Hamiləliyin öz başına 20 həftəyə qədər açılışla başa çatmasına düşük deyilir. Yəni hamiləlik inkişaf etmir, hamiləlik pozulur və düşük baş verir.
Bunlar adətən nədən olur, səbəbləri nədir?
Səbəbləri müxtəlifdir. Mütləq olaraq demək ki, bu səbəbdən baş verir, bu heç də düzgün deyil.
Ümumiyyətlə, alimlər nəyə görə 20-21 həftə götürürlər? Çünki o vaxta qədər dölün çəkisi 500 qramdan artıq olmur. Tədqiqat aparıb görüblər ki, 500 qramdan kiçik uşaqlar yaşamaq qabiliyyətinə malik deyillər. Ona görə 20 həftəyə qədər olan açılışları düşük adlandırırlar və klasifikasiya belə gedir. 500 qramdan kiçik uşaqlar yaşamaq qabiliyyətində deyillər, ona görə bunlar erkən doğuş yox, məxsusi olaraq düşük adlandırılır.
Tək-tək və təkrari düşüklər
Düşüklər özləri həm sporadik, yəni tək-tək olan düşüklər (ümumiyyətlə, 5 hamiləlikdən biri pozulur statistikaya görə), həm də adəti düşüklər olurlar. Əgər qadında 2 düşük baş veribsə, onda 3-cü düşüyün əmələ gəlmə ehtimalı 40%-dən yüksəkdir.
Ona görə tək-tək baş verən sporadik düşüklər, adətən, uşağın özündə xromosom çatışmazlığı ilə əlaqədardır.
Lakin təkrari düşüklər isə anada olan xəstəliklə əlaqədar olur. Burada mütləq həkimə müraciət edilməlidir, müəyyən olunmalıdır ki, anada hansı xəstəlik var ki, bu adəti düşüyə gətirib çıxarır. Adəti düşüyün qabağı mütləq alınmalıdır. Ona görə ki, 2-dən artıq, 3 düşüyü olan qadının gələcəkdə uşaq salma ehtimalı dəfələrlə artır.
Uşaqsalmanın səbəbləri
Ümumiyyətlə, insan bədənində bütün toxumaların hamısı sağlam deyil. Normal bədəndə toxumaların 10% patologiyalıdır. Ona görə spermanın da 10%-i patologiyalıdır, qadın orqanizmində olan, falekulun içində olan yumurtalarının da 10%-i xəstədir.
Əgər bu xəstə hüceyrələr görüşərsə, əlbəttə, uşağın yaşamaq qabiliyyəti olmur. Ona görə düşüklər normal kimi götürülə bilir. Sporadik düşüklər. Yəni bu uşaq xəstə doğulacaqdır. Təbii seçmə nəticəsində inkişafdan qalıb və bədən onu qovur ki, gələcəkdə xəstə uşaq doğulmasın.
6-8 həftəyə qədər olan düşüklərin 80%-i gen patalogiyasıdır. Lakin elə gen patalogiyaları var ki, uşaq sağlam qalır. Məsələn, Daun sindromu düşük vermir. Amma Edvard sindromu düşük verir. Patologiyanın hansı xromosomdan olmağından asılı olaraq düşüklər ola bilər, yaxud da ki, xəstə uşaq doğula bilər.
Bunun üçün də xəstələr mütləq yoxlanmalıdır. Bəzi analizlər, qan testləri verməlidir. Bunlara müxtəlif testlər aiddir, hansı ki, həkimə müraciət etdikdə, həkim pasiyentlərə məsləhət görür ki, gələcəkdə xəstə uşaqların doğulma faizi aşağı olsun.
Ona görə alimlər belə hesab edirlər ki, açılışların müxtəlif səbəbləri var.
Bunlardan birincisi xromosom və gen xəstəlikləridir. Yəni adətən 6-8 həftəyə qədər olan düşüklərin 80%-i xromosom və genlərdə olan patologiya nəticəsində baş verir.
İkinci səbəb, anatomik pozğunluq- ananın uşaqlığının iki buynuzlu olması, hipoplaziyası, yəni inkişafdan qalması hamiləliyin başa çatdırılmasına imkan vermir və ona görə düşük olur.
Üçüncü səbəb, müxtəlif infeksion xəstəliklər, ananın yüksək temperaturu, intaksikasiyası düşüklərə gətirib çıxara bilir.
Başqa səbəblərdən biri ananın hormonal pozğunluğudur. Adətən, progesteron hormonunun çatışmazlığı düşüklərə səbəb olur.
Bundan başqa anada olan xroniki xəstəliklər düşüklərə gətirib çıxarda bilər. Bunlar hansılardır? Şəkərli diabet, tireodda olan problemlər, həm hipotireoz, həm də hipertireoz, əlbəttə ki, müalicə olunmamış. Müxtəlif qan laxtalandırıcı problemləri varsa, bunlar düşüklərə səbəb ola bilər.
Səbəblərdən biri də ananın əvvəllər abort olunması və yaxud da ki, uşaqlığın daxili qatının qaşınması da düşüklərə səbəb ola bilir.
Autoimmun xəstəliklər, ana ilə uşaq arasında rezus-konflikt və ağır travmalar düşüyə səbəb ola bilər.
Alimlər belə hesab edirlər ki, ilkin dövrdə olan düşüklərin əsas səbəbi gen və xromosomlarda olan xəstəliklərdir. Ona görə xaricdə, hətta 6-8 həftəyə qədər qadında düşük əlamətləri varsa, onu stasionarda yatırmırlar, müalicəsini yazıb evə göndərirlər ki, təbiət özü seçir. Hansı hamiləlik yaxşıdırsa o başa çatacaq, hansı hamiləlik başa çatmayacaqsa, o təbii seçmə nəticəsində başa çatmayacaq.
Daha böyük hamiləliklər, məsələn, 8-10 həftə arası hamiləliklər isə, adətən, başqa autoimmun xəstəliklərlə əlaqədar olan problemlər nəticəsində, yaxud da anada olan anatomik qüsurlar nəticəsində olur.
Düşük əlamətləri
Düşüyün əlamətləri nələrdir? Qadında olan qanaxmalar, qarının altında və beldə olan ağrılar düşüyün əlamətlərindən biridir. Bundan başqa qadın hiss edə bilər ki, onun əvvəlki ürəkbulanması, qusması birdən-birə kəsilir, çəkisi artmaq əvəzinə get-gedə çəkisini itirir.
Bunlar hamısı başlanmış düşüyün əlamətləridir.
Ona görə qadınlar özlərində narahatçılıq hiss edərlərsə, qanaxma, beldə, qarın altında ağrı hiss edərlərsə, mütləq həkimə getməlidirlər.
Həkim onu necə təyin edir? Birinci növbədə müayinə ilə, analiz toplamaqla, daha sonra USM ilə. Ultrasəs müayinəsində uşağın ürəyinin döyüntüsü görünmürsə, uşaq özünə lazım olan həftədə deyilsə, məsələn, hamiləlik hesablanır 12 həftə, lakin hamiləliyin müddəti ultrasəs müayinəsində 6-8 həftədirsə, deməli, bu uşaq 3-4 həftə bundan qabaq tələf olub və inkişafdan qalıb.
Ona görə hamilə olan qadınlar özlərinə diqqətli olmalıdırlar. Həkimlə əlaqəni heç vaxt kəsməməlidirlər, tez-tez müayinəyə getməlidirlər, həkim deyən bütün analizlərdən keçməlidirlər ki, onlarda hamiləlik düzgün, sağlam, uşaq doğulmaqla başa çatsın.