infakt / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

urek-xesteleri-koronani-agir-keciririr-1200x690.jpeg

26 April 2021 Kardiologiya0

Bir çox ürək-damar sistemi xəstəlikləri vardır ki, bunlarda bu virus infeksiyası daha ağır gedişli olur. Bunlara aiddir ürək çatışmazlığı, sianotik anadangəlmə ürək qüsurları, infarkt keçirmiş, stent implantasiya olunmuş və açıq ürək əməliyyatı dediyimiz “Aorta-koronar şuntlama” əməliyyatı icra olunmuş xəstələr.

Bəzən pasientlər soruşur ki, “Doktor, bu koronavirusa yoluxduqdan sonra miokard infarktı və yaxud da aritmiyalar olurmu, doğrudurmu?”

Bəli, doğrudur. Pandemiya başladığı dövrdən istər dünya, istərsə də öz ölkəmizdə tədqiqatlara əsaslanaraq qeyd etmək istəyirəm ki, virus infeksiyası dövründə və ya sağaldıqdan sonra miokard infaktı və aritmiyalar, yəni ritm pozuntuları müşahidə olunur. Digər infeksiyalarda olduğu kimi, eləcə də bu virus infeksiyasında orqanizmdə iltihabi dəyişikliklər baş verir. Bu itihabi dəyişikliklər ürəyi qidalandıran damarlarımızda və yaxud da digər damarlarımızda Aterosklerotik plak dediyimiz xolesterin düyünləri olur, onların rüptürü, yəni yırtılmasına səbəb olur. Bu da öz növbəsində bu hallara gətirib çıxardır. Ona görə də xüsusən, evdə müalicə alan xəstələr, əgər sinədə bir yanma, göynəmə, xüsusən də, sol qola, sol kürəyə verən yanma, göynəmələr və yaxud da sinədə çarpıntı, döyüntü, ritm yüksəlməsi kimi hallarda mütləq kardioloq baxışı və yaxud da xəstəxanalara müraciət etməlidirlər.

Bundan başqa şəkərli diabet və arterial hipertoniya, yəni yüksək qan təzyiqi olan xəstələr də risk qrupu altındadır. Və bu xəstələrə tövsiyə olunur ki, infeksiyaya yoluxmamışdan öncə istifadə elədikləri dərmanları əksiltmədən qəbul etməyə davam etməlidirlər.

Açıq ürək əməliyyatı icra olunmuş xəstələr istifadə elədiyi qan durulaşdırıcılarıdır, xolesterin əleyhinə olan dərmanlardır, əgər şəkərli diabeti varsa, təzyiqi varsa, dərmanlarına davam etməlidirlər.

Bu virusun ən xoşagəlməz ağırlaşmalarından biri ürəyin iltihabı xəstəliyi dediyimiz miokardid xəstəliyidir. Nəyə görə xoşa gəlməz deyirəm, çünki bu xəstələr daha ağır gedişli olur. Ona görə də bu xəstələri vaxtında aşkar etmək, diaqnozun erkən qoyulması və müalicəyə erkən dövrdə başlanması daha yüngül gedişli olur bu xəstələr üçün. Və bəzən bu xəstələrdə hətta ürək çatışmazlığına belə gətirib çıxardır.

Xəstəliyin digər ağır gedişli formalarında biri də tromb əmələ gəlməsidir. Və təəssüflər olsun ki, ölkəmizdə bir çox xəstələr həkim göstərişi olmadan qan durulaşdırıcı dediyimiz antiaqreqantlar və antikoaqulyantlar qəbul edirlər. Bu da yolverilməzdir. Çünki bu, əlavə olaraq qanaxma riskini artırır xəstələrdə.

Ümumiyyətlə, istər ürək damar sistemi xəstəsi olsun və ya olmasın xəstəliyə yoluxma riski hamı üçün eynidir. Ona görə də mənim tövsiyəm xəstələrə, ilk növbədə xəstə insanlardan uzaq olmaq, gigiyenik qaydalara ciddi əməl etmək, ictimai yerlərdə ara məsafəsi və xüsusən də maska istifadəsi mütləq vacibdir.

Dr.Şəmşir Vəliyev, İnvaziv Kardioloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!