yəni ki, sidikqaçırmanı hər hansısa bir qonşu bilməlidir? Yəni bu niyə digər insanlar tərəfindən türklərin ifadəsində demişkən “afişe olunmalıdır”.

Ona görə ilk öncə bu məqamlardan narahat olmaqdan əvvəl bu məqamların bölüşülməsi sizi narahat etməlidir. Əlbəttə, bu mövzuda nə qədər çox fərqindəlik artarsa, insanlar bir o qədər çox bu dərmanların atılmasının kənar insanlar tərəfindən yalnış anlaşılmasının qabağını da alacaq. Və ətrafımızdakı insanları bu mövzuda maarifləndirərək həm biz həkimlərə, həm də bu xəstəliklərdən əziyyət çəkən pasiyentlərə kömək olmuş –olarsınız.

Sual üçün təşəkkür edirəm. Aktual bir mövzu idi. İnşallah ki, hamı üçün faydalı danışa bildim.

Dr.Orxan İsgəndərli, Psixiatar




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!